525.Az

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: Rusiya istiqaməti


 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri:  <b style="color:red">Rusiya istiqaməti </b>

Əlimərdan bəy Topçubaşovun İstanbulda görüşüb Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı  müzakirə apardığı tanınmış rus dövlət xadimlərindən biri də 1910-1916-cı illərdə Rusiya imperiyasının xarici işlər nazirliyinə rəhbərlik etmiş diplomat və siyasətçi Sergey Dmitriyeviç Sazonov (1859-1927) olmuşdu.

İlk baxışdan bu görüş o qədər də əhəmiyyətli görünməyə bilər. Çünki 1919-cu ildə Sazonov artıq hansısa qərarlar verməyə qadir dövlət xadimi deyildi. Üstəlik, onun təmsil etdiyi quruluş artıq tarixin anaxronizminə çevrilmişdi. Sadəcə, hələlik reallıqdan çox bir xəyal məhsulu olan “yeni Rusiyanın” idarəçiləri və liderləri arasında öz yerini tapmağa çalışırdı.

Lakin istər S.D.Sazonovu, istər P.N.Milyukovu, istərsə də eyni ranqda olan digər rus rəsmilərini tam dünənki gün saymaq da düzgün olmazdı. Ağ və qırmızı Rusiya ölüm-dirim savaşı aparırdı. Qərbin rəğbəti hələlik daha çox birincinin tərəfində idi. Keçmiş rejimi ayaqda saxlamaq istəyənləri özlərinə daha yaxın bilirdilər. Vəziyyət dəyişsə, yenidən köhnələrlə bir masa arxasında oturmağa hazır idilər. Ağlar qeyri-rəsmi yolla da olsa, Parisə, sülh konfransına dəvət almışdılar. Qırmızıları isə hələlik mədəni cəmiyyətə buraxmaq barədə də söhbət ola bilməzdi.

Doğrudur, Azərbaycan Cümhuriyyətinə və digər yeni milli dövlətlərə münasibətdə hansı rəngdə zühur edəcəyindən asılı olmayaraq Rusiyanın münasibəti qətiyyən fərqlənmirdi - imperiya xırda istisnalarla “vahid və bölünməz” şəkildə qalmalı idi.

Amma istənilən halda, ağlarla danışmaq mümkün idi. Digər tərəfdən, konkret olaraq S.D.Sazonova gəldikdə, Milyukovla söhbətdən də göründüyü kimi, Könüllü orduda xarici işlər şöbəsinə rəhbərlik edirdi. Deməli, general Denikinin qələbə çalacağı və hökumət formalaşdıracağı təqdirdə, xarici işlər naziri vəzifəsinə ən real namizəd idi. Sazonov özü də gələcəkdə bu ordudan bir hökumət formalaşa biləcəyi fikrinə diqqət çəkmişdi. Görünür, azərbaycanlı diplomat müzakirə üçün həmsöhbət seçərkən  bu mühüm amili də diqqətdən qaçırmamışdı.

Ə.Topçubaşovun D.S.Sazonovla görüşünü təşkil edən azərbaycanlı siyasətçinin Tiflisdən yaxşı tanıdığı və uzun illər ailəvi münasibət saxladığı Rusiya xarici işlər nazirliyinin məsul işçisi olmuş Vladimir İvanoviç Savitski idi.

Bir neçə kəlmə də Sazonov barədə. 

O, 1860-cı ildə Ryazan quberniyasında, qədim tarixə malik əyalət zadəganı ailəsində doğulmuşdu. Vaxtı ilə A.S.Puşkinin də təhsil aldığı Sarskoe Selo litseyini bitirdikdən sonra 1883-cü ildə Rusiya xarici işlər nazirliyində xidmətə qəbul olunmuşdu. 1890-cı ildə Rusiyanın Londondakı səfirliyinə ikinci katib təyin edilmişdi. Diplomatik xidmətini daha sonra Vatikanda, müqəddəs taxt-tac yanında davam etdirmişdi. Burada gələcək xarici işlər naziri A.P.İzvolskinin rəhbərliyi altında işləməsi sonrakı illərdə mənsəb pillələri ilə sürətlə irəliləməsinə yol açmışdı. Uğur qazanmasının başqa bir səbəbi XX yüzilliyin ilk illərində Rusiyanın ən nüfuzlu siyasətçi və dövlət adamlarından biri sayılan P.A.Stolıpinlə yaxın qohum-bacanaq olması idi. 1908-ci ildə də Rusiyanın vakant xarici işlər naziri kürsüsünə də ilk növbədə onun himayədarlığı sayəsində təyinat ala bilmişdi.

1914-cü il avqustun 1-də Peterburqdakı alman səfiri öz ölkəsinin Rusiya ilə müharibəyə başlaması haqqındakı notanı D.S.Sazonova təqdim etmişdi. Birinci Dünya müharibəsi həm də onun nazir karyerasına son qoymuşdu.

Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Dövlət Şurasının üzvü, 1917-ci ilin yanvarında isə Böyük Britaniyaya rus elçisi təyin edilmişdi. Lakin tezliklə Fevral inqilabı baş verdiyindən xidmət yerinə gedə bilməmişdi.

1919-cu ildə Sazonov bir qədər simvolik də olsa, ikinci dəfə xarici işlər naziri olmuşdu. Bu dəfə Kolçak və Denikinin Ümumrusiya hökumətində... Eyni zamanda, ağ qvardiyaçı Rusiyanı Paris sülh konfransında təmsil etməli olan Rusiya siyasi müşavirəsi adlı qurumun fəal üzvlərindən biri idi. Ə.Topçubaşovla görüş və danışıqları da ictimai-siyasi fəaliyyətinin həmin dövrünə təsadüf  etmişdi.

S.D.Sazonov tipik rus millətçisi idi. “Vahid və bölünməz Rusiya” ideyasını tərəddüdsüz dəstəkləyirdi. Yuxarıda göstərdiyim kimi, yeni, demokratik Rusiyanın da kiçik istisnalarla əvvəlki sərhədləri daxilində bərpasının tərəfdarı idi. Rusiya imperiyasının əsarəti altında olan xalqlardan yalnız polyakların milli dövlətçiliyə olan haqlarını tanıyır, ölkəsinin onlarla ədalətsiz davrandığının etiraf edirdi. (Bu mövqeyi sonralar işinə yaramışdı. Mühacirətdə yaşadığı dövrdə Polşa hökuməti onun indiki Belostok yaxınlığındakı malikanəsini və böyük torpaq sahələrini özünə qaytarmışdı). Digər millətlərə isə bu əzəli haqq şamil edilmirdi. Əlimərdan bəylə söhbətində siyasi fəallıqları ilə seçilən, hətta Rusiya imperiyasının və Müvəqqəti hökumətin qurumlarında müəyyən vəzifələr tutmuş gürcülərin milli müstəqillik arzuları haqqında təhqiramiz ifadələr işlətməkdən çəkinməmişdi. Eyni zamanda, müsahibini inandırmağa çalışmışdı ki, onun təmsil etdiyi Azərbaycan türkləri həmişə rus idarəçiliyindən məmnun olublar, rus məmurları ilə gözəl münasibət saxlayıblar və heç vaxt milli dövlət haqqında düşünməyiblər.

Aşağıda Cümhuriyyət dövrü Azərbaycan-rus əlaqələrinin və milli diplomatiyamızın mühüm sənədlərindən biri kimi Rusiya imperiyasının və Kolçak-Denikin Ümumrusiya hökumətinin xarici işlər naziri S.D. Sazonovla Əlimərdan bəy Topçubaşovun söhbət yazısının birinci hissəsini təqdim edirəm.

S.D.Sazonovla birinci söhbətin yazısı

5 yanvar 1919-cu il
Saat 19.00
Pera Palas oteli
 

Sazonov. Salam. Sizin haqqınızda Vladimir İvanoviç çox danışıb. Amma açığını desəm, burada Qafqaz nümayəndəsini görəcəyimi gözləmirdim. Doğrudur, biz uzun müddət Rusiyanın cənubunda, sonra da heç nədən xəbərsiz   halda Yekatrinadorda oturub qalmışdıq. Amma yadımdadır ki, Konstantinopoldan qayıdan bir qafqazlı buradakı Qafqaz nümayəndələrinin artıq çoxdan geri döndüklərini demişdi.

Mən: Doğrudur. Burada mənə qədər çeçen, gürcü, erməni nümayəndələri olub. Oktyabrın sonunda hamısı geri qayıdıb. Çünki keçirilməsi nəzərdə tutulan konfrans baş tutmayıb. Mən də həmin konfransda iştirak etməli idim. İndi burada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli naziriyəm.  Rusiya barədə demək olar ki, bütün məlumatlara malikəm. Ukraynada, Kubanda, Donda nə baş verdiyindən müəyyən qədər xəbərdaram. Yenilikləri əsasən Odessa və Sevastopol qəzetlərindən öyrənirəm.

Sazonov: Mən o qəzetləri az-az oxuyuram. Heç birinə etibar yoxdur.  Ələlxüsus da yeni qəzetlərə. Hamısı ədalətsiz, birtərəfli yazır. Bir də  indi hər yerdə də istədiyin kimi yazmağa imkan vermirlər.

Savitski: Sergey Dmitriyeviç, “Petit Parisien” qəzetinə baxmısınız? Fransız senzurası lap ağını çıxarıb. Bütöv səhifələri pozurlar.

Sazonov: Bəli, görmüşəm. Bax, buradadır. (Masanın üzərindəki 7 dekabr tarixli “Petit Parisien” qəzetini göstərir). Onu siz mənə vermişdiniz?

Savitski: Bəli, Əlimərdan bəydən götürmüşdüm. Yeri gəlmişkən, o, mənə deyirdi ki, yerli türk mətbuatı az qala P.N.Milyukovun ağzından çıxan hər sözü yazır. Bu barədə özündə maraqlı məlumatlar var.

Sazonov: Onun (Milyukovun - tərc.) burada nə danışdığını bilmirəm. Ancaq bilirəm ki, həqiqi mənada sözünün yerini bilməyən adamdır. Təkcə onu demək kifayətdir ki, almanların bütün cəbhələrdə məğlubiyyəti artıq heç kimdə şübhə doğurmayan vaxt Milyukov almanpərəst olmağa başladı. Almanlar Marne döyüşündə darmadağın ediləndən sonra başa düşdüm ki, artıq müharibəni uduzublar. Milyukov isə belə sadə şeyi anlamadı. Bundan sonra daha nə danışmaq olar?

Mən: Əvvəlcə o, müəyyən məsuliyyət yükünə malik bəyanatlar verməkdən yaxasını kənara çəkirdi. Amma hər keçən gün danışmaq baxımından daha səxavətli olurdu. Bəzi qəzetçiləri qəbul edir, bəzilərini isə heç yaxına da buraxmırdı. İş bu yerə çatanda onun özündən kimi təmsil elədiyini özündən soruşmuşdular. Milyukov da cavab vermişdi ki, burada  sadəcə bir rus insanı kimi danışır.  Yeri gəlmişkən, mən “Yujnı raboçi” qəzetində oxudum ki, Milyukovun rəhbərlik etdiyi nümayəndə heyəti gedəndən sonra dövlət birliklərinin təmsilçiləri, Milli mərkəz və hansısa üçüncü təşkilatdan olan adamların iştirakı ilə iclas keçirilib. Sol partiyaların (menşeviklərin) nümayəndələrinin də iştirak etdikləri iclasda Yassı müşavirəsini hazırlayan komitənin buraxılması müzakirə olunub. Komitə Rusiyanın cənub ərazilərinin saxtalaşdırılmış təmsilçiliyi adlandırılıb və onun yeni bir orqanla əvəzlənməsi məsələsinə baxılıb. Həm də bu zaman vurğulanıb ki, Avropa, ilk növbədə isə müttəfiqlər indiyədək Rusiyadakı vəziyyətlə əlaqədar birtərəfli bilgilər verən, onları yanlış məcraya yönəldən burjua-kadet ideoloqları deyil, birbaşa rus demokratiyası vasitəsi ilə məlumatlandırılmalıdırlar. Burada Milyukovun Parisə getməsinin arzuolunmazlığına aydın işarə edilirdi, onu heç kəsin vəkil etmədiyi, səlahiyyət vermədiyi bildirilirdi.

Sazonov: Bu, həqiqətən də belədir. Amma indi kim və kimə səlahiyyət verə bilər? Ortada olan yeganə qüvvə hələ ki, Könüllü ordudur. Lakin o da hansısa təşkilat, müəssisə, hökumət deyil. Əlbəttə, müəyyən zaman ərzində bu ordudan Rusiya hökuməti formalaşa bilər. Hələ çox iş görmək lazımdır. İndilikdə isə ən böyük nailiyyət Rusiyanın almanlardan - bu sırtıq, həyasız barbarlardan xilas olmasıdır. Özlərindən daha kobud xalq tapmaq mümkün deyil.  Bolşevizm də onların əməlləridir. Şəxsi maraqları naminə Rusiyanı xarabazara çevirdilər. Allaha şükürlər olsun ki, Rusiya nəhayət ki, özü üçün hazırlanmış bu tevton əsarətindən xilas oldu.

Mən: Amma belə davam etsə, almanların yerini tutacaq başqa oxşar qüvvənin ortaya çıxmayacağı ilə bağlı zəmanət haradadır? Axı indiyə qədər hamı istisnasız olaraq öz marağını güdüb və bundan sonra da güdəcək.

Sazonov: Sizin sözlərinizdə həqiqət var. Amma heç bir xalq almanların burada törətdiklərinin kiçik bir hissəsini də eləməyə qadir deyil. Həm də bütün bu oyunları artıq tamam uduzduqlarını, hər şeyin bitdiyini bildikləri zaman çıxarmamışdılar. Elə sizin Qafqazı götürün: orada nələr etməyiblər? Hər yerdə artıq onları tanıyırlar. Ancaq tək sizdə səfeh gürcülər özlərini almanların ağuşuna atıblar, həmişə alman təmayüllü olublar, deyəsən, hələ indi də eyni mövqedə qalmaqdadırlar.

Mən: Məncə, elə deyil. Bilirsinizmi, Qafqaz...

Sazonov: (sözümü yarımçıq kəsir) Lütfən özünüz deyin, axı gürcülər necə dövlət qura bilərlər? Axı onlar dilənçidirlər, heç nələri yoxdur.

Mən: Nə üçün, marqans mədənləri, meşələr və s.

Sazonov: Aydın məsələdir. Olan-qalanları tək marqansdır. Bununla da çox uzağa gedə bilməzsən.

Mən: Bilirsinizmi, indi iqtisadi məsələlər nə qədər vacib olsa da, hər şey yalnız iqtisadiyyatdan asılı deyil. Qafqaz, ilk növbədə isə Zaqafqaziya Rusiyadan ayrılıb. Yəqin eşitmisiniz - orada artıq müstəqilliyini elan etmiş üç respublika - Azərbaycan, Gürcüstan, Ermənistan var. Xüsusi ilə də təmsil etmək şərəfinə nail olduğum Azərbaycanın öz hökuməti, icra strukturları, ordusu yaranıb. Və indi idarəçilik bütünlüklə Azərbaycan hökumətinin əlindədir.

Sazonov: Yaxşı, əgər ingilislər olmasa,  özünüzün vəziyyətə nəzarət etməyə, qayda-qanun yaratmağa gücünüz çatardımı?

Mən: Bəli, bu işin öhdəsindən gəldik. İndi bizim Azərbaycanda sakitlikdir, ölkənin hər tərəfində qayda-qanun hökm sürür. Xalqımızın hər yerdə, xüsusən də Bakıda bolşeviklərdən nələr çəkdiklərini və bütün bunların insanlarımızın psixologiyasına necə təsir etdiyini  nəzərə alanda burada anlaşılmayacaq bir şey yoxdur.

Bəlkə də mənim məsələyə münasibətim yanlış yanaşmadır. Lakin xalqın düşüncəsində bolşevizm və onun məhvedici təsirləri sadəcə rus insanının ruhuna uyğun hadisə kimi əks-səda doğurur. Ona görə də azərbaycanlılar bəlkə də geridə qalmış, ən azı ifrat sosialist təmayüllərdən uzaq toplum kimi bolşevizm məsələsində rus xalqı ilə bir cərgədə gedə bilməz, ona ayaq uyuşdura bilməz. Azərbaycanlılar sosial-bolşevizmə əsaslanan həyat tərzini mənimsəmək, qəbul etmək, onun prinsipləri ilə yaşamaq iqtidarında deyillər.

Sazonov: Deməli, Qafqaz tatarları, yəni müsəlmanlar artıq Rusiyanı dəfn ediblər və üzərində də böyük bir xaç qoyublar?

Mən: Qətiyyən! Biz azərbaycanlılar öz yolumuzla getmək, öz gücümüzə və təsəvvürlərimizə uyğun yaşam tərzi seçərək həm də gələcək Rusiyanın təmiz rus əhalidən ibarət rus əyalətlərinin üzləşəcəyi çətinlikləri azaldırıq. Nəhayət,  biz qonşularımız gürcü və ermənilərlə dostluq şəraitində yaşamaq,  gələcəkdə İsveçrə İttifaqı kimi vahid federativ respublikada birləşmək haqda düşünürük.

Sazonov: Çətin ki, bu, mümkün olsun. Qafqaz xalqları arasındakı fərqlər həddən artıq böyükdür. Xüsusən də ermənilər heç vaxt sizinlə bir yerdə olmaq istəməzlər. Qafqazda tatarların, müsəlmanların ermənilərlə nə qədər qanlı toqquşmaları olub! Ayrı-ayrı xalqlar arasındakı müharibələri unutmaq mümkündür, amma  qətliamı, hətta qətliamları (bilmirəm, deyəsən, sizin Bakıda əvvəlcə ermənilər tatarları qırmışdılar, sentyabrda isə əksinə oldu), unutmaq imkan xaricindədir.  Hələ əvvəllər də soyqırımları olub.

Mən: Konfederasiyada birləşməyin çətinliyini mən də anlayıram. Lakin əsaslandığım motivlər tamam fərqlidir. Sizin bəhs etdiyiniz toqquşmalar isə bir etnik vahidin ayrı-ayrı hissələri arasında da baş verir.

Sazonov: (sözümü kəsərək) Qoyun bunu sizə deyim: dəfələrlə eşitdiyimə görə, Qafqaz müsəlmanları ruslara çox bağlıdırlar və Rusiyadan ayrılmaq istəmirlər. Əlbəttə, daha yaxşısını siz bilirsiniz, amma oradan qayıdan ruslar gürcülərin Tiflisdə vəzifədən uzaqlaşdırdığı, xidmətdən qovduğu rus məmurlarına tatarların Yelizavetpolda və başqa yerlərdə necə yaxşı münasibət bəsləmələrindən böyük heyranlıq hissi ilə danışırdılar. Sizin müsəlmanlar haqda bu rəyləri eşidərkən biz də ürəyimizdə onların hadisələrə belə sakit, yetkin münasibət göstərmələrinə  həm sevinir, həm də müəyyən sakitlik tapırdıq. İndi isə siz Rusiyada bu qədər sevilən,  yüksək qiymətləndirilən müsəlmanların separatizmindən  bəhs edirsiniz.

Mən: (onun sözünü kəsərək) Əvvəla, icazənizlə deyim ki, biz Rusiyadan ayrılmamışıq, Rusiya özü gedib. Özümüzü elə vəziyyətdə gördük ki, (qapı döyülür, otağa Sveçin və Bzobrazov familiyalı iki nəfər daxil olur. Cənab Sazonovun yaxın tanışlarıdır, hətta biri bəlkə də qohumudur. Çünki ona ümumi əqrəbalar haqda məlumat verir, söhbətimizə mane olduğu üçün üzr istəyir. V.İ.Savitski deyir ki, artıq saat doqquzun yarısıdır. Şam etmək vaxtıdır).

Sazonov: Birlikdə şam edəcəksiniz? Onda, hələlik. Bəlkə yenə  görüşdük.

Mən: Əgər burada olsanız, mən də məmnuniyyətlə görüşmək istərdim. Hələlik, salamat qalın.

Rus dilindən tərcümə: Vilayət Quliyev

 





30.10.2017    çap et  çap et