525.Az

D-8 regionun güclü iqtisadi əməkdaşlıq platformasına çevrilir


 

D-8 regionun güclü iqtisadi əməkdaşlıq platformasına çevrilir<b style="color:red"></b>

İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) IX Zirvə görüşü qloballaşan dünyanın siyasi xəritəsində yeni çalarları sərgilədi.

Sammit Türkiyənin nüfuz dairəsində regionun müasir iqtisadi landşaftının, tranzit-logistika infrastrukturunun formalaşdığını təsdiqlədi. Zirvə görüşünün formatı göstərdi ki, üç qitədə yerləşən ölkələrin birgə qurumu dünyada baş verən gərginliklər fonunda öz proqram və strategiyasına uyğun olaraq sabit şəkildə uğurlu fəaliyyətini davam etdirib. Dünyanın 17-ci iqtisadiyyatına malik Türkiyənin, enerji resurslarının tranziti ilə inkişafını davam etdirən İranın, Asiyanın strateji qovşaqlarından sayılan Pakistanın, iqtisadi cəhətdən digər Asiya güclərinin bir arada birləşdiyi D-8 dövlətlərinin regional iqtisadi əməkdaşlıq platforması özünün yeni intibahına qədəm qoyub. 50 ildə mühüm inkişaf yolu keçən bu qurum indi daha strateji və nüfuzedici mövqeyə çatıb.

Türkiyənin keçmiş baş naziri, nurlu insanlarından olan Nəcməddin Ərbakan vaxtilə D-8-i 20-ci əsrin ən mühüm hadisəsi və 21-ci əsrin ən qiymətli hədiyyəsi adlandırmışdı. Təşkilatın dünyada əmin-amanlıq, sülh və səadətin yaranmasına, yeni bir dünyanın qurulmasına töhfə verəcəyinə inandığını qeyd etmişdi. Ötən müddətdə öz fəaliyyət fəlsəfəsi ilə D-8 böyük qlobal hədəfləri reallaşdırmağa çatdığını təsdiq etdi. Təşkilatın bayrağındakı simvoldan aydın olur ki, bu qurumun ana hədəfi dünyada sülh və əməkdaşlıq formatını möhkəmləndirməkdir. D-8-in bayrağındakı 6 ulduz 6 əsas prinsipini əks etdirir: 1-si "müharibə deyil, sülh yaradaq", 2-si "qarşıdurma deyil, açıq dialoqla yola davam", 3-sü "ikilistandartlardan uzaq olaq, ədalətə güvənək", 4-sü "üstünlüyü deyil, bərabərliyi qoruyaq", 5-si "istismarçılığa qarşı olaq, faydalı işbirliyini möhkəmləndirək" və 6-sı "təzyiq və zorla deyil, insan haqları, azadlıq və demokratiya ilə irəliyə gedək".

Bu hədəflər gərginliklərlə nizamından çıxan dünya ölkələrinin hər birinin istədiyi ali prioritetlərdir. Önündə Türkiyənin getdiyi D-8 bu hədəflərə çatmaq üçün digər ölkələri də faydalı əməkdaşlığa dəvət edir, 3 qitənin daha da inkişafına yardımçı olmağa çalışır.

Bu tendensiya dünyanın güc mərkəzlərini narahat etməyə bilməz. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, bəzi qlobal güclər D-8 nüfuzundan ehtiyatlanır. Əsas üzvləri İslam ölkələri olduğunu nəzərə alsaq, islamafobiya mühitində bu quruma qarşı ədalətsiz yanaşma tərzi sərgilənir. Qlobal ədalətsizlik azalmaq əvəzinə, daha da artır. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdləri, islamofobiya və ksenofobiya artır, miqrant böhranı dərinləşir. Son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələr, terrorizmin ciddi fəsadlarına məruz qalmaları D-8 ciddi narahat edir. Təşkilatın güc mənbəyi olan Türkiyənin liderliyi altında bu qurumun baş verənlərə laqeyd qalması mümkün deyil. Türkiyənin güc mərkəzi və idarəedici kimi prosesləri nizamlamaq təşəbbüsləri, regionda sülh və təhlükəsizliyin təmin olunmasında atdığl qətiyyətli addımlar öz müsbət təsirini göstərir. Bölgədə separatizmə, terrora qarşı mücadilə aparan Ankara bəzən təkbaşına Qərbin görə bilmədiyini edir. Təşkilatın əsas məqsədi

regionda güclü təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsidir. Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, D-8-in strateji məqsədi dünyada sülhün, sabitliyin və rifahın inkişafına yönəlib və bundan sonra da bu istiqamətdə töhfə vermək niyyətindədir.

Digər fundamental məqsədi regionun iqtisadi və sosial potensialından birgə istifadə etməklə üzv ölkələrdə dayanıqlı iqtisadi inkişafın təminatı, əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarət olan D-8 qlobal iqtisadi meyilləri nəzərə alaraq daha fundamental trendlərlə yola davam etmək niyyətindədir. Bu, ilk növbədə təşkilatın üzv ölkələri arasında inteqrasiyanın gücləndirilməsi, regionda ticarətin inkişafına olan maneələrin aradan qaldırılması, qarşılıqlı yardım mexanizmlərinin işləkliyinin təmin edilməsi kimi vacib prioritetlərlə müəyyənləşib.

Zirvə görüşünün “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilməsi də təsadüfi deyildi. Çünki indi dünyada yeni qlobal iqtisadi çağırışlar meydana çıxıb, qitələrarası iqtisadi rəqabət dərinləşib, iqtisadi nüfuz uğrunda açıq savaş gedir, dünyanın yeni iqtisadi-tranzit coğrafiyası çızılır. Bu şəraitdə dövlətlərlə yanaşı, onların birləşdiyi təşkilatlar, iqtisadi blokların dünya bazarlarında fəal iştirakçı kimi rolunun artırılması daha da aktuallıq kəsb edir. D-8 ölkələrinin yerləşdiyi ərazi, coğrafi məkan zəngin təbii sərvətlər, xammal resursları, nəqliyyat-tranzit qovşaqları baxımından güclü regiondur. Zəngin enerji resursları olan Azərbaycanın Türkiyə ilə birgə beynəlxalq miqyaslı layihələri gerçəkləşdirməsi, hazırda “Cənub Qaz Dəhlizi” layihəsini icra etməsi, bu dəhlizinin əsas hissəsi olan TANAP qaz kəmərinin işə düşməsinə son hazırlıqların aparılması, eləcə də yaxın günlərdə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında mühüm kommunikasiya dəhlizinə çevriləcək. Bölgədə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması D-8-in güclənməsinə səbəb olacaq.

Ərdoğan hesab edir ki, D-8 ölkələri dünyada çox az ölkənin sahib olduğu gənc və dinamik artan əhaliyə, zəngin təbii sərvətlərə, sürətli inkişafa malikdir və bu potensialdan daha səmərəli istifadə olunmalıdır. Ölkələr arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir, hazırda əmtəə dövriyyəsi 100-110 milyard dolara bərabərdir. Halbuki bu rəqəmi 4-5 dəfə artırmaq imkanları var: üzv ölkələrin bu potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin həcmini 500 milyard dollara çatdırmaq olar. Bunun üçün qarşılıqlı ticarət rejimlərinin sadələşdirilməsi, rəqəmsal ticarət qovşaqlarının yaradılması, elektron mübadilələrin formalaşdırılmasına ehtiyac var. R.T.Ərdoğan bu məqsədlə ticarət, nəqliyyat, müdafiə sənayesi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu hesab edir. Türkiyənin siyasi lideri əmindir ki, həmin məsələlər də öz həllini tapacaq və D-8 yeni bir iqtisadi coğrafiyanın, yeni dünyanın qurulmasına töhfə verəcək.

 





25.10.2017    çap et  çap et