525.Az

İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik


 

İtaliyaya səfər: <b style="color:red">keçmişin əks-sədası və gerçəklik</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Roma - tarixi abidələr şəhəri 

Roma yeddi təpə üzərində yaranmışdır, xəzinələr və turist şəhəri olmaqla, fəvvarələrin və qübbələrin heyranedici rənglərinə bürünməklə köhnə divarlar arasında yerləşir.

Servi divarı hələ qalların Romanı xaraba qoyduqlarından bir dekada sonra çəkilmişdi. Köhnə şəhər yüzlərlə hotelə, saraya, onlarla kilsəyə malik idi. İndi də Roma Qərb dünyasının ən gözəl paytaxtlarından biridir. Şəhər hələ də səs-küylü olması ilə fərqlənir. 1955-ci ildən burada metro işləyir, onun ilk stansiyası Mərkəzi dəmiryol vağzalı (Termini) idi. Bu möcüzələr şəhərində elə bil ki, heç nə qurtarmır və heç nə dəyişmir. Romalılar öz şəhərləri ilə haqlı olaraq fəxr edirlər. Romalı və ya bu şəhərin sakini, “Romano di Roma” olmaq indiyədək xüsusi şərəf sayılır.

Roma bütün fərqləndirici xüsusiyyətləri ilə yanaşı, başlıca olaraq tarixi abidələr şəhəridir. Yəqin ki, hətta Misir və Yunanıstan kimi ölkələr də qədim abidələrinin sayına və daha uzun bir tarixi dövrü əhatə etdiyinə görə bu şəhərə uduzurlar. Axı Roma imperiyası memarlıq incilərini təkcə özündə mərkəzləşdirməyərək Avropanın, Asiyanın, Afrikanın çox sayda ərazilərinə də səpələnmişdi. Şəhərin özü isə bütövlükdə antik dünyaya həsr olunmuş muzeyi xatırladır. Hər addımda antik dövrün hansısa incisi ilə qarşılaşırsan. Sonralar, xüsusən Renessansdan başlayaraq abadlıq, gözəllik yaratmaq eşqi daha gur alovlanmağa başlamış, bu sahədəki yarış bir neçə əsr davam etmişdi. Renessansın özü Romaya qiymətinin ölçülməsi mümkün olmayan memarlıq və sənət inciləri - saraylar, kilsələr, heykəllər, abidələr bəxş etmişdir.

Görkəmli İngiltərə kraliçası, dövlətini dənizlərin ağasına çevirən I Elizabet haqqında obrazlı qaydada deyirdilər ki, “Günəşsiz qövsü-qüzeh olmur”. Roma da şəhərlər kralıdır və abidələrinin timsalında bir günəş kimi nadir qövsü-qüzeh effekti yaradır.

Romanın qərar tutduğu yeddi təpədən bəziləri qədim tarixə baş vurmaq, yaxından tanış olmaq imkanı yaratdığından, onlar haqqında ayrıca söhbət açmaq olar. Tarix Şumerdən başlanan kimi, Roma da Palatin təpəsindən başlanır. Romanın mənşəyi, bütün digər qədim şəhərlər kimi əfsanəyə büründüyündən, bu məsələdə Palatinin də rolu az deyildir. Romul və Rem çaya atıldıqda, bu təpənin aşağısında qalmışdılar. Onlar dişi canavarı əmib, böyüməklə, sonralar Romanın əsasını qoymağa qadir olmuşdular.

Bu təpədəki sütunlar və yoxa çıxmış saraylar çöllərdəki yabanı çiçəklər kimi müqayisə olunmayan bir gözəllikdə boylarını qaldırmışdılar və zaman onları tarixin tozuna çevirmişdi. İmperatorlar sıradan çıxandan əvvəl təpə bütövlükdə bir virtual geniş saray idi. Bura uzun müddət baş iqamətgah mahalı idi. İmperator Avqust burada doğulmuş, taxt-taca sahib olduqdan sonra da orada yaşamışdı. Tiberinin tikməyə başladığı saraya isə Kaliqula, Neron, Trayan, Hadrian və Septimi Sever öz əlavələrini etmişdilər. Ən böyük və dəbdəbəli binanı isə Domitsian tikdirmişdi. Bədxərcliklə başa gələn bu tikinti zəngin qaydada mərmərlə örtülmüşdü. Nahar otağının divarları mərkəzi qaydada qızdırılırdı. İndiyədək qalmış kürsülərdə papalar imperatorları əvəz etmişdilər. Daha sonra təpə artıq tərk edilmişdi. Xeyli fasilədən sonra böyük Roma ailələri buraya qayıtdılar, təpədə bağlar salındı, köhnə şöhrəti ötüb-keçən pavilyonlar meydana gəldi. Avropadakı ilk Botanika bağı da burada yaradılmışdı. İndi isə köhnə sarayların xatirəsi kimi onların xarabalıqları qalır.

Kapitoli təpəsi isə Roma hökumətinin yeri olmaqla, sonralar Mikelancelonun dizaynı əsasında onun mənzərəsi bir qədər dəyişdirilmişdi. Üç sarayın yerləşdiyi meydanın mərkəzində Mark Avrelinin (bu imperator həm də böyük filosof idi, 50 cildlik fəlsəfi əsərin müəllifi idi) at üzərindəki bürüncdən olan heykəli ucalır. Xristianlar inanclarının dövlət dininə çevrilməsindən sonra (IV əsrin sonu) bütpərəst abidələri dağıtmağa başladılar. Bu, vaxtilə onların təqib olunmasına görə almaq istədikləri qisasın özünəməxsus əlaməti idi. Bu heykələ isə ilk dəfə onlara ibadət sərbəstliyi verən imperator Konstantinin onda təsvir olunduğunu hesab etdiklərindən, toxunmamışdılar.

Kapitoli meydanındakı iki sarayın layihəsinin müəllifi olmaqla yanaşı, pilləkən və fəvvarə də Mikelancelonun istedadının məhsullarıdır. Pilləkən yamaca çıxan yola bənzəyir, virtual pilləkənləri isə ağ cızıqlar bildirir. Təbiətə yaxınlıq bir üslub kimi görkəmli fransız arxitektoru Le Korbyuzeyə məxsus idi. Moskvada Mərkəzi Statistika İdarəsinin onun layihəsi əsasında tikilən binasında mərtəbələr arasındakı pilləkənləri enişə-yoxuşa gedən yol əvəz edirdi. Göründüyü kimi, dahi Mikelancelo Le Korbyuzedən hələ dörd əsr əvvəl təbiətə yaxınlıq ideyasını Kapitoli meydanına aparan pilləkəndə reallaşdırmışdı.

Kapitoli muzeyi (Musei Capitolini) klassik əsərlərin papalar tərəfindən yığılan kolleksiyası olmaqla, papa IV Sikst tərəfindən 1471-ci ildə Roma vətəndaşlarına qaytarılmışdı və bu, Qərb dünyasında heykəltəraşlığın ilk açıq muzeyinə çevrildi. Muzeydə yalnız Romada tapılan şeylər saxlanılır. “Dişi canavar” heykəli ilə yanaşı, “Ölən qall” və “Tikan batmış oğlan” heykəlləri və əvvəllər Forumdan tapılan portret büst geniş eksponatlar siyahısına daxildir. Muzeydə saxlanan “Dişi canavar” heykəli etrusklar tərəfindən b.e.ə. V əsrdə yaradılmışdı. Kvatroçento dövründə, İntibahın ilk inkişafı vaxtı onun altına iki əkizi - Romulla Remi təcəssüm etdirən oğlan uşağı fiqurları qoyulmuşdu.

Buradakı Yuno Moneta məbədi (“Moneta” sözü ilk sikkəxana kimi məbədin fəaliyyətindən çıxarılan pul, “sikkə” mənasını verir), indi Viktor Emmanuel abidəsinin yerləşdiyi bir qala idi. Yupiterə məxsus olduğuna görə, müqəddəs sayılan bu yerdə Roma senatı hər il öz birinci iclasını keçirərmiş.

Yaxındakı Venetsiya meydanı (Piazza Venezia) XV əsrdə varlı bir venetsiyalının tikdirdiyi Venetsiya sarayından öz adını götürmüşdü. Burada birləşmiş İtaliyanın ilk kralı II Viktor Emmanuelin at üstündəki heykəli ucalır, onu həm də “Viktorian” adlandırırlar. Bu heykəl Kapitolinin ayaq tərəfində, Romanın lap mərkəzində qoyulmuşdur. Özünün nəhəng ölçüləri hesabına təpə ilə ətraf zonanın antik dövrdəki qarşılıqlı mütənasibliyini dəyişdirmişdir. Sütunlu mərmər binanın üzərində Viktoriyaların idarə etdikləri iki iri kvadriqa vardır. Qaralmış bürünc heykəllər qar kimi ağ mərmərdən olan binanın fonunda  çox aydın nəzərə çarpır. Mərkəzdə Qurban getmə və ya Vətən mehrabı vardır. I Dünya müharibəsindən sonra mehrabın aşağısında naməlum əsgərin qəbri yerləşdirilmişdir.

Avetin təpəsində müasir binalar tikilmiş, Romanın keçmişindən bir şey qalmamışdır. Eskvilian təpəsi ilə Selian təpəsinin arasındakı Forum vadisinin qurtardığı yerdə Kolizey və Konstantin tağı yerləşir. 64-cü ildə Roma dəhşətli yanğına məruz qaldıqdan sonra Neron şəhəri yenidən tikməyi qərara alanda, özünə geniş bir sahədə saray tikdirdi. Onun hamamlarına dəniz suyu və hidrogen sulfatlı su gətirilirdi. Binanın içərisində fil sümüyündən olan tavanından aşağı çiçəklər sallanırdı. Fasad isə qızılla örtüldüyündən, ona Domus Aurea - “Qızıl Ev” deyirdilər. Vətəndaşların qəzəbini nəzərə alaraq onun varisləri Neronun ağla sığmayan sarayının izini itirməyə tələsdilər. Trayan gözəl hamamlar tikdirdi. Hadrian Venera məbədini meydana gətirdi. Yeddi onillikdən sonra Neronun qızıl suyuna çəkilmiş heykəlindən heç bir şey qalmamışdı, bu heykəlin də sifəti hər bir varis tərəfindən dəyişdirilirdi, sonra isə bütünlüklə dağıdıldı. Sonrakı romalılar Qızıl Evin harada yerləşdiyini də bilmirdilər.

Qədim abidələrdən biri Mark Ulpi Trayan forumudur. O, Romanın beş nəcib imperatorundan sayca ikincisi idi. Ən böyük uğuru imperiyanın ərazisinin genişləndirilməsi hesab olunur. Bu, danılmaz faktdır. Trayan sütunu onun Dakiyadakı müharibələrdə qazandığı zəfərlərə həsr olunmuşdur. Sütundakı spiral lentada barelyeflərdəki fiqurlar onu əhatə edir, burada imperatorun tikdirdiyi körpülər, tutduğu qalalar, qələbələrini və düşmənin qaçmağını göstərən döyüş səhnələri təsvir olunur. Onun qəbri də buradadır. Sütunun bünövrəsindəki qutuda Trayanın cəsədinin külü qoyulmuşdu, zirvəsində isə onun heykəli ucalırdı.

Trayan həm də nəciblikdən xəbər verən çox sayda təşəbbüslərin, əməllərin də müəllifidir. İtaliya şəhərlərindəki kasıb uşaqlara yardım göstərilməsi barədəki yeniliyin - ictimai fondların (alimenta) yaradılması ideyası da ona məxsus idi. 98-ci ildə hakimiyyətə gələndə isə cana doymuş romalıları azğınlaşmış çuğulçulardan xilas etmişdi. Həmin vaxtlarda Romada ittihamı müdafiə etmək üçün prokurorluq institutu yox idi, bu işi çuğulçular icra edirdi. İttihamında iştirak etdiyi adamların əmlakı məhkəmənin hökmü ilə müsadirə edildikdə, onun yarısına məhz onlar sahib olurdular. Ona görə də çuğulçular ədalətsizliyə, böhtana, iftiraya əl ataraq, tam həyasızlaşmışdılar. Müsadirə payı onları hər cür sui-istifadələrə getməyə həvəsləndirirdi. Onlar böyük qazanc əldə edir, lakin həm də romalıların haqlı nifrətini qazanırdılar. Çuğulçular artıq şəhər sakinləri üçün əsl bəlaya - şər mənbəyinə çevrilmişdilər. Trayanın göstərişi ilə şəhərdəki bütün çuğulçular tutuldu, onlar tələm-tələsik düzəldilmiş, sınıq-salxaq bir gəmiyə oturdulub, dənizin quduz dalğalarının ixtiyarına buraxıldı. Onlardan daha heç bir xəbər gəlmədi və Roma çuğulçuluq “virusundan” birdəfəlik xilas oldu, immunitetə yiyələndi. İnsan haqları mübarizləri etiraz edə bilərlər ki, Trayan məhkəməsiz, mühakiməsiz adamları ölüm cəzasına məhkum etdi. Bu gün belə rəy yürütmək olar,  lakin o dövrün Romasının reallığını nəzərə almaq lazımdır, haqsız yerə cəzalandırılan, əmlakı müsadirə olunan minlərlə adam imperatorun indi şübhəli görünən bu ədalətinə ürəkdən tərəfdar çıxıb, onu alqışladılar. Trayan haqqı tapdanan minlərlə adamı müdafiə etmiş, ədalətsizlik mühiti yaradanlara qarşı onların öz silahından istifadə etmişdi.

Ümumiyyətlə, Trayan imperiyanı yaxşı, əsasən insanların hüquqlarına hörmət əsasında idarə etməyə çalışırdı. Kaliqulanın, Neronun, Domitsianın eybəcər hərəkətləri, qəddarlıqları artıq arxada qalmışdı. Onların əllaməliklərindən əsər-əlamət də yox idi. Kiçik Plini imperator haqqında yazdığı panegirik ruhundakı kitabda onun alicənab hərəkətlərindən söhbət açır. Lakin Trayan xristianların təqib olunmasının tərəfdarı olaraq qalırdı. Bunları da inkar etməməklə, o, nəcib imperator adını bütünlüklə doğruldurdu.

(Ardı var)

 





30.10.2017    çap et  çap et