525.Az

İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olundu


 

İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə olundu<b style="color:red"></b>

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.

Dini komitədən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb.

M.Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, nümunəvi dövlət-din münasibətləri barədə danışıb. O bildirib ki, ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, İslama doğru yanaşmasını və baxışını təkmilləşdirib. S.Salahlı vurğulayıb ki, müsəlman aləmində baş verən ziddiyyətlər fonunda Azərbaycan müasir inkişaf xətti ilə seçilir, ölkəmizdə sülh və etimad mühiti qorunur. O, məhz bu səbəblərə görə ölkəmizdə bu ilin "İslam Həmrəyliyi İli" elan olunmasının təsadüfi olmadığını diqqətə çatdırıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayondakı dini durum barədə məlumat verib, dini radikalizmə qarşı mübarizədə dini icmaların birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olduğunu diqqətə çatdırıblar.

Seminar-müşavirənin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.

Ceyhun ABASOV

 





25.10.2017    çap et  çap et