525.Az

Dövlət komitəsi dini icmaların layihələrini maliyyələşdirdi


 

Dövlət komitəsi dini icmaların layihələrini maliyyələşdirdi<b style="color:red"></b>

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində layihələri maliyyələşdirilmiş dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.

Komitədən verilən məlumata görə, tədbirdə çıxış edən qurumun sədrinin birinci müavini Səyyad Salahlı mütəmadi olaraq bu cür layihələrə dövlətin birbaşa dəstəyinin din sahəsinə olan diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. O, eyni zamanda, həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib. S.Salahlı layihələr çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərə ənənəvi İslam dəyərləri, radikal dini cərəyanlar və onların fəsadları barədə məlumatların verilməsi məqsədilə respublikanın regionlarında müxtəlif tədbirlərin həyata keçirilməsinin, maarifləndirici ədəbiyyatların çap edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Layihələri maliyyələşdirilən Quba rayonu Ağbil kənd məscidi dini icması "İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə", Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz", Göygöl şəhəri "Heydər" məscidi dini icması "İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır", Ağstafa rayonu Dağ Kəsəmən kəndi "Eyyub ağa" məscidi dini icması "İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır", Qazax şəhəri "Cümə" məscidi dini icması "İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir", Salyan rayonu Şorsulu kənd məscidi dini icması "İslamda həmrəyliyin əhəmiyyəti", Lənkəran rayonu Ləj kənd məscidi dini icması "İslam humanizm və həmrəylik dinidir", Beyləqan rayonu Qarallar kənd məscidi dini icması "İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində", Salyan rayonu Kürsəngi kənd "Hacı Səftər" məscidi dini icması "İslam həmrəyliyi - sülhə aparan yol", Masallı rayonu Miyankü kənd məscidi dini icması "İslam dini: sülh və vəhdətə çağırış" mövzularında maarifləndirmə tədbirləri həyata keçirəcəklər.

Ceyhun ABASOV

 





01.11.2017    çap et  çap et