525.Az

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: Rusiya istiqaməti


 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: <b style="color:red">Rusiya istiqaməti </b>

Əlimərdan bəy Topçubaşov  Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri kimi Osmanlı paytaxtında olduğu dövrdə (28 sentyabr 1918 - 8 aprel 1919) yalnız türk dövlət və hökumət adamları ilə, türk ictimai-siyasi xadimləri, jurnalist və diplomatları ilə görüş və danışıqlar keçirməklə kifayətlənməmişdi. Əksinə, ilk gündən bacardığı qədər ünsiyyət və əhatə dairəsini mümkün qədər  genişləndirməyə çalışmışdı.

Şəxsi nüfuzu, zəngin siyasi keçmişi, bacarığı sayəsində hələ heç kim tərəfindən tanınmayan, adı dünyanın siyasi xəritəsinə düşməyən dövlətin təmsilçisi olmasına baxmayaraq, bir sıra xarici səfirlik və nümayəndəliklərə, İstanbulda yerləşən Müttəfiq dövlətlər qərargahına, ayrı-ayrı nüfuzlu siyasətçilərə yol tapa bilmişdi. Onlarla həm ümumi məsələlər barədə, həm də təmsil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin mövcud vəziyyəti, ölkəsinin hürr və müstəqil yaşamaq istəyi, gələcək dünya düzənində layiqli yerini tutmaq niyyəti, iqtisadi imkanlar, Qafqaz ailəsində yeri və s. haqqında geniş müzakirələr aparmışdı.  Belə söhbətlər bir qayda olaraq maarifçi-informativ xarakter daşıyır, təqdimat və tanıtma məqsədi güdürdü. Əlbəttə, bu sözlər daha çox Avropa dövlətlərinin hərbi və siyasi təmsilçiləri ilə görüşlərə aid edilə bilər. Çoxəsrlik yaxın qonşularla - ruslar, farslar, gürcü və ermənilərlə, eləcə də Azərbaycanın hələ ilk respublika dövründən özünə müttəfiq saydığı Ukrayna nümayəndəsi ilə ünsiyyət və müzakirələr isə tamamilə başqa axarda, başqa aspektdə aparılmışdı. Bu söhbətlər zamanı daha çox münaqişələrin aradan qaldırılması, ortaya çıxan problemlərin dinc yolla həlli məsələləri diqqət mərkəzinə çəkilmişdi.

Əlimərdan bəy İstanbulda rus siyasi mühacirətinin iki görkəmli nümayəndəsi ilə - Müvəqqəti hökumətin xarici işlər naziri, görkəmli tarixçi və publisist, kadet (konstitusiyalı demokrat) partiyasının lideri Pavel Nikolayeviç Milyukov (1859-1943) və 1909-1916-cı illərdə Rusiya imperiyasının xarici işlər nazirliyinə rəhbərlik etmiş Rusiya Dövlət Şurasının üzvü Sergey Dmitriyeviç Sazonovla (1860-1927) görüşüb qarşılıqlı maraq doğuran bütün məsələlərə, eləcə də postimperiya Rusiyası liderlərinin milli ucqarların, xüsusən də Azərbaycanın dövlət müstəqilliyi məsələsinə  münasibətləri haqqında ətraflı fikir mübadiləsi aparmışdı. Rus siyasi xadimləri ilə dialoq son dərəcə zəruri idi. Çünki Azərbaycanın müstəqilliyinə münasibətdə “köhnə” və yeni Rusiyanın, “ağlarla” “qırmızıların” mövqeyi tam şəkildə üst-üstə düşürdü. Onlar heç biri Bakı nefti kimi “yağlı” tikəni itirmək istəmirdi.  Və özlərini inandırmışdılar ki, sadə Azərbaycan türkləri qətiyyən müstəqillik, mili dövlət haqda düşünmürlər. Bu, Türkiyənin diqtəsi ilə hərəkət edən bir qrup ziyalının iddiasından başqa bir şey deyil. Ə.Topçubaşov ilk növbədə bu cəfəng yanaşma tərzinin həqiqətdən nə qədər uzaq olduğunu sübuta yetirməli idi. Söhbətin aparılma tərzi, ümumrusiya problemlərinə dərin bələdlik, özünə və fikirlərinin doğruluğuna əminlik, nəhayət qarşı tərəfin ehtiramlı münasibəti Əlimərdan bəyin “müsəlman” və “yadelli” olmasına baxmayaraq Rusiya siyasətinin ən üst qatlarında kifayət qədər yaxşı tanındığını, qəbul edildiyini, fikirlərinə hörmətlə yanaşıldığını söyləməyə əsas verir.

Aşağıda söhbət yazısını təqdim etdiyim P.N.Milyukov XX əsr rus siyasi tarixinin orijinal və koloritli simalarından biri idi. Böyük siyasətə gələnə qədər həm də elmdə böyük yol keçmişdi. Rusiya ali məktəbləri ilə yanaşı,   bir sıra əcnəbi universitetlərdə də rus tarixindən mühazirələr oxumuşdu. Eyni zamanda, mütləqiyyət əleyhinə çevrilmiş liberal siyasi baxışlarına görə davamlı təqib edilənlərdən idi. 1916-cı ildə Kembric universitetinin fəxri doktoru olmuşdu.

İlk öncə bir maraqlı detala toxunmaq istərdim. Bioqrafları P.N.Milyukovun mənşəyi haqda fərqli fikirdədirlər. Ulu əcdadı Semyon Məlikin adına Kulikov döyüşünün iştirakçıları sırasında rast gəlinir. Daşıdığı Milyukov soyadının kökündə ərəb mənşəli “məlik” ad-titulunun dayandığı heç bir şübhə doğurmur. Müxtəlif tədqiqatçılar soy-kök etibarı ilə mənsub olduğu nəsli alman, türk, hətta erməni sayırlar. Nə qədər qəribə görünsə də, hətta ingilis dilli Vkipediya resurslarından birində Milyukovun Azərbaycan xanlarının nəslinə bağlılığı mülahizəsi irəli sürülür. Ana tərəfdən isə rus xidmətinə daxil olmuş məşhur tatar knyazlarının - Sultanovların soyundan idi. Sənədlərlə təsdiq edilən bu faktı şübhə altına alan yoxdur. Sadəcə maraq xatirinə gətirdiyim bu ekzotik şəcərə məlumatlarının mahiyyət etibarı ilə heç nəyi dəyişdirmədiyi öz-özlüyündə aydındır. Çünki Pavel Milyukov sözün tam mənasında slavyan dəyərlərinə bağlı, pravoslavlıq ruhu ilə böyümüş, Rusiyanın maraqlarını hər şeydən öndə tutan bir rus idi. Müsəlmanlara və Şərqə münasibətdə rəsmi rus siyasətinin məqsəd və qayələrindən bir addım da kənara çıxmırdı. İnqilabçılara müəyyən rəğbət bəsləsə də (hətta müvəqqəti hökumətin naziri kimi çalışdığı dövrdə Rusiyanın səfirlik və konsulluqlarına onların vətənə maneəsiz dönmələrinə şərait yaratmaqla bağlı xüsusi əmr vermişdi), imperiyanın gələcək taleyi məsələsində “Vahid və bölünməz Rusiya” prinsipinin ən sadiq adeptlərindən sayılırdı. Xüsusi ilə Birinci Dünya müharibəsi dövründə mövqeyini daha da kəskinləşdirmişdi. III və IV Dövlət dumalarının üzvü və kadet partiyasının lideri kimi Rusiyanın müharibəni qələbəyə qədər davam etdirməsi, Bosfor və Dardanel boğazları üzərində  nəzarəti öz əlinə alması ideyasının qızğın tərəfdarlarından idi. Buna görə hətta paytaxtın siyasi kuluarlarında istehza ilə Milyukov-Dardanelski adlandırılırdı...

P.N.Milyukov Birinci Dövlət dumasına seçilə bilməsə də, təcrübəli hüquqşünas kimi məşhur Vıborq bəyannaməsinin hazırlanmasında mühüm rol oynamışdı. Bu sənədi imzaladığına görə siyasi fəaliyyətdən və seçkili orqanlarda iştirakdan uzaqlaşdırılan Əlimərdan bəylə yaxın tanışlığı da çox güman həmin proses zamanı başlanmışdı. 1918-ci ildən sonra hər ikisi Parisdə siyasi mühacir həyatı yaşasalar da, aralarında hər hansı ünsiyyət, yaxud əlaqənin mövcudluğu haqqında etibarlı tutanaq mövcud deyil. Ümumiyyətlə, Azərbaycanı hər hansı bir şəkildə Rusiyanın tərkibində, yaxud təsir dairəsində görmək istəməməsi səbəbindən bütün rus mühacir qruplarının Əlimərdan bəyə münasibəti soyuq, hətta düşməncəsinə idi. Onun 1934-cü il noyabrın 8-də Parisdə böyük siyasi manifestasiyaya çevrilən dəfn mərasimində heç bir rus ictimai-siyasi xadimi iştirak etməmişdi.

Amma istənilən halda 1918-ci ilin dekabrında onlar İstanbulda siyasi rəqibdən daha çox iki intellektual kimi keçmiş Rusiya imperiyasında gedən mürəkkəb, ağrılı proseslər barədə, dövlətini qurmaq istəyən Azərbaycanın və dövlətçiliyi məhvə doğru sürüklənən Rusiyanın gələcəyi barəsində müəyyən qarşılıqlı narazılıqların və giley-güzar notlarının da qarışdığı səmimi söhbət etməyi bacarmışdılar. Aşağıda həmin söhbətin Ə.Topçubaşov tərəfindən yazıya alnmış mətnini rus dilindən tərcümədə “525-ci qəzet”in oxucularına təqdim edirəm. 

P.N. Milyukovla söhbətin yazısı 

7 dekabr 1918-ci il

Saat 10.00 - 10.40

“Tokatlian” oteli 

Qapını döyürəm. Cavab yoxdur. İçəridən fransızca danışıq eşidirəm. Qapı aralanır, onun arxasında Milyukovu və “Vakıt” qəzetinin redaktoru Əhməd Emini görürəm. Əhməd Emin mənimlə tələsik salamlaşıb gedir.

Milyukov: A-aa, hörmət və ehtiram! Sizi görməyə çox şadam. Bəs yazmışdılar ki, sizi Bakıda, ya da Tiflisdə - dəqiq yadımda deyil, - güllələyiblər. Öz aramızdır, məni də artıq bir neçə dəfə öldürüb dəfn ediblər. Amma gördüyünüz kimi, sağ-salamatam. Demək, bolşeviklərdən sizin də başınız  bəlalar çəkib.

Mən: (18-22 mart tarixlərində Bakıda baş verən hadisələr barədə qısaca məlumat verəndən sonra) Maraqlıdır, bəs siz və digər dostlarımız necə xilas olublar? Bəzi həmkarlarımızla bağlı məlumat almaq istərdim: məsələn knyaz Urusov, qraf Kotlyarevski,  D.D. Protopopov haradadırlar?

Milyukov: Hamısı  Moskvadadır. Kişkini (mətndə səhvən belə yazılıb. Əslində, söhbət məşhur rus hüquqşünası, Rusiyada konstitusiya hüququnun banisi sayılan və 1918-ci ildə bolşeviklər tərəfindən güllələnən F.F.Kokoşkindən gedir - V.Q.) bolşevik hakimiyyətinin lap başlanğıcında orada tutublar, indi də həbsdədir. Kizvetter də öz başısoyuqluğu ucbatından məhbus həyatı keçirir. Çünki kimsədən qorxub-çəkinmədən  evində açıq-aşkar yaşayırdı. O vaxt ziyalıların çoxu qaçıb gizlənmişdi, heç indi də üzə çıxmırlar. Bəziləri, məsələn knyaz Lvov, Quçkov, Şidlovski və b. Sibirdədirlər. Bir qismi özləri  gedib, digərləri isə əlaqə yaratmaq üçün göndəriliblər.

Bütün çağırış dövlət dumalarının keçmiş üzvlərinin böyük əksəriyyəti indi Kiyevdə cəmləşib. Çünki orada özümüzü daha təhlükəsiz şəraitdə hiss edirik. Son vaxtlar keçmiş nazirlərimizdən bir neçəsi Yekatrinadora gediblər. General Denikinlə birlikdə fəaliyyət göstərirlər.

Mən: Deməli, hər halda sizin mərkəzi hökumətiniz var. Bəs o hökumət necə və harada yaranıb?

Milyukov: İndi sizə deyərəm. Əslinə baxsan, belə hökumət yoxdur. Hələlik yalnız mərkəzi təşkilat var. O, müəyyən şərait yetişdiyi təqdirdə hökumətin yerini tuta bilər. Dediyim təşkilat indi Yekatrinadordadır. Rəhbəri Denikindir. Yanında tanınmış rus xadimləri, bəlkə başqa nazirlər də var. Ancaq hələlik vəzifələrinin adı nazir yox, şöbə rəisləri kimi gedir. Məsələn, Sazonov xarici işlər şöbəsinə rəhbərlik edir. Beləliklə, Rusiya, necə deyərlər, sizin Qafqazda təşkil olunmağa və toparlanmağa başlayır.

Mən: Yəni Kubanda?

Milyukov: Bəli, Kubanda, Donda. Çünki oraların əhalisi böyükdən kiçiyə qədər bolşeviklərlə qətiyyətli mübarizə tərəfdarıdır. Hərəkatın rəhbərliyində Denikinin dayanacağı güman edilir. General Krasnov da onunla olacaq. Amma kazaklar Krasnovu o qədər də sevmirlər. Bu iki nəfərə üçüncüsü də qoşulacaq. Kimliyi  hələlik bəlli deyil.

Mən: Hərbçilərdəndir?

Milyukov: Dəqiq bilinmir, bəlkə də... Bütün hakimiyyət hələlik onların, əsasən də general Denikinin əlində toplanacaq. Getman Skoropadski də bu hakimiyyətlə hesablaşmağa boyun olur. Onun xalqa  müraciətini oxumusunuz?

Mən: Bəli, oxumuşam və belə qənaətə gəlmişəm ki, Ukrayna bundən sonra müstəqil dövlət kimi mövcud olmaq istəmir. Hətta buradakı Ukrayna elçisi Sukovkin getmanın müraciətindən sonra özünün “Aleksandr Mixayloviç” adlı gəmisindəki Ukrayna milli bayrağını  endirib, əvəzində Andreyev bayrağı qaldırıb.

Milyukov: Biz Ukrayna hökuməti və getmanın razılıq vermələrini istədik. Ukraynanın müstəqilliyi məsələsinə gəldikdə, Kiyevi tərk etdiyim ərəfədə ukraynalılarda, xüsusən də bizə tərəf bir addım atıb müraciəti imzalayan, əvəzində isə Müttəfiq dövlətlərdən yardım gözləyən Skoropadskidə müəyyən tərəddüd hiss olunurdu.  Kiyevdən bütöv nümayəndə heyəti ilə getdiyimiz Yassıda Antanta təmsilçiləri belə bir yardım vədi verdilər. Orada Ukrayna nümayəndələrini diqqətlə dinlədilər, bolşevizmlə mübarizə  üçün  ölkəyə ordu və digər vasitələrlə köməyin zəruriliyi haqda razılıq əldə olundu.

Bu, iki ay əvvəl baş vermişdi.  Elə o zaman müttəfiqlərin nümayəndələri oradan  teleqrafla Parisə müraciət etdilər və müsbət cavab alındı. Lakin indiyə qədər vəd olunan kömək ortada yoxdur. Ukraynanın tərəddüdlü mövqeyinin səbəbi də təbii ki, bununla bağlıdır. Missiyamızın əsas vəzifəsi həmin köməyin tezliklə alınmasıdır. Bundan ötrü isə necə deyərlər, müttəfiqlərin başının üstünü kəsmək və onları dərhal hərəkətə keçmələri üçün tələsdirməkdən ötrü Parisə getmişdik.

Mən: Deməli, siz bolşeviklərlə qarşıdan gələn mübarizədə mümkün qədər böyük qüvvəyə təminat almaq istəyirsiniz. Deyəsən, axı müttəfiqlər Türkiyə ilə barışıqdan sonra hərbi güclərin bolşeviklərə qarşı mübarizəsinin təşkili ilə məşğul olmağa başlayıblar. Bu məqsədlə baza kimi Sevastopolu, ümumən Krımı seçmək qərarına gəliblər. Hətta admiral Qaltrop Krım hökumətinin buradakı nümayəndəsini  özü ilə aparıb. Yerli qəzetlər yazmışdılar.

Milyukov: Təbiidir ki, müttəfiqlər  də tələsməlidirlər.

Mən: Bağışlayın, kim onlara mane olur? Axı indi müttəfiqlər Türkiyədə yetərincə  hərbi gücə malikdirlər.  Bəlkə, bizə bəlli olmayan başqa səbəb var?

Milyukov: Bilmirəm. Lakin sizə deməliyəm ki, bolşeviklərlə mübarizə indi çox çətindir. Onların Qırmızı ordusu çox yaxşı və qüvvətlidir.

Mən: Bu ordunun hazırda nə qədər əsgəri var? Əsas özəyini  kim təşkil edir? Onun sıralarına kimlər qoşulur?

Milyukov: Təxminən 500 min nəfər.

Mən: Bolşeviklərin 500 min nəfərlik ordusu var?

Milyukov: Bəli. Həm də yenə təkrar edirəm - yaxşı ordudur. Bolşeviklər səfərbərlik keçirib bütün gəncləri hərbi xidmətə çağırıblar. Sonra, keçmiş çar ordusunun bütöv hissələri onların əlinin altındadır. Zabitlərin çoxu, hətta Baş Qərargah zabitləri bolşevik ordusuna xidmət edir. Hamısına yaxşı maaş verirlər. Hərbi gücün ən döyüşə yararlı və bacarıqlı hissəsi isə çinlilərlə latışlardan ibarətdir.

Mən: Bəs onlara qarşı dayananlar haqda nə deyə bilərsiniz?

Milyukov: Bizim də qüvvəmiz var. Amma müqayisədə götürsək, azdır. İlk növbədə Sibirdə Omsk hökuməti deyilən hökuməti yada salmaq lazımdır. O da səfərbərlik elan edib və texniki cəhətdən tam savadlı, planlı şəkildə 200 min nəfərlik ordu formalaşdırıb. Son vaxtlara qədər  həmin ordunun başında general Boldırev dayanırdı. Amma deyəsən, indi onu admiral Kolçak əvəz edib.

Mən: Bəli, elə dünən buradakı qəzetlər Kolçak haqda yazmışdılar. Amma doğrusu, oxuduğum məlumatdan bir şey anlaya bilmədim. Hansısa D`Osak hökumətindən bəhs olunurdu. Bu nə Ozak hökumətidir? Yaponiyadadır?

Milyukov: Yox, söhbət məhz indi Kolçakın olduğu Omskdan gedir. Sonra sizə deməliyəm ki, Ukraynanın da hazır ordusu var.

Mən: Böyükdür? Onlar necə, bolşeviklərə qarşı çıxacaqlarmı?  Hazırda ümumiyyətlə Ukraynada vəziyyət necədir? Sakitlikdir?

Milyukov: Ukrayna ordusunun sayı haqda məlumatım yoxdur. Ümumən, Rusiyanın cənubunda sakitlikdir. Amma həmin ərazilər, xüsusən də indiki Ukrayna bolşeviklərin nəzarəti altındadırmı? Başa düşmək çətindir. Oralarda hansısa xüsusi bir vəziyyət hökm sürməkdədir. Belə şəraitdə yalnız xarici güc mövcud vəziyyəti dəyişə bilər. Rus mujiki cənubda artıq alman əsgərlərinə öyrəşib, onu məğlubedilməz sayır. Amma əgər indi müttəfiq qoşunları həmin bölgələrə daxil olsa, rus mujikinin gözündə, sonuncuların dəyəri qat-qat artacaq. Bu da öz növbəsində müttəfiqlərin və bizim ordunun uğur qazanmasına kömək edəcək. Sadaladıqlarımdan başqa sərəncamımızda Denikinin komandası altında 60 min nəfərlik hərbi birləşmə  var.  Onlar da bolşeviklərə barışmaz münasibət bəsləyirlər.

Mən: Söhbət kimdən gedir? Kazaklardan?

Milyukov: Çox ehtimal ki, bəli.  Eyni zamanda, ümid edirik ki, Qırmızı ordudakı əsgərlər, xüsusən də zabitlər (əlbəttə, hamısı yox, bir hissəsi) üfüqdə xarici hərbi güclər görünən kimi bizə tərəf keçəcəklər. 

Mən: Bəs Çexoslovakiya qoşunları?

Milyukov: Onlar cəmisi 5260 nəfərdir. İndi Sibirdədirlər və geri, vətənlərinə qayıtmağa can atırlar.

Mən: Baxın, Pavel Nikolayeviç, başqa bir maraqlı məsələ də var. Bolşevik hakimiyyətinin yayıldığı ərazilər ümumən nə qədərdir? Son vaxtlar böyüyüb, yoxsa kiçilib? Rəhbərləri dəyişib, yoxsa əvvəlkilərdir?

Milyukov: Hesab edin ki, əvvəlki kimi bütün Mərkəzi Rusiya bolşevik hakimiyyəti altındadır. Kiyev, Odessa - ümumiyyətlə Ukrayna  onlardan  tamam üz döndərib. Amma başqa bir məsələ də var: şimal-şərqdə, Volqaboyu və Volqa arxası quberniyalarda, xüsusən də ucqarlarda - Qafqazda, Türküstanda nə baş verdiyi barədə heç bir məlumatımız yoxdur.

Bolşevizm, deyəsən, artıq dirənib və getdikcə təsirini azaltmalıdır. Çünki narazılıq hərəkatları səngimir, həmin əhval-ruhiyyə isə əhalini çox güclü şəkildə bolşeviklərə qarşı qaldırır. Nəticədə xalqı itaətdə saxlamaq üçün cəza tədbirlərini daha da gücləndirirlər. Rəhbərləri yenə həmin Leninlə Trotskidir. Ən çox Petroqrada heyfim gəlir. Kimin imkanı var, şəhərdən qaçıb. Hər şey sükuta qərq olub, ölüb. 

Mən: Ufada meydana çıxan hansısa hökumət haqda da danışırlar. Sizin, yaxud təşkilatınızın onlarla bir əlaqəsi var?

Milyukov: Əlaqə vardı. Hətta Astrovu nümayəndə kimi ora göndərdik.  Həm də general Denikinə və başqa iki nəfərə geniş səlahiyyətlər vermək şərti ilə onlarla birləşmək istəyirdik. Bu adamlardan birinin sosialist olması ilə bağlı  razılığa da gəlmişdik. Ufada isə 3 yox, 5 nəfər seçdilər. Doğrudur, Denikin başda olmaqla və tərkibə iki nəfər sosialist daxil edilməklə! Amma biz bununla razılaşmadıq, nümayəndəmiz Astrov məktub yazıb Ufa hökumətində iştirakdan imtina etdiyini bildirdi. Bundan başqa, bütün altı Sibir hökumətinin hamısı ufalıları tanımadıqlarını bəyan etdilər. Lakin Çernovla Boldırev hələ də ruhdan düşmürlər. Onlar hətta Ufada Ümumrusiya Müəssislər Məclisinin çağrıldığı günü də bəyan ediblər. Yanılmıramsa, 1919-cu ilin yanvarında olmalıdır. Həm də əvvəldən yalnız 170 nəfərin yığışağacağı təqdirdə Müəssislər Məclisinin işə başlayacağı bildirilib. Aydın məsələdir ki, biz Ufada toplaşanların yığıncağını Müəssislər Məclisi kimi tanıya bilmərik.

Mən: Yassıdakı iclasdan sonra sizin Odessada toplantınız, yaxud qurultayınız keçirilib? Kiyev qəzetlərində bu barədə yazılmışdı.

Milyukov: Toplantıdan sonra bəzilərimizin Kiyev və Yekatrinodora getməsi nəzərdə tutulurdu. Ümumi qərar belə idi ki, nümayəndə heyəti yaradıb  prezident Vilsonun da gəlişinin gözlənildiyi Parisə gedək. Mən artıq əvvəldə demişdim - səfərin əsas məqsədi  bolşeviklərə qarşı mübarizəyə başlamaq üçün mümkün qədər az vaxtda hərbi yardım almağa nail olmaq idi. Çox güman ki, sülh konqresi  tezliklə baş tutmayacaq. Lakin indidən hazırlaşmaq lazımdır.

Bizim Rusiyanın başqa xalqlarına münasibətimiz məsələsi ilə bağlı deməliyəm ki, bu məsələ ətrafında təşkilatımızda hələ fikir mübadiləsi aparılmayıb və hər hansı qərar verilməyib. Hər şey aydındır, indiki vaxtda ən vacib vəzifə bolşeviklərdən xilas olmaqdır. Əgər onlar səhnədən çəkilsələr, Rusiya  nicat yolunu tapacaq.

Mən: Bəs Rusiyadan ayrılan ərazilər? Məsələn, indi bizim Zaqafqaziyada öz hökuməti, ordusu və s. olan üç respublika mövcuddur.

Milyukov: Başa düşürəm ki, xalqlarınızın özlərinə xilas yolu aramalı  idilər: bu müstəvidən yanaşanda sizdə respublikaların yaranması təbiidir. Məhz belə hərəkət etməli idiniz. Lakin digər tərəfdən, respublikalarınızın meydana gəlməsində almanların təsirini və son vaxtlar yürütdükləri şərq siyasətinin izlərini görməmək qeyri-mümkündür.

Mən: Almanlarla bağlı fikrinizlə mübahisə etmək olar. Çünki bunun məhz belə olduğu böyük sual altındadır. Lakin bir məsələ aydındır ki, Rusiya özü bizdən uzaqlaşdı. Ordu getdi, hakimiyyət getdi. Yaxşı, bəs sonra? İndi ayrılanlara münasibət necə olacaq?

Milyukov: Sonra? Bir şey demək çətindir. Məsələ mürəkkəb və qarışıqdır. Əlbəttə, ayrılan  ərazilərin əhalisinin fikri çox mühümdür. Həm də bizdən ötrü indi ən vacib məsələ Mərkəzi Rusiyadır. Siz necə düşünürsünüz?

Mən: Düşünürəm ki, xalqlar artıq talelərini həll ediblər. Eyni sözlər biz azərbaycanlılara da aiddir.

Milyukov: İndi orada sakitlikdir? Heç bir məlumatımız  yoxdur. Tək onu bilirik ki,  Xəzər dənizi ingilislərin əlindədir. Yəqin ki, Bakını da  tutublar.

Mən: Rəsmi məlumat yoxdur. Lakin ortalıqda şayiələr  dolaşır. Təəssüflər olsun ki, mənim də Zaqafqaziya barədə məlumatım azdır. Ancaq bildiyim qədər  sakitlikdir. Sizdən bir məsələ ilə bağlı da soruşmaq istəyirdim. Volqaboyu müsəlmanları ilə hər hansı  əlaqə mövcuddurmu?

Milyukov: Təəssüf ki, yox. Axı müsəlmanlar hər yerdə həyatlarını özləri qurur və daha çox Türkiyəyə meyl edirlər. Həm də düzünü deyim ki, siz bu son vaxtlarda gördüyüm ilk müsəlmansınız. Amma bu müddət ərzində Kiyevdə ermənilərlə, gürcülərlə çox görüşmüşəm. Odessada da erməni və gürcü tanışlarım vardı. Daha bir yenilik - Krımda yeni hökumət yaranıb. Sulkeviç getdi, indi iqtidarda Solomon Krım, Vinaver, Nabokov və başqalarıdır. Müsəlman nümayəndəsi də var (bütün bu müddət ərzində qapı döyülür, katib iki dəfə içəri girir).

Mən: Çox təəssüflənirəm ki, daxili quberniyaların müsəlmanları saya salınmırlar. Axı onlar da istənilən halda Rusiyada yaşayırlar, Rusiya ilə birlikdədirlər. Türkiyəyə hansı meyldən söhbət gedə bilər? Doğrudanmı bundan sonra da müsəlmanlara münasibətdə köhnə səhvlər yenidən təkrarlanacaq? Axı əgər vaxtında həmin səhvlər buraxılmasaydı, bu gün Rusiyada və Türkiyədə gördüklərimizin çoxu baş verməyə bilərdi. Fikrimlə razısınızmı?

Milyukov: Keçmişdə çox səhv olub. Lakin bundan sonra Türkiyə ilə Rusiya anlaşma şəraitində yaşamalıdır. İndicə “Vakıt” qəzetindən Əhməd Emin də mənə bu barədə danışırdı. Yəqin, sizinlə yenə  görüşüb söhbət edəcəyik.

Mən: Siz hələ burada çox qalacaqsınız?

Milyukov: Bu admiral Ametin teleqramının cavabından asılıdır. Həmin teleqramla o, bizim Parisə gəlməyimizə icazə istəyir. İndi məlum olub ki, xeyli vaxtdır buradan nə quru, nə də dəniz yolu ilə heç kimi Avropaya buraxmırlar. Biz Saloniki və Pireyə deyil, birbaşa Marselə getməyə qərar vermişik. Ora isə İtaliyadan keçəcəyik. Axı İtaliya da müttəfiqdir, elə-belə ötüb getmək olmaz. Az da olsa dayanmaq lazımdır. Amma  daha çox Parisə tələsməliyik.

Mən: Deyəsən sizi gözləyirlər. Ona görə də vidalaşıram.

Milyukov: Hələlik. Əlbəttə, sizinlə mütləq görüşəcəyik.

Rus dilindən tərcümə: Vilayət Quliyev

 





23.10.2017    çap et  çap et