525.Az

Ruhun və bədənin sağlamlığı - Fotolar


 

PENDİK XƏSTƏXANASINDA GÖRÜŞ

Ruhun və bədənin sağlamlığı - <b style="color:red">Fotolar</b>

Türkiyənin İstanbul şəhərindəki Pendik Özəl xəstəxanasının qurucusu və sahibi, tibb elmləri doktoru, professor Turqut Göksoy ədəbiyyat və incəsənətə vurğunluğuyla seçilən ziyalılardandır.

Həkimliklə yanaşı ardıcıl şəkildə sənət adamları ilə dostluq münasibətləri var. Elə bu səbəbdən T.Göksoyu nəinki Turkiyədə, eləcə də Azərbaycanda ədəbiyyat və sənət adamları yaxşı tanıyırlar. İndiyədək onun qayğı və dəstəyilə yüzlərlə tədbir, konfrans və konsertlər həyata keçirilib.

Bugünlərdə Pendik Özəl xəstəxanasında keçirilən "Sağlam səhər yeməyi necə olmalıdır?" adlı tədbir də Göksoyun növbəti proyektlərindən idi. Əsasən, Türkiyə Müdafiə Sənayesi Nazirliyi işçilərinin qatıldığı səhər yeməyinin başlıca məqsədi insanlara vaxtında və düzgün qidalanmanın necə olmasını anlatmaq idi.

Bununla bağlı xəstəxananın dietoloq-həkimi Məleykə Evgi çıxışında müxtəlif yaş dövrlərində qidalanmanın fərqli olmasından, qida rasionunda qlükoza, fruktoza, protein və s. orqanizm üçün vacib elementlərin istifadəsinin zəruriliyindən, uşaq və gənclərə nisbətən yaşlı adamların ağır ət yeməklərindənsə daha çox toyuq, balıq və səbzələrə üstünlük vermələrinin faydalı olacağından söz açıb.

Əsasən işlənmiş və konservləşdirilmiş ərzaqların orqanizmə ziyanlı olmasına diqqət çəkərək belə ərzaqlardan mümkün qədər az istifadə olunmasının vacibliyindən bəhs edən T.Göksoy çıxışında, həmçinin, qidalanma ilə yanaşı mümkün qədər gündəlik daha çox piyada gəzintinin faydasından danışıb.

Çıxışının sonunda professor qeyd edib ki, görüşün daha bir önəmli cəhəti tədbirdə Azərbaycandan qonaqların iştirak etməsidir: “Dostum, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycanda məşhur gündəlik qəzet olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bizimlədir. O, uzun illərdir, ədəbi-ictimai fəaliyyəti ilə bir çoxlarına örnəkdir. Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında danılmaz xidmətləri var”.

Daha sonra İstanbulda olması və tədbirdə iştirakından məmnunluğunu ifadə edən R.Məcid son illərdə sıx əlaqələrinin yarandığı T.Göksoyun ədəbiyyat üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, T.Göksoy incəsənətin bir çox sahələrinə böyük ilgi və maraqla yanaşır, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir: “Turqut Göksoyla Bakıda Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) təşkil etdiyi “Türkiyə-Azərbaycan Qardaşlıq Kültürü” silsilə tədbirlərində tanış olmuşam. Bu ilin mayında onun dəvətilə eyni silsilə çərçivəsində İstanbulda keçirilən ədəbi-mədəni tədbirdə Azərbaycan musiqisinin, bütövlükdə mədəniyyətinin yüksək səviyyədə təbliği böyük rəğbətlə qarşılandı. Bunu heç vaxt unutmuram”.

Baş redaktor eyni zamanda, Azərbaycan poeziya ənənələrindən, ədəbiyyatın mövcud durumundan danışıb. Eləcə də görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin Ankara və İstanbulda keçirilməsində gösdtərdiyi dəstəyə görə T.Göksoya minnətdarlığını ifadə edib.

R.Məcid çıxışını tanınmış türk şairi Ataol Bəhramoğlunun bir şeiri ilə yekunlaşdırıb.

A.AĞAZADƏ
İstanbul, 05.11.2017

 





05.11.2017    çap et  çap et