525.Az

Dostlar sevinir, düşmənlər məyus olur...


 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırılan bu layihə həqiqətən çox önəmlidir"

Dostlar sevinir, düşmənlər məyus olur...<b style="color:red"></b>

Oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi.

Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihənin gerçəkləşməsi ilə regionda ən nəhəng kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə aldı. Layihənin müəlliflərindən biri olan Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi, geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən cızılan çoğrafiyasında özünə mühüm yer tutmaqla trans-kommunikasiya qovşaqlarının ən rentabelli və dayanıqlı həlqəsini təşkil edəcək.

Açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Bakı-Tbilisi-Qars dünya nəqliyyat sistemində yeni səhifə açır: “Bu gün yaşadığımız dövrlə yanaşı, gələcəyimiz üçün də çox mühüm addım atırıq. Bu mərasimlə Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsünün vəsilələrindən birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə “Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik. Qətiyyətimizin və uzaqgörənliyimizin əsəri olan bu layihə hamımızın birgə uğurudur”.

Bakı-Tbilisi-Qarsın hazırkı tarixi mərhələyə qədəm qoyması, ümumiyyətlə, həyata vəsiqə alması ağır zəhmət bahasına başa gəlib. Cənab İlham Əliyevin dediyi kimi, bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun gələcəyinə, tikintisinə inanmırdılar, maliyyə yardım etmək istəmirdilər.: "Onlar hesab edirdilər ki, layihənin reallaşması mümkün deyil, lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin”.

Hər çətin məqamda bir-birinə arxa, dayaq olan, birgə əzm və qətiyyətlə əllərini altına qoyduqları daşı yerindən tərpədən qardaş ölkələr - Azərbaycan və Türkiyənin dərin inam və inadı sayəsində bu layihənin gerçəkləşməsinə nail olundu. İndiyədək regionda ən nəhəng layihələrə - Bakı–Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin reallaşmasına nail olan Azərbaycan-Gürcüstan-Türkiyə işbirliyi, qətiyyəti Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə olan inam və əzmkarlığı artırdı.

Tərəflər 2007-ci il fevralın 7-də Tbilisidə saziş imzalamaqla, 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlini qoymaqla 850 kilometrlik layihənin həyata vəsiqə almasını təmin etdilər. Azərbaycanın dövlət başçısınını vurğuladığı kimi, üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür: “Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Azərbaycan, Gürcüstan və Türkiyə bundan

sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”.

Azərbaycan və Türkiyə bu cür strateji layihələri həyata keçirməklə dünya dövlətlərinə onu da təsdiq etdi ki, maneələr olsa da, iki qardaş ölkənin qətiyyəti sayəsində yaradılan bütün səddləri dağıtmaq mümkündür. Beynəlxalq maliyyə qurumlarının dəstəyi olmadan qardaş ölkələrin iradəsi nəticəsində, öz imkanları hesabına uğurlara çatmaq olar. Cənab Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir”. Məhz bu baxımdan bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə reallaşdırıldığı üçün həqiqətən çox önəmlidir.

BTQ həm də iki qardaşın qəlblərini birləşdirən layihədir. Hər iki ölkə bu layihənin davamı olaraq digər nəhəng kommunikasiyaları bir-birinə bağlayacaq. Türkiyə Prezidenti bildirib ki, Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, Böyük İpək Yolu şəbəkəsinin hüdudları daha geniş və planetar coğrafiya alacaq. Bakı-Tbilisi-Qars layihəsinin coğrafi hüdudunun davamı olan yeni polad magistrallar, məsələn, Mərmərə nəqliyyat dəhlizi ilə birləşəcəkdir. “Mərmərə” layihəsi ilə birləşdikdən sonra da Bakı-Tbilisi-Qars dəmir yolu xəttini əhatə edəcək şəkildə Pekindən Londona qədər dəmir yolu şəbəkəsi olacaqdır.

Cənab Rəcəb Tayyib Ərdoğan Bakıdan Azərbaycan və Türkiyənin güclənməsindən narahat olan bəzi qüvvərə mesajlarını da çatdırıb. “Biz həmrəylik və əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyimiz müddətdə daha çox böyük layihələrə imza ata bilərik. Bu günədək həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır” deyən Türkiyə Respublikasının Prezidenti iki ölkə arasında dərinləşən əlaqələri ən yüksək zirvəyə çatdıran hədəfləri də açıqlayıb.

Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında cənab Ərdoğan deyib ki, siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə Türkiyə-Azərbaycan həmrəyliyi güclənməkdə davam edir. Həm bizim qarşılıqlı səfərlərimiz, həm də nazirlərimizin intensiv görüşləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin, həmrəyliyin hansı səviyyədə olduğunu göstərir. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları və qəbul olunan sənədlər əlaqələri, strateji əməkdaşlıq tellərini daha yüksək pilləyə qaldırır. Hər iclasdan sonra imzalanan “Birgə Bəyanat” Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün yeni konseptual prioritetləri müəyyənləşdirir və görüləcək işlərin Yol Xəritəsini əks etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev dünyada qısqanclıq keçirən qüvvələrə açıq mesaj gördərməklə Türkiyə-Azərbaycan qardaşlığının daha böyük nailiyyətlətə aparacağını bəyan edib: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilibdir. Dostlar sevinir, düşmənlər isə məyus olur. Qoy həmişə dostlarımız sevinsin. Əminəm ki, biz bundan

sonra da ancaq inkişaf, tərəqqi və qələbə yolu ilə gedəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaqdır”.

 





02.11.2017    çap et  çap et