525.Az

"525" - Nəsir Əhmədli yazır


 

"525" - <b style="color:red">Nəsir Əhmədli yazır</b>

Ortadakı "2" qartala bənzəyən "525-ci qəzet", kənarlardakı "5"lər onun qanadlarıdır. Biri Rəşad Məcid, o biri Yusif Rzayev.

Başqa əməkdaşlar inciməsinlər: onlar qanadları qanad edən lələklərdir. Lələklər olmasa, qanadlar da olmaz. Həm də ki lələk bu gün biz jurnalistlərin müqəddəs silahı olan Qələmin sələfi, ulu babasıdır.

Bu qəzet bir çox cəhətdən mənə əzizdir. Amma daha çox ona görə əzizdir ki, "qoşa qanad"ların hər ikisi - Rəşad Məcid də, Yusif Rzayev də mənim 50 ildən bəri bütün varlığımla bağlandığım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitiriblər. Şirməmməd Hüseynovdan, Famil Mehdidən, Tofiq Rüstəmovdan... dərs alıblar. Əlbəttə, hər oxuyan Molla Pənah ola bilmədiyi kimi, bu fakültənin hər məzunu da Rəşad Məcid, yaxud Yusif Rzayev ola bilmir. Bunlar anadangəlmə jurnalistdirlər.

Rəşad Məcid fakültəni 1988-ci ildə  bitirib. Peşəkar jurnalistlik fəaliyyətinə hələ tələbə ikən, 1985-ci ildə "Elm və həyat" jurnalında bu yaradıcı peşənin "A" hərfi olan korrektorluqdan başlayıb, sonra "B" hərfinə keçib - həmin jurnalın müxbiri olub, ardınca bir neçə pillə yüksələrək "Ədalət" və "Azərbaycan" qəzetlərində baş redaktorların müavini vəzifəsində çalışıb, "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi işləyib. 1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur. Deməyim odur ki, 32 illik jurnalistlik marafonunda bir an da olsun, mətbuatdan, yaradıcılıqdan ayrılmayıb. Yəqin bundan sonra da ayrılmayacaq. Çünki o, bu dünyaya jurnalist olmaq üçün gəlib və bu müqəddəs peşənin "Z" hərfinədək ucalıb. R.Məcid kamil publisist, gözəl şair, yetkin yazıçıdır. Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, Dünya Qəzetçilər Assosiasiyasının və Dünya Redaktorlar Forumunun üzvü, təxminən 10 kitabın, çoxlu publisistik əsərin müəllifidir.

Rəşad Məciddəki çoxşaxəlilik Yusif Rzayevdə yoxdur. Yusif bir yol tutub onu axıracan getməyi xoşlayır. Təsəvvür edin: 49 illik ömrünün 25 ilini "525-ci qəzet"də keçirib, hələ V kurs tələbəsi ikən həmin qəzetin ilk baş redaktoru olub, diplom işini bu nəşrin ilk nömrələri əsasında yazaraq uğurla müdafiə edib. Özünün dediyi kimi, onun bioqrafiyasını 25-30 sözlə ifadə etmək mümkündür. Amma bu 25-30 sözü hər adam seçə bilməz. Yusif eninə-uzununa yox, dərinliyə inkişaf etmiş şəxsiyyətdir.

Yusif bəyin Ələkbər Salahzadəyə həsr olunmuş "Ölçü vahidi" adlı bir yazısı var. Allah Ələkbər Salahzadəyə rəhmət eləsin, Yusifə uzun və sağlam ömür versin. O yazını oxuyanda elə bildim, Yusif öz portretini cızıb. Ələkbər Salahzadə kimi (Torpağı sanı yaşasın) Yusif Rzayevin də adı cəmiyyətin müxtəlif təbəqələri üçün çox az informasiya verir. Məclislər olub ki, çağdaş jurnalistikadan, publisistikadan söz düşəndə Yusifin adını çəkmişəm və "dərhal neçə cüt gözün təəccüblə üzümə zilləndiyini görmüşəm. Düzü, belə məqamlarda həmsöhbətlərim mənə o qədər maraqsız görünüb ki, nəinki əlavə izahat verməyə, ümumiyyətlə, söhbətə davam eləməyə də həvəsim, taqətim qalmayıb".

Ələkbər Salahzadə kimi Yusif Rzayev özü də "bu mənzərədən qətiyyən narahat deyil". Başını sallayıb xımır-xımır öz işini görür, Vətənə, Millətə, varlığı qədər sevdiyi jurnalistikamıza haysız-küysüz, lal axan su kimi umacaqsız xidmət edir.

Yusif bəyin çox zəngin daxili aləmi var. Bu aləmə onun yalnız yaxın dostları və iş yoldaşları bələddir. İncə zarafatları, müdrik davranışı, sözə zərgər münasibəti, 25 illik jurnalistlik təcrübəsini gənc qələmçilərə damcı-damcı "içirtmək" ustalığı məni valeh edir. Ədəbiyyatı, özəlliklə də poeziyanı dərindən duyur, dərindən sevir.

Çoxşaxəlilik və biryönlülük Rəşad Məcidlə Yusif Rzayev arasında uçurum yaratmır, əksinə, bu müxtəliflik maqnitin iki qütbü kimi onları bir-birinə daha möhkəm bağlayır, biri digərini tamamlayır. Onların ömür yolları da təxminən eynidir. Dörd illik zaman fərqi ilə hər ikisi Ağcabədidə doğulub. Bir müddət Ağdamda yaşayıb sonra Bakıya ali təhsil almağa gəliblər. Eyni peşəni seçiblər, eyni qəzetdə püxtələşiblər. İdeal əməkdaşlıq, ideal dostluq davam edir və uzun müddət davam edəcək, inşallah...

"525-ci qəzet"in adı da, özü də qartala bənzəyir. Qartallar 80 ilədək yaşaya bilir. Bizim "qartal"ın isə cəmi 25 yaşı var. Qanadların güclü, lələklərin möhkəm olsun, cavan qartal! Mətbuat dağımızın zirvəsi sənsiz olmasın, əzizimiz, "525"!

 





01.11.2017    çap et  çap et