525.Az

Həzrət İbrahim


 

Həzrət İbrahim<b style="color:red"></b>

“Xəzər” in növbəti sayı üçün hazırladığım bu sirlər dolu mətnin, Xilas Yolunu tapmaqda bizlərə yardımçı olacağına inanıram.

(əvvəli ötən şənbə sayında) 

 

İbrahim tez-tez deyərdi:

– İnamsız bilik bir qara quruşa dəyməz...

lll

Günlərin bir günü İbrahimdən:

– Səni şahlıqdan imtina etməyə nə vadar elədi? – soruşanda, belə cavab verir:

– Bir dəfə mən güzgünün qabağında əyləşmişdim, özümə baxırdım. Qəfildən qarşımda son mənzilim – qəbrim peyda oldu... və mən bu son məkanıma tək-tənha, dostlarsız və yaxınlarsız yollanacağımı anladım. Üstəlik, ora əliboş getdiyimi, özümü ədalətli Hakimin qarşısında təmizə çıxarmaqdan ötrü kifayət qədər dəlilim (xeyirxah əməlim) olmadığını başa düşdüm. Və o gündən taxt-tac mənim üçün çiyinlərimə ağırlıq edən yükə çevrildi...

lll

Günlərin bir günü bir dərviş İbrahimə dedi:

– Kim ki, evlənir, o, qayığa minmiş olur (möhkəm özülü, axarının onu hara aparacağı məlum olmayan dənizə girir). Uşaq doğulanda isə qayıq batır.

lll

Bir dəfə bir adam İbrahimə min dinar təklif edir. O, dinarları qəbul etməkdən imtina edib:

– Mən kasıblardan hədiyyə qəbul eləmirəm. – deyir.

O adam İbrahimə etiraz edərək, heç də kasıb olmadığını, əksinə, varlı bir adam olduğunu deyəndə, İbrahim ondan:

– Sən indiki vəziyyətindən razısan, yoxsa, bundan da varlı olmaq istərdin?.. – soruşur.

Həmin adam:

– Əlbəttə ki, bundan da varlı olmaq istərdim. – deyə cavab verir.

Onda İbrahim:

– Deməli, sən məndən kasıbsan. – deyir. – O səbəbdən ki, mən bu kasıblığımdan məmnunam və mənə daha heç nə lazım deyil.

lll

Bir kəs İbrahimdən soruşur:

– Gecələr niyə yatmırsan?

İbrahim:

– Yaşı daim axan gözlər necə yumulsun?.. – deyə cavab verir.

lll

Deyilənə görə İbrahim namazını bitirəndən sonra üzünü əlləri ilə qapayırmış. Ondan bunun səbəbini soruşanda İbrahim:

– Allahın  dualarımı qəbul eləməyib, üzümə çırpacağından qorxuram. – deyə cavab verib.

lll

Bir dəfə adamlar İbrahimdən, onun bu dünyada nə ilə məşğul olduğunu soruşur. İbrahim:

– Bu dünyanın bütün işlərini insanlara saxlamışam. Mən tək bir Onu düşünürəm. Həyatım bitib başa çatanacan, belə də olacaq. – deyə cavab verir.

lll

Bir adam İbrahimdən:

– Sənə bu həyatda xoşbəxtlik nəsib olubmu?.. – soruşanda, İbrahim belə cavab verib:

– Mənim dərviş həyatıma iki dəfə xoşbəxtlik üz verib. Bir dəfə mən qayıqda oturmuşdum. Saçlarım dağınıq, əyin-başım cır-cındır içində idi. Qəfildən mənə bir adam yaxınlaşıdı, bədənimi zarafatla yumruqlamağa, məni lağa qoyub gülməyə başladı. İlk xoşbəxtliyi həmin o məqam – mənim içimdəki “mən” im alçaldılanda duydum...

İkinci xoşbəxtlik mən yorğun-arğın məsciddə yatdığım zaman baş verdi.

Bir dəstə adam mənim məsciddə yatmağımdan qəzəblənib, ayaqlarımdan yapışdı, sürüyüb pilləkənlərdən üzüaşağı buraxdılar. Başım, ayaqlarım pillələrə dəyib yarıldıqca, mən kamilləşdiyimi hiss etdim. Yerə dəyəndə isə, pillələrin bitdiyinə təəssüfləndim. Elə istəyirdim ki, kamillik təcrübəm bir az da artsın...  

lll

İbrahim danışırdı ki, “bir dəfə paltarıma bit düşmüşdü, bədənim yara tökmüşdü. Onda mən öz “mən” imə əmr elədim ki, bir vaxtlar əynimdə gəzdirdiyim şahlıq libasına görə heyfslənməsin.

lll

Bir dəfə bir adam İbrahimdən soruşur:

– Sən yeməyi hardan əldə eləyirsən?

İbrahim cavab verir:

– Bunu, yeməyi mənə Göndərəndən soruş ki, O onu hardan əldə eləyir.

lll

İbrahim danışırdı:

– Bir dəfə mən özümə qul aldım və ondan soruşdum ki, “adın nədi?”

O, cavab verdi ki, “ürəyin nə isəyirsə, o.”

Mən ondan soruşdum ki, “nə yemək istəyirsən?”

O, cavab verdi ki, “mənə nə verəcəksənsə, onu.” 

Mən soruşdum ki, “əyninə nə geyim istəyirsən, alım?”

O, cavab verdi ki, “nə alacaqsansa, onu”.

Soruşdum ki, “hansı işin qulpundan yapışmaq istəyirsən?”

O, cavab verdi ki, “mənə buyuracağın işin.”

Soruşanda ki, “sən özün nə istəyirsən?”, o, cavab verdi ki, “mən qulam, nə istəyə bilərəm ki?” 

Onda mən özlüyümdə düşündüm ki, kaş mən də Allahıma belə qul ola biləydim.

lll

Günlərin bir günü bir neçə müqəddəs söhbət eləmək üçün bir yerə toplaşırlar. İbrahim onlara qoşulmaq istəyəndə, onlar bu adamın geyimindən şah olduğunu duyub ondan, məclisi tərk etməyi xahiş edirlər.

lll

İbrahim deyirdi:

– Bu dünyadan imtina edib Allahla dostlaşın, sizlərə məsləhətim budu. Boxçalarınızı (var-dövlətinizi) yığışdırıb ağzını düyünləyin, ağzı boşalan o biri boxçanızın (dilinizin) düyününü tarıma çəkin. Susun və sədəqə verməyə simiclik etməyin.

lll

Kəbəyə ziyarəti zamanı İbrahim aclıq çəkir. Bu məqam onun qarşısında İblis peyda olur və ona deyir:

– Şahlıqdan imtina eləyib Allaha tapınmağının əvəzi budumu ki, hətta bu müqəddəs ziyarətdə də, yeməyə bir şey tapmırsan?

İbrahim qəlbində Allaha üz tutub:

– Dostunun yoluna niyə düşmən çıxardın? – deyəndə, qeybdən Allahın Sədası eşidilir:

– İbrahim, cibindəki gümüş pulları yerə at!..

İbrahim cibindəki pulları yerə atır. İblis yoxa çıxır.

    lll

Danışırlar ki, İbrahimin kim olduğunu bilməyən bir adam onu özünə bağban götürür. Günlərin bir günü o, İbrahimdən, bağdan ona bir neçə nar dərib gətirməsini xahiş edir. İbrahim bağın dərinliyinə gedib, ağacdan hələ dəyməmiş, turş narları dərib gətirir. Ev sahibi ona:

– Gör bir, neçə aydı yanımda işləyirsən, hələ də kal meyvəni dəymişdən seçə bilmirsən. – deyəndə, İbrahim:

– Məni bu işə meyvələrin dadına baxmaqdan ötrü yox, onlara qulluq eləməkdən ötrü götürüblər.

Ev sahib heyrət içində:

– Olmaya, sən İbrahimsən?.. – deyəndə, İbrahim yoxa çıxır.

lll

İbrahimin danışırdı ki, “bir gün yuxuda Cəbrayılı gördüm. Onun əlində kitab vardı. Soruşdum ki, “bu nə kitabdı?”, cavab verdi ki, bu kitaba Allahın dostlarının adını yazır. Mən soruşdum ki, “ora mənim də adımı yazarsan?”, o dedi: “İbrahim, sən Onun dostu deyilsən.”

Onda mən dedim ki: “Düzdü, dostu da olmasam, Onun dostlarının dostuyam.”

Bunu deyəndə, Cəbrayıl bir qədər susdu, sonra: “Mən Allahın əmrini aldım ki, sənin adını siyahıda birinci yazım. Çünki kamillik yolunda ümid ümidsizlikdən doğar.”

lll

Bir dəfə İbrahim səhrada bir əsgərə rast gəlir. Əsgər ondan şəhərə aparan yolu soruşanda, İbrahim ona qəbiristanlığa aparan yolu göstərir. Bundan qəzəblənən əsgər İbrahimi başından vurub yaralayır, əl-qolunu bağlayıb şəhərə gətirir.

İbrahimi tanıyan şəhər camaatı əsgərə:

– Bu ki, İbrahim sultandı, onu niyə bu hala salmısan? – deyəndə, əsgər onlara etiraz edib:

– Axı o mənə düzgün yol göstərmədi?!.. – deyir.

Bu zaman İbrahim:

– Şəhər – əhalisinin sayı gün-güdən artan bir yerdi. Amma bizim şəhərin adamlarının sayı gün-gündən azalır. Qəbiristanlıqda isə artır. – deyə cavab verir.

Əsgər müqəddəsin qarşısında diz çökür.

lll

Sultanlıqdan imtina edib cod yundan olan dərviş libasına bürünəndə İbrahim artıq ata idi. Uzun illərdən sonra, oğlu böyüyüb boya-başa çatanda o, atasının Məkkədə olduğunu öyrənir, anasının və dörd yüz sadiq silahdaşının müşayiəti ilə ora yollanır.

Şəhərə daxil olanda rastına çıxan adamlardan atasının yerini soruşur. Cavab verirlər ki, atası meşədə odun yığır. Bunu eşidən şahzadə əsgərləri ilə bir meşəyə yollanır və orda – meşənin dərinliyində kürəyində daşıdığı nəhəng odun şələsinin ağırlığından ikiqat bükülən sultanı görür.

Şahzadə atasının bu halından heyrətə gəlib sarsılsa da, ona yaxınlaşmağa ürək eləmir, qocanın izinə düşüb ardınca yollanır.

İbrahim bazara çatıb:

– Kim bu halal zəhmətlə qazandığım odunları məndən halal zəhmətlə qazandığı pula alar? – deyə qışqırmağa başlayır.

Yoldan ötən bir adam İbrahimə yaxınlaşır. Odunları alıb, əvəzində ona  bir neçə çörək verir. İbrahim çörəkləri götürüb bazardan çıxır.

Bütün bunları bir kənardan müşahidə eləyən şahzadə atasının ardınca yollanır və onun, bir qədər gedəndən sonra uçuq bir daxmaya daxil olduğunu görür. O, atasının ardınca içəri girməyə ürək eləmir, daxmanın pəncərəsindən içəri boylanır və baxıb görür ki, atası gətirdiyi çörəkləri bu daxmada yanında saxladığı şagirdləri arasında bölüşdürür, özü isə, onlar çörəklərini yeyib qurtaranacan, dizi üstə düşüb dua oxuyur.

Yemək mərasimi bitib başa çatandan sonra İbrahim şagirdləri ilə bir Kəbəyə yollanır. Şahzadə də əsgərləri ilə birgə onların ardınca gedir və İbrahim Kəbənin başına hərləndiyi yerdə qəfildən qarşısına çıxır.

İbrahim şahzadəni görcək heyrət içində donub qalırsa da, ondan kim olduğunu soruşmadan ötüb keçir.

Axşam daxmaya qayıdanda şagirdləri İbrahimdən, o şahzadə geyimli cavanın kim olduğunu, niyə ona elə zəndlə baxdığını soruşanda, İbrahim:

– Mən kasıblıq yolunu seçib sarayımı tərk edəndə, orda balaca bir oğlan uşağı qoyub getmişdim. O uşaq indi həmin o cavan şahzadənin yaşında olmalıdı. Və məndə qəfildən belə bir hiss yarandı ki, bu cavan mənim oğlum da ola bilər. – deyir.

Bu hadisənin səhəri günü şagirdlərdən biri şəhərə çıxıb Kəbədə rastlaşdıqları şahzadəni axtarmağa başlayır. Bir qədərdən sonra onu  şəhərin sakit bir guşəsində, kətilin üstündə oturub, gözlərinin yaşını axıda-axıda Quran oxuyan yerdə tapır.

Şagird ondan kim olduğunu soruşanda, cavan:

– Mən Bəlxin şahzadəsiyəm. – deyə cavab verir. – Mənim atam dərviş olub. Bura onu tapmaqdan ötrü gəlmişəm. – deyir və ağlamağa başlayır. – Onu dünən tapdım, amma yaxınlaşmağa ürək eləmədim. Mənim atamın adı İbrahim bin Ədhəmdi.

Şagird İbrahimin adını eşidəcək, şahzadəni də, onun anasını da özü ilə aparır.

İbrahimin daxmasına çatanda, qadını onun qarşısında diz çökür. Şahzadə huşunu itirir, özünə gələndə isə atasını yanında  oturmuş görür.

İbrahim ondan:

– Sən Quranı oxumusan? – soruşanda, şahzadə başını təsdiq işarəsi ilə tərpədir.

Bunu eşidəcək, İbrahim ayağa qalxır.

Atasının yenidən onları tərk edəcəyini başa düşən şahzadə özünü İbrahimin ayaqlarına atır, qadını diz çöküb yalvarırsa da, İbrahim cavab vermir, dinib-danışmadan, daxmanı tərk edir...

 





03.06.2013    çap et  çap et