525.Az

Cocuq Mərcanlının cocuqları - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikası

Cocuq Mərcanlının cocuqları - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

Ana vətənin qoynuna qaytarılmış Cocuq Mərcanlya getmək yazıçılarımızın böyük arzusu idi.

İllər boyu - atəşkəsdən qabaq da, sonra da -  dəfələrlə döyüş bölgələrində, hərbi hissələrdə olmuş, görüşlər keçirmişik. Yazıçılarımızın Müdafiə naziri Zakir Həsənovla çox məhsuldar və vacib görüşündən sonra  ordumuzla əlaqələrimiz daha da möhkəmləndi, yeni  vüsət aldı. Birgə tərtib etdiyimiz layihələr sırasında yazıçıların  Çocuq Mərcanlıya səfər etmək niyyəti də vardı. Oktyabr ayında bu arzumuz Yazıçılar Birliyinin təşəbbüsü və təşkilatçılığıyla həyata keçdi.

Cocuq Mərcanlı ərazisində ilk ziyarətgahımız Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin  şərəfinə ucaldılmış xatirə kompleksi oldu. Qarşısına çiçək  dəstələri  qoyduğumuz lövhələrdəki şəkillərə baxıram, adlarını, doğum yerlərini oxuyuram. Azərbaycanın müxtəlif bölgələrində həyata göz açıb şəhidlik zirvəsinə  müqəddəs Qarabağ torpağında ucalmış bu cavanların  doğum illərinə nəzər etdikcə adamın ürəyi parçalanır. Lap gənc idilər. Bütün həyatları,    təhsilləri, sevgiləri, əmək fəaliyyətləri, valideynlik sevincləri  qabaqda idi və bunların heç biri qismətləri olmayacaq. Ölüm hər yaşda ölümdür. Amma gənc yaşında dünyadan getmək ömrünün böyük  hissəsini özünlə aparmaqdır. Yenə də  şəhid şairimiz Ülvinin bütöv bir nəslin məramnaməsi kimi səslənən misralarını xatırlayıram:

Həyat üçün doğulmuşduq
Vətən üçün ölməliyik.

Cocuq Mərcanlıda tikilmiş səliqəli evlər, yaraşıqlı məktəb binası, Şuşadakı məscidin bir qədər kiçildilmiş memarlıq biçimi qəlbimizi iftixar hissiylə doldurur. Məscid minarələrindən ucalan azan - dinimizin  da haqq işimizə dəstək verməsi kimi səslənir. 

Kənd amansız düşmən hədəfində olanda da buranı tərk etməyən ailə başçısının əlini sıxıram, mətanəti, kişiliyi üçün təşəkkür edirəm ona.

Bu gün Lələtəpə zirvəsində üçrəngli bayrağımız vüqarla dalğalanır və bu kənd də, qurtulmuş torpaqlarımız da bu bayrağın təhlükəsizlik təminatı altında yaşayır.

İşıqlı dərs otaqlarını gəzirik, bəzi sinif otaqlarında dörd-beş şagird var. Uşaqların da, müəllimlərin də gözləri elə bir işıq saçır, elə bir sevgi, xoşgörü, mehribanlıq ifadə edir ki, düşünürəm: nə yaxşı ki, xalqımızın əsrlərdən gələn bir ənənəsiylə yeni nəsilləri nifrət, düşmənçilik, qisasçılıq ruhunda yetişdirmirik, amma eyni zamanda elə tərbiyə edirik ki, hər an vətənin azadlığı yolunda hər fədakarlığa hazır olurlar.

Hələ XX əsrdə ulu öndərimiz Heydər Əliyev Horadizi azad etmişdi. Horadizdə  də olduq. Geniş xiyabanlar, müasir abad binalar, yaşıllığa qərq olmuş parklar  Horadizi  cəbhə xəttində yerləşən istehkama  yox, firavan, sakit kurort şəhərinə bənzədir. İzdihamlı toplantıda görüşdüyümüz, çıxışlarını dinlədiyimiz şəhər sakinlər də rahat, gələcəyə arxayın, ümidli və nikbin insanlardır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli iradəsiylə  azad edilmiş Cocuq Mərcanlı kəndi də  azad olunacaq, doğma vətənə qovuşacaq kəndlərimizin, şəhərlərimizin, rayonlarımızın ilki kimi həmişə tarixdə bu  şərəfli adla yaşayacaq. Cocuq Mərcanlı cocuqlarının xoşbəxtliyi də  məhz bu tarixi kənddə yaşamalarında, oxumalarında, gələcəyə ümidlərində və bu  ümidlərin doğrulması yolunda görəcəkləri  böyük quruculuq işlərindədir.

Cocuq Mərcanlıdan ayrılarkən bir daha Lələtəpədə dalğalanan bayrağımıza baxıram və mənə elə gəlir ki, bu bayrağın geniş kölgəsi bütün müvəqqəti işğal olunmuş torpaqlarımızın  üstünə düşür.

 





23.10.2017    çap et  çap et