525.Az

Son baharın min büsatı


 

Son baharın min büsatı<b style="color:red"></b>

PƏNCƏRƏMDƏN BOYLANAN PAYIZ

Ömrün saatları, günləri kimi fəsillər də sürətlə axıb gedir. Üç ay qonağımız olan yay çoxdan öz yerini təbiətin sarı gəlininə - payıza ötürüb. Payız qızılı saçları sinəsində qonaq gəlib yurdumuza. Necə pak qonaqdır ki, o gələn yolları küləklər təmizləyir, yağışlar yuyur...

Payızda doğulduğumdanmı, yoxsa təbiətin belə halını görmək xoşuma gəldiyindənmi, bilmirəm, amma bütün hallarda sevirəm bu fəsli. Əsən meh, göylərin sevgisini yerin qulağına pıçıldayan yağışın həzin səsi, soyuqdan qorunmaq üçün torpağın qoynuna sığınan yarpaqların əlvan rəngi, hər külək əsdikcə torpağa laylay çalıb onu qış yuxusuna hazırlayan xəzəlin xəfif musiqisi insanın ruhuna sakitlik, duyğularına inanılmaz rahatlıq gətirir. Bu, elə bir fəsildir ki, soyuğuna, küləyinə, yağışına baxmadan, insan çöldə-bayırda, səmanın altında, təbiətlə iç-içə olmaq istəyir. Ətrafa müxtəlif rənglərin qovuşuğu, müxtəlif səslərin ahəngindən yaranan elə bir gözəllik hakim olur ki, insan sanki ömrünün əvvəlki heç bir illərində payız yaşamamış kimi, acgözlüklə bu rənglərlə gözünü, bu səslərlə qulağını doyurmaq istəyir.

Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildir. Həzin bir musiqidir son bahar. Bu musiqini qulaqlarımızda deyil, ruhumuzun, qəlbimizin ən dərin, ən kövrək guşələrində duyarıq.

Ölümdən sonrakı doğuluşa inanırsınızmı? Mən inanıram. Bunun ən gözəl sübutu isə yarpaqlardır mənimçün. Aylarla ağacdan asılı qalmaqdan usanan, yaşamaqdan yorulan yarpaqlar payızın gəlişi ilə yavaş-yavaş atar çiynindəki yaşılın ağırlığını və yorğun əllərini bir nəfəsdə çəkər budaqlardan, düşər torpağın hələ yay istisini özündə az-çox saxlayan qoynuna. Bu gediş bir son kimi görünər, hələ bir az da sentimentallıq qarışar bu təbiət hadisəsinə. Ancaq çox yox, cəmisi 3-4 ay sonra, yazın gəlişi ilə o yarpaqların təkrar doğuluşuna şahid olarıq. Bu da payızın bir ayrı gözəlliyidir. O saralan yarpaqlar sanki qulaqlarımıza pıçıldayır: “Daha gözəl doğulmaq üçün indi ölməliyəm”. Və belə də olur...

Ədəbiyyatda bu xəzan fəslinə, sirli-sehirli rənglərlə dolu mövsümə Qızıl payız da deyilir. Qızıl payızı təbiətin möcüzəsi, Tanrının sarı, qırmızı, qızılı boyalarla işlədiyi rəsm əsəri də hesab edə bilərik.

Ayaqlarımız altında xışıldayan qızıl rəngli xəzəl mahir toxucu tərəfindən toxunmuş, naxışları ilahi dəqiqliklə işlənmiş xalını xatırladır.

Təbiətin səhər yuxusudur payız: bəzən isti və doğma, bəzən də soyuq və yad, amma bütün hallarıyla gözəl... Həm də ən ecazkar, bihuşedici qoxudur payız. Narın yağmurdan sonrakı torpaq qoxusunu hansı söz ifadə edə, kim canlandıra bilər ki?!

Təqvimin yarpaqları olmasaydı da, səhərin bizi hazırlıqsız yaxalayan sərini, üzümüzü yalayan, saçlarımızla oynayan küləyin şıltaqlığı, evimizin, iş yerimizin pəncərəsindən görünən, yollarda salxımlanan sarı yarpaqlar söyləyəcəkdi payızın artıq qapımızı döydüyünü.

Türk şairi Cahid Zarifoğlu necə demişdi: “Bir ölüm vəfalı, bir də son bahar”. Qısacası, qaçış yoxdur payızdan. Belə də ki, kim istəyirdi qaçmağı?! Niyə də qaçaq ki? Gəlin, qaçmayaq, əksinə, seyrə çıxaq son baharı. Məsələn, yağmurlu bir gündə, payızın və səhərin sazağında evdə anamız bizə dua edərkən keçək xışıltılı xəzəlin üzərindən, baxsaq özümüzü görə biləcəyimiz nəm yollardan...

Bəzən ayrılıq fəsli də desələr, mənim üçün sevgi, romantika, yaradıcılıq eşqi, əhval-ruhiyyədir payız: ona sevgiylə bax ki, seviləsən... 

KƏTAN ÜZƏRİNDƏKİ SARI 

Payız, Tanrının, təbiətin elə bir sənət əsəridir ki, onda bütün rənglər, bütün duyğular cəmləşib. Bəlkə də elə buna görə rəssamlar daha çox sevirlər.

İstər Azərbaycan, istər Şərq, istərsə də Qərb rəssamlığında ilin fəsillərinin gözəlliyi əksi əsas mövzulardan biri olub. Bu baxımdan yaz mənzərələrinin təsviri xüsusi önəm daşısa da, rənglərin əlvanlığı, təbiətdəki xaosun ecazkarlığı fırça ustalarının diqqətini payıza yönəldib. Çoxları payızı hüznün, kədərin, ayrılığın rəmzi hesab etsə də, rəssam üçün payız ən müxtəlif, hətta bir-birinə yad rənglərin bir kətan üzərində qovuşması, yanaşı işlənməsidir. Elə insanların diqqətini cəlb edən də bu rənglər deyilmi?! Payız öz-özlüyündə dərin xəyali və fəlsəfi məna daşıdığına görə rəssamlar məhz bu fəsildə özlərinin ən gözəl əsərlərini yaratmağa müvəffəq olublar. Həmin əsərlər istər Qərb, istərsə də Şərq rəssamlığında xüsusi yer tutur.

Payız təsvirlərində realist peyzajlara, yəni təbiət mənzərələrinə də sıx-sıx rast gəlinsə də, bir çox hallarda müəllifin mənsub olduğu cərəyana uyğun olaraq, abstrakt və qarışıq realizm fonunda təsvir olunanlar da qarşımıza çıxır. Leonardo da Vinçi, Mikelancelo, Rembrandt, Salvador Dali kimi rəssamların yaradıcılığında payız lövhələri mühüm yer tutur. Azərbaycan rəssamlarından Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Elbəy Rzaquliyev, Böyükağa Mirzəzadə, Kamil Əliyev kimi sənətkarlar payızın gözəlliklərini rəssam fırçasından keçirərək, milli incəsənətimizi zənginləşdiriblər.

Heç təsadüfi deyil ki, yaradıcı insanlar payıza başqa sözlə, Səttar Bəhlulzadə mövsümü, İsaak Levitan fəsli də deyirlər.

Azərbaycan təsviri sənətində özünəməxsus yer tutan, əsasən mənzərəçi-rəssam kimi məşhur olan S.Bəhlulzadənin “Payız”, “Payız küləyi”, “Qızıl axşam” tabloları ölkəmizin gözəl guşələrindən olan Qubanın zəngin ecazkar mənzərələrini əks etdirir.  “Qızıl axşam” tablosunda rəssam bu fəslin gözəl bir andakı mənzərəsini yaradıb. Onun istifadə etdiyi sarı və narıncı rənglərin vəhdəti əsərə fərqli bir gözəllik gətirib. Rənglərin vəhdətindən yaranmış kolorit olduqca uğurlu və inandırıcıdır.

S.Bəhlulzadə Qarabağın gözəlliklərini müxtəlif fəsillərdə kətan üzərinə köçürüb. Onun 1960-cı ildə işlədiyi “Şuşa. Dağlar” əsərində payızın qızılı donu sanki dil açıb danışır. Həmişə yalançı, süni detallardan uzaq olan sənətkar heç vaxt xüsusi fiqurlar çəkməyib. Bir rəssam kimi ona Vətən torpağının gülü, səması bəs edərdi. Burada da dağların əzəməti, bağların qızılı rəngi, bəzi məqamlarda da ovqatdan gələn əlavələr insanın ruhunu oxşayır.

Payızla bağlı mənzərələr rəssam Hafiz Kərimovun bu fəslə xüsusi rəğbətindən xəbər verir. Müsahibələrinin birində özü bu haqda deyir:  “Hər fəslin öz gözəlliyi var. Amma mən payızı çox sevirəm. Bilirsinizmi, payız sakit bir fəsildir. Bir də unutmayaq ki, kənd yerlərində xeyir işləri, bir qayda olaraq, payızda həyata keçirirlər. Elə bu kimi səbəblərdən mənim rəssam dünyamda payızın öz yeri var və həmişə də olacaq”.

Rəssamın “Qızıl payız”ından bir şeiriyyət oxunur. Bu əsərdə həm də Naxçıvan təbiətinin ən səciyyəvi cəhətləri ümumiləşdirilib. Külək yarpaqları narıncı-qızılı rəng almış ağacları az qala yerindən oynadır. Ətrafda hakim olan qızılı rənglə çayın tünd göy boyaları təzad təşkil edir. Buna rəğmən, mənzərə insanda gümrahlıq oyadır. Bir sözlə, onun “Payız” və “Külək” əsərlərində adama elə gəlir ki, tablolardan külək əsir.

Rəssam Rza Avşarın “Payız” əsərində  bolluq və fəslin halından gələn təbiətin kədəri  var.

İsa Məmmədovun Bakıya sonsuz sevgisini əks etdirən çoxsaylı əsərlərindən olan, 2007-ci ildə yaratdığı “Payız” tablosunda rəssamın əsas məqsədi paytaxtımızın bu aylardakı füsunkarlığını, təbiətlə insan arasında vəhdəti əks etdirməkdir. Gözoxşayan kompozisiyada bir-birini tamamlayan qızılı, sarı və çəhrayı rənglər əsərin koloritini daha da ifadəli edib. Təbiətin yağışlı durumu bu rənglərin bir-birinə yaxın koloritdə birləşməsini şərtləndirib.

Rəssam Emil Əzizin “Payız işıqları” tablosu, Telman Babayevin Şahdağ və ətrafındakı ərazilərin, xüsusən Ləzə kəndinin kətana köçürdüyü payız mənzərələrini, eləcə də Bağır Maratlının rəsmləri bu fəslin ecazkar, heyrətamiz gözəlliyini ortaya qoyur.

Payız dünya rəssamlığının da vazkeçilməz mövzularından biridir. İngilis rəssam Riçard MakNeylin “Şəhərdə payız”, Tomas Kikneydin “Tənhalıq”, impressionist rəssam Saytid Avremovun mastixinlə çəkdiyi “Parlaq rənglər”, Arrvid Mauritz Lindströmün “Payız rəngləri”, Hans Andersonun tabloları payızı ən müxtəlif şəkildə əks etdirməklə yanaşı, müəlliflərin bu fəslə, ümumən təbiətə, dünyaya baxışını da sərgiləyir. Məsələn, Tomas Kikneyd üçün payız hüznün fəslidirsə, Avremon üçün gözqamaşdırıcı rənglər toplusu, Riçard MakNeyl üçün sakitlikdir.

Yevgeni Lupşinin hipperrealizm janrında yaratdığı nağılvari rəsmlərdəki payız özünün qeyri-adiliyi ilə seçilir. Hətta rəsmdəki rənglər, təsvirlər o qədər canlı əks olunur ki, onu bəzən həyatdan fərqləndirə bilmirsən. Rəssamın tablolarının əsas obrazı körpüdür.

Kanadalı rəssam Çarlz Vaytın “Cazibədar təbiət”, “Qızıl payız” əsərləri izləyənə hər şeyi bir qırağa qoyub sakitcə gözəlliyə qərq olmağı təklif edir.

Amerikan rəssam Cekson Pollokun mücərrəd üslublu rəsmlərindən olan “Payız ritmi” əsəri xüsusən maraq doğurur. Pollok çox zaman əsərlərini kətanı yerə sərib boyaları üstünə damcıladaraq çəkib. Bu əsərində isə boyaları damcıladarkən qeyri-adi üsullar seçib. Məsələn, bu prosesdə o, bıçaq, kürək, dəyənək kimi alətlərdən istifadə edib. Əsərdə qızılı, sarı, qırmızı və qara rənglərdən daha çox istifadə olunub.

Dünya rəssamlığında payız təsvirlərini kətan üzərinə ən çox köçürənlərdən biri rusiyalı rəssam İsaak Levitandır. Levitanın “Qızıl payız” əsərində bir payız günündən süzülən yorğunluğun, pərişanlığın, yaxud ayrılığın ifadəsini sezir, harasa çıxıb gedən və bir daha dönməyəcək sevgilinin ayaq səslərini eşidir, sanki xəzəllər üstündə quruyub qalan işlərini görürsən. Onun 1879-cu ildə çəkdiyi “Payız günü. Sokolniki”, 1889-cu ildə yaratdığı “Axşam. Qızılı Ples”, “Yağışdan sonra. Ples” əsərləri, “Uzun yol. Günəşli payız günü”, “Payız mənzərəsi” tabloları dünya rəssamlıq tarixinin payızla bağlı ən nadir incilərindəndir.

Bütün bunları düşündükcə belə bir fikir insanın zehninə hakim kəsilir: payızın sənətlə bağlılığı qırılmaz, onların ortaq cəhətləri hüdudsuzdur, çünki təbiətin xəzan çağı bədii yaradıcılıq üçün bitib-tükənməz ilham qaynağıdır. Elə ona görə də bu mövzu hələ davam edəcək...

 





28.10.2017    çap et  çap et