525.Az

Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir


 

Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və 23 saylı məktəbin birgə təşkilatçılığı ilə Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı gecə keçirilib. Məktəbin böyük zalında baş tutan tədbirdə dahi şairin yubileyi çərçivəsində ADMİU-nun tələbələri zəngin konsert proqramı ilə çıxış ediblər.

Tədbir 23 saylı məktəbin müəllim və şagirdlərinin ifasında Vaqifin şeirlərinin Azərbaycan və rus dillərində səsləndirilməsi ilə başlayıb. Konsertdə Qəmbər Hüseynli, Cahangir Cahangirov, Pikə Axundova, Elza Seyidcahanın Vaqifin sözlərinə yazdığı mahnı və romanslar, şairin sözlərinə muğam və təsniflər, habelə aşıq havaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Cahangir Cahangirovun “Durnalar” mahnısını Həmid Həmzəyevlə birgə 23 saylı məktəbin şagirdləri də ifa edib ki, bu da salona toplaşan məktəblilər və müəllim heyəti tərəfindən xüsusi alqışlanıb.

Tədbirdə ADMİU-nun tələbələrindən Əflatun Pirizadə, Günay Mehdiyeva, Elçin Rzayev, Rəvan Qaçayev və Nəzakət Veysəlova Ruslan Zərbəliyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının müşayiəti ilə çıxış ediblər. Musiqi nömrələri şagirdlərin ifasında Vaqifin ən məşhur şeirlərinin deklomasiyası ilə növbələşib.

Tədbirin sonunda 23 saylı məktəbin direktoru Yuliya Kərimova şagirdlərə Vaqifin  Azərbaycan ədəbiyyatındakı rolu, bu səpkili tədbirlərin vacibliyi haqda söz açaraq, ADMİU-nun rəhbərliyi və tələbələrinə öz təşəkkürünü bildirib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nigar Əliyeva və Ağabacı Mirzəyeva da Vaqif poeziyasının əhəmiyyəti haqqında danışaraq, birgə tədbirlərin son dərəcə faydalı olduğunu qeyd ediblər.

 





04.11.2017    çap et  çap et