525.Az

Yaqub Zurufçudan “Klassik əsərlər”


 

Yaqub Zurufçudan “Klassik əsərlər”<b style="color:red"></b>

Tanınmış müğənnilərdən olan Əməkdar artist Yaqub Zurufçunun dahi əstəkar Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Klassik əsərlər” adlı disk-albomu işıq üzü görüb.

ABŞ-ın “Low” səsyazma studiyasında hazırlanan alboma 16 əsər daxil edilib. Təşəbbüskarı və ideya müəllifi Y.Zurufçu olan albom Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində ərsəyə gəlib. Albomda musiqi diski ilə bərabər yer alan 25 səhifəlik kitabçada Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında məlumat, həmçinin əsərlərin müəllifləri və mətnləri qeyd olunub: “Bu disk on il əvvəl də Amerikada çap olunmuşdu. Ancaq orada 14 mahnı idi, burada 16-sı var. Amerikadakı albom yüz min tirajla satılsa da,  burada heç yerdə satışda yoxdur. Ancaq özüm musiqisevərlərə, Üzeyirsevərlərə hədiyyə edirəm. Bilirəm ki, hədiyyə etdiyim insan bu albomun dəyərini biləcək. Təəssüf ki, bu musiqilərin dinləyici auditoriyası elə də böyük deyil. Bunların satışı, təbliğatı ilə məşğul olan da yoxdur. Ona görə də bizim üçün çətindir. Amerikada isə bütün təbliğat və satış işləri ilə şirkətin özü məşğul olurdu. Mən çox istərdim ki, bu musiqilər yenidən gündəmə qayıtsın”.

Əməkdar artist albomun Üzeyir Hacıbəyliyə ithaf olunmasının onun yaradıcılığına, musiqisinə olan dərin məhəbbətdən qaynaqlandığını deyib: “Bu albom Azərbaycan və dünya musiqi və mədəniyyət aləminin ən görkəmli simalarından olan dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunub. Bu cür disk mənim çoxdankı fikrim və arzum idi. Xalqımızın musiqi zövqünün formalaşmasında Üzeyir bəyin əsərlərinin əvəzsiz rolu var. Azərbaycan və dünya var olduqca bu əsərlər səslənəcək və bizi, gələcək nəsilləri işıqlı yollarla aparacaq. Üzeyir bəyin operaları və operettaları ilə bərabər, çoxsaylı instrumental, xor əsərləri, orkestr, kamera-instrumental musiqiləri, xoreoqrafik miniatürləri, romansları da dillər əzbəridir. Üzeyir bəyin yaradıcılığı o qədər şaxəli və zəngindir ki, hamısına bu kitabçada və albomda yer ayıra bilmədik. Biz Üzeyir bəydən ilham alıb mədəniyyətimizi qorumalıyıq. Düşünürəm ki, mən öz əlimdən gələn qədər bu yolda çalışıram. Bu günün, dünənin ideyası deyil, uzun illərin fikridir bu. Biz ta uşaqlıqdan bu musiqilərlə böyümüşük. Zaman gələcək ki, Üzeyir Hacıbəyli dühası dünyada bundan da artıq vüsətlə yayılacaq. Kompüter əsri Üzeyir Hacıbəyli əsərlərinin yayılmasını daha da sürətləndirəcək”.

Daha sonra sənətkar albomda yer alan mahnılardan söz açıb: “Çalışdım ki, albomda bütün dahi bəstəkarlarımızdan əsərlər olsun. Bütün mahnıları sevərək, böyük eşq və məsuliyyətlə ifa etsəm də, nədənsə, Cahangir Cahangirovun bəstəsi olan “Ana” mahnısını özüm daha çox bəyənir və sevirəm. Sanki o həzin, kövrək mahnı mənə daha yaxındır, doğmadır. Təvazökarlıqdan uzaq çıxsa da, bu mahnını öz ifamda dinləyəndə gözəl alındığını görürəm. Albomda ən sonuncu - 16-cı mahnı məhz “Ana”dır”.

Müğənni planları haqqında da məlumat verib: “Biz işimizi bununla bitmiş hesab etmirik. Mən çox istəyirəm ki, bunu davam etdirim. Amerikada olarkən dahi bəstəkarımız Tofiq Quliyevin bir neçə mahnısını ifa etmişdim və çox bəyənilmişdi. Bunun davamı olaraq, həm Amerikada, həm də burada Tofiq Quliyevin yaradıcılığına həsr edilən, onun əsərlərindən ibarət albom hazırlamaq fikrimiz var”.

“İthaf” albomunda Yaqub Zurufçunun ifasında musiqisi Üzeyir Hacıbəyliyə məxsus “Dərdmənd”, “Sevgili canan”, “Arşın mal alan” operasından “Əsgərin nəğməsi”, “Əsgərin və Gülçöhrənin dueti” “Sənsiz”, “Koroğlu” operasından “Aşıq mahnısı” və “Nigar ariyası” kimi əsərlərlə yanaşı,  Üzeyir bəyin yetirmələrindən Asəf Zeynallı, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Əli Səlimi, Vasif Adıgözəlov, Cahangir Cahangirov və başqalarının əsərləri, həmçinin xalq mahnıları var.

Albomda yer alan əsərləri müğənni Azərbaycan Dövlət Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə ifa edib. Musiqilərin səs tənzimini Əliheydər Mirzəbəyov verib. Pianoda Fəridə Hüseynova müşayiət edir. Dizaynerləri Azər Rəhmanoğlu və Ramiz Əliyev olan kitabçanın tərtibatı və redaktorluğu isə Aynur Zurufçuya məxsusdur.

Şahanə MÜŞFİQ

 





30.10.2017    çap et  çap et