525.Az

Hüseyn Mehdiyev: "Müəlliflik hüququnun qorunması yaradıcı insanlara stimul verir"


 

Hüseyn Mehdiyev: "Müəlliflik hüququnun qorunması yaradıcı insanlara stimul verir"<b style="color:red"></b>

Məlum olduğu kimi, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilib. Qərara əsasən, müəllif hüquqlarının qorunması istiqamətində yeni qaydalar müəyyənləşdirilib.

Ölkədə audiovizual sahədə müəllif hüquqlarının qorunması ilə məşğul olan Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyev sözügedən qanuna dəyişikliklərlə bağlı "525"ə müsahibə verib. 

- Nazirlər Kabinetinin yeni qərarı Azərbaycanda müəllif hüquqlarının qorunmasıyla bağlı boşluqları aradan qaldırmağa imkan verəcəkmi?

- Biz müəlliflər bu qərarı çoxdan gözləyirdik. Kinorejissorlar Gildiyası olaraq, öz təkliflərimizi hələ bir il yarım əvvəl vermişdik. Qanunun icra mexanizmi olmadıqda, onun icrası ilə bağlı həmişə problemlər yaranır. Sovetlər artıq 25 ildən çoxdur dağılıb, amma bu gün də elə insanlar var ki, onların psixologiyası dəyişməyib. Ona görə qanunun icra mexanizmi nə qədər dəqiq qurulsa, bir o qədər müəlliflik hüququnun qorunması effektiv şəkildə həyata keçirilər.

- Əsərlərin istifadəsindən alınan qonorarlar yaradıcı insanların dolanışığına necə təsir edir?

- Yaradıcı insan - müəllif ştatlı işçi deyil. O sənətçidir, sərbəst şəkildə işləyir və yaratdığı əsərin istifadəsindən gəlir əldə edir. Bu onun qazanc mənbəyidir. Əgər bu mexanizm işləməsə, deməli yaradıcı insan öz qazancından məhrum olur. Bu sistem bütün dünyada mövcuddur. Bütün yaradıcı insanlar hər yerdə bu cür dolanırlar. Hətta yüksək gəlir əldə edirlər. Düzdür, əldə olunan gəlir - qonorar yaradılan əsərin keyfiyyətindən aslıdır. Yəni yaxşı əsər - şeir, nəsr, musiqi, film, tamaşa yaratmısansa, deməli, onun istifadəsi geniş olacaq və qazanc artacaq. Bu mənada müəlliflik hüququnun effektiv şəkildə qorunması sənətin, mədəniyyətin inkişafına istiqamətində çalışan yaradıcı insanların fəaliyyətinə ciddi stimul verir. Bu isə hər cəmiyyətin, dövlətin vacib məqsədlərindən biridir.

- Konkret olaraq Azərbaycanda müəllif yaratdığı əsərlərdən əldə etdiyi qonorarla özünü dolandıra bilirmi?

- Bizdə vəziyyət o qədər də yaxşı deyil. Bəzi məmurlar müəllif əsələrindən istifadə edən şəxs və qurumlara qeyri-qanuni şərait yaradır, dolayısı yolla onları qanunu pozmağa təhrik edirlər. Bunu elə-belə demirəm. Bir neçə dəfə belə hadisənin şahidi olmuşam. Xalqımızın irəlidə gedən ziyalı - yaradıcı insanlarının müəllif hüquqlarına etinasız yanaşılır. Biz dəfələrlə rəsmi və qeyri-rəsmi şəkildə müraciət, xəbərdarlıq etməyimizə baxmayaraq, bəzi televiziya kanalları qanunu pozaraq audiovizual əsərlərin nümayişini həyata keçirməyə davam edir. Hətta Müəllif Hüquqları Agentliyinin rəsmi məktub göndərməsinə baxmayaraq, həmin qurum və şəxslər qanunsuz əməllərindən geri çəkilmirlər. İndi belələrinə nə deyəsən? Bu insanların məntiqi tamam alt-üst olub. Onlarla işləyən hüquqşünaslar isə qanunun aliliyini yox, rəhbərin məntiqini üstün tuturlar. Halbuki efirdə nümayiş olunan film, klip və ya səslənən musiqinin arxasında hansısa müəllif dayanır. Və tamaşaçılar yaradıcı insanların bu əsərlərindən zövq almaq üçün televiziya kanallarına baxırlar.

- Qanunu saymayanlar Nazirlər Kabinetinin qərarına riayət edəcəklərmi?

- Mən demirəm ki, bu qərar müəllif hüquqlarını pozan istifadəçiləri o saat vəlvələyə salacaq və onlar bir göz qırpımında qanunlara riayət edəcəklər. Hər şey müəllif hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilatlardan aslıdır. Yüksək texnologiyaların sürətlə inkişaf etdiyi hazırkı dövrümüzdə müəlliflərin hüquqlarını pozanlar yeni-yeni üsullarla öz əməllərini həyata keçirməyə çalışırlar. Lakin Müəllif Hüquqları Agentliyi müəllif və kollektiv idarəçiliyi həyata keçirən təşkilatların təklif və iradlarına operativ reaksiya verməsi qanun və normativ sənədlərə uyğun olaraq müəllif hüquqlarının qorunmasını yeni texnologiyalara uyğunlaşdırır və onun effektivliyini artırır.

Ceyhun ABASOV

 





31.10.2017    çap et  çap et