525.Az

Molla Pənah Vaqif İstanbul Beynəlxalq Kitab Sərgisində anıldı - Fotolar


 

Molla Pənah Vaqif İstanbul Beynəlxalq Kitab Sərgisində anıldı - <b style="color:red">Fotolar</b> Noyabrın 4-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov şairin 300 illik yubileyinə həsr edilmiş tədbirlərdən bəhs edib, Molla Pənah Vaqifin yubileyinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək səviyyədə keçirildiyinə diqqət çəkib, il ərzində keçirilən Beynəlxalq Kitab Sərgilərində belə tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını qeyd edib.

Direktor Milli Kitabxananın bu yubileyə tövhəsi olan kitabxananın əməkdaşları tərəfindən tərtib edilmiş və "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından çap olunmuş "Molla Pənah Vaqif. Biblioqrafiya", Nizami Cəfərovun "Molla Pənah Vaqif", eləcə də TÜRKSOY və Milli Kitabxana tərəfindən hazırlanmış "Molla Pənah Vaqif şeirləri dünya dillərində" kitablarını tədbir iştirakçılarına təqdim edib.

O, kitabxananın əməkdaşları tərəfindən hazırlanan fundamental biblioqrafiyada Azərbaycan və rus dillərində materiallarla yanaşı, dünya xalqlarının iyirmiyə yaxın dillərində çap olunmuş şairin əsərlərinin əhatə olunduğunu bildirərək bütövlükdə 2500-ə yaxın mənbənin əks olunduğunu vurğulayıb. Təqdim olunan kitabların Vaqif irsinin dünya miqyasında təbliğində böyük rol oynayacağını söyləyib.

Sonra söz TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinova verilib.

O, son illərdə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, eləcə də Azərbaycan Milli Kitabxanası ilə birgə keçirilən tədbirlərin ortaq türk mədəniyyətinin tədqiqi və təbliğində danılmaz rolu olduğunu iştitakçıların diqqətinə çatdırıb, tədbirin eyni zamanda vaqifsevərlərin bayramı olduğunu bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov böyük şairin yaradıcılığı haqqında geniş məlumat verib, M.P.Vaqifin həyat və fəaliyyətinin Heydər Əliyev tərəfindən çox yüksək qiymətləndirildiyini, vaxtilə Sovet İttifaqının görkəmli ədəbiyyat xadimlərinin iştirakı ilə Qarabağın mərkəzi Şuşada möhtəşəm məqbərəsinin açılışında iştirak etdiyini bildirərək hazırda həmin abidənin erməni vandalları tərəfindən yerlə yeksan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Akademik vaqifsevərlərin tədbirdə iştirakını yüksək qiymətləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AMEA-nın Ədəbiyyat İnstitutinun şöbə müdiri professor Mahirə Quliyeva, Mərmərə Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin başqanı professor, Gülşən Alışıq, Yeditepe Universitetinin Təhsil Fakültəsinin dekanı dosent Eralp Alışıq və digər çıxış edənlər şairin keçdiyi həyat yolundan, poeziyamıza verdiyi töhfələrdən danışıblar.
Tədbirdə həmçinin, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev də iştirak edib.
 
Mərmərə Universitetinin istedadlı tələbələri Ləman Qarayeva və Cəfər Mustafalı, habelə "Molla Pənah Vaqif dünya dillərində" kitabındakı şeirləri Ukrayna dilinə tərcümə edən İvan Pavliy şairin qəzəllərindən bəzilərini səsləndiriblər. 

Tədbirə yekun vuran K.Tahirov Vaqifin şairliklə yanaşı həm də ictimai-siyasi xadim olaraq XVIII əsr Qarabağ xanlığında mühüm vəzifə tutduğunu söyləyib, erməni silahlıları tərəfindən işğal olunmuş Qarabağ torpaqlarının tezliklə işğaldan azad olunacağını və Vaqifin növbəti yubileyinin Qarabağda, Şuşada və Cıdır düzündə keçiriləcəyinə tam əmin olduğunu bildirib.

Sonda TÜRKSOY tərəfindən tədbirdə əməyi keçən şəxslərə mükafat və fəxri fərmanlar təqdim olunub.
 





05.11.2017    çap et  çap et