525.Az

İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik


 

İtaliyaya səfər: <b style="color:red">keçmişin əks-sədası və gerçəklik</b>

(Əvvəli ötən şənbə saylarımızda)

Neronun gölünün yerində tikilən Kolizey (Colosseo), daha dəqiq olaraq Flavi amfiteatrı adlanmaqla, əyləncə yeri idi.

Kolizey adını amfiteatr Neron dövründəki Koloss heykəlinə yaxın olduğuna və nəhəngliyinə görə almışdı. Bu tikinti Roma sivilizasiyasının ən böyük möcüzələrindən biri idi.
 
Onun tikintisini imperator Vespasian başlatdırmış, istifadəyə isə Titin dövründə, 80-ci ildə verilmişdi. Bu gələcək imperator 70-ci ildə bir sərkərdə kimi öz ordusu ilə Yerusəlimi yerlə yeksan etmişdi.

Oval stadionun dairəsi 1/3 min idi, xarici ölçüləri 415 futdan 615 futa qədər idi. 160 futluq (49 m) hündürlüyündəki fasadı üçmərtəbəli olmaqla, 80 tağdan ibarət idi, həmçinin onun çardaq mərtəbəsi də var idi. Heyranedici sütunlar Martsell teatrı binası qaydasında tərtib edilmişdi. Çardaq mərtəbəsi 50 min tamaşaçını günəşin istisindən qorumaq üçün tentlə örtülürdü. Burada təkcə qladiator döyüşləri getmirdi, həm də onlar yırtıcı vəhşi heyvanlarla vuruşurdular. Səhnə su ilə doldurulduqda isə dəniz döyüşü tamaşası gedirdi. İspaniyanın Merida şəhərinin kənarında mən b.e.ə. I əsrdə mərmərdən olan gözəl Roma teatrının yanındakı meydanda qazılmış və divarları daşla örtülmüş kanalları görmüşdüm, onlarda da həmin dövrlərdə dəniz döyüşlərinin qladiatorlar vasitəsinə təqlidi nümayiş etdirilirmiş.

Amfiteatrın struktur çərçivəsi və fasadı travertindən idi, ikinci divar vulkan tufundan ibarət olmaqla, daxili divardakı çökək boşluq və sütunlar qübbəsi betondan idi.

Ümumilikdə isə Kolizey min ildən çox bir müddətdə rahat daş karxanası rolunu oynamışdı, yalnız XIX əsrin əvvəllərində papanın göstərişi ilə bu vandalizmə son qoyulmuşdu. XVII əsrdə Barberini ailəsi (indi şəhərdə Barberini meydanı vardır) öz sarayını tikmək üçün Kolizeydən sökülən tikinti materialından xeyli faydalanmışdı. Bu ailədən olan papa isə material əldə etmək naminə Panteonun sökülüb dağıdılmasında iştirak etmişdi. Oradan sökülən sütunlardan Müqəddəs Pyotr kilsəsinin tikintisində istifadə olunmuşdu. Buradan da belə bir kəlam meydana gəlmişdi. “Barbarlar edə bilmədiyini, Barberinilər etdilər”.

Konstantin 315-ci ildə, Mulviya körpüsü üstündəki qələbəsindən üç il sonra bayram etmək üçün öz tağını ucaltmışdı. Onun yanında bir əsr əvvəl tikilmiş Karakalla hamamları qaynar, isti, soyuq otaqlardan ibarət idi. Oradakı üzgüçülük hovuzu çox iri idi, divarları isə mərmərlə örtülmüşdü. Hamamın ətrafı bağla əhatə olunmuşdu. Digər binada kitabxana, mühazirə salonları, rəssamlıq qalereyaları var idi. Ondan sonra tikilən Diolektian hamamı isə 11 hektar sahəni tuturdu. Ümumiyyətlə, hamam tikintisi başqa ictimai binaların tikintisindən geri qalmırdı. Avropanın digər xalqları hələ ibtidai insan kimi primitiv həyat sürəndə, təmizliyə fikir vermirdilər, romalılar isə şəxsi gigiyenalarına böyük diqqət göstərirdilər. Yuli Sezar “Qalleya müharibələri haqqında qeydlər” kitabında ilk dəfə qədəm basdığı Britaniya adasındakı yerli sakinləri vəhşi kimi təsvir edir, bataqlıqda gizlənən bu adamlar suyun altına girib qamış çubuqlarla nəfəs alırdılar. Hətta 1,6 min il keçdikdən sonra da ingilislər şəxsi təmizliklərinə fikir vermirdilər, kraliça I Elizabetin sarayında çalışan bir məmur yazırdı ki, ömründə iki dəfə çimmişdi, bir dəfə anadan olanda, ikinci dəfə isə evlənəndə təzə gəlinin çimdiyini görüb, onun hərəkətini təkrar etmək istəyəndə. Düzdür, Krit adasındakı Knossos sarayının otaqlarına hələ b.e.ə. XVII əsrdə isti və soyuq su gəlirdi. Axı Krit-Minoy mədəniyyəti Avropa sivilizasiyasının beşiyi hesab olunur. Romalılar isə Avropanın digər aşağı həyat tərzinə malik olan, mədəni yaşayışın yad olduğu xalqlardan xeyli irəlidə olmaqla, onlar üçün nümunə obyekti ola bilərdilər. 

Romanın hərbi qüdrəti, böyük ərazi işğal etməsi onun sakinlərinin yüksək intizamına, iradəsinə, döyüş bacarığına, başqa xalqlarla müqayisədə xeyli inkişaf etməsinə əsaslanırdı. Romalıların heç də yeni silah növü yox idi, çünki yeddi əsr ərzində döyüş silahları inkişaf etməmiş, təkmilləşməmişdi. Deməli, hərbi qələbələr birinci növbədə insan faktoru ilə əlaqədar idi. Sərkərdələr strategiya və taktikadan yaxşı baş çıxardıqları kimi, əsgərlər də fədakarlıqla döyüşməyi bacarırdılar. Çünki Roma nizami orduya malik idi, döyüşçülər dinc dövrlərdə də intensiv məşq edirdilər, kotan şumlanmayanda paslandığı kimi, əsgərlər də məşq etməyəndə tənbəlliyə öyrəşir, yemək-içmək və istirahət onları pozurdu. Bunu Kann qələbəsindən sonra Kampaniya əyalətində qışı keçirən Hannibalın ordusunun acı  təcrübəsi sübut etdi.

Romanın məşhur abidələrindən biri Forumdur (Foro Romano). Forum çar və respublika Romasının dini, mülki və kommersiya mərkəzi idi. Yeddi təpə tərəfindən əhatə olunan kiçik, bağlı bir vadidə yerləşirdi. Komitə və Sosial Forum üçün iki iclas yeri var idi. Vadinin digər qurtaracağında isə müqəddəs odu qoruyub saxlayan Vestal qızlarının - vestalkaların məbədi yerləşirdi. Çar Numa Pompilinin iqamətgahı kimi təsvir olunan Regia da buradadır. Sosial Forumun yanında Aralıq dənizi ətrafının üç mühüm bitkisi - üzüm, əncir və zeytun ağacları yüksəlirdi. Forumun geniş qurtaracağında natiqlər üçün tribuna qoyulmuşdu, hərb gəmisindən qənimət kimi götürülmüş qoç başı şəklindəki platforma (rostra) ilə bəzədildiyindən, ona Rostra deyirdilər. Buradan təkcə natiqlər çıxış etmirdilər, rostra həm də qisas nümayişi üçün istifadə olunurdu. B.e.ə. 43-cü ildə ikinci Triumviratın üzvü olan Mark Antoni öz düşməni, böyük mütəfəkkir Tsitseronu öldürtdükdən sonra xalqı qorxutmaq üçün onun başını və əllərini rostra üzərində qoydurmuşdu. Yəqin ki, çoxları Sankt-Peterburqun Vasilyevski adasındakı Rostra adlanan iki qülləni xatırlayırlar, həmin qüllələrdə də rostranı andıran əlamətlər vardır. Senatın iclasları gedən bina isə Kuriya adlanırdı. Yuli Sezar Kuriya üçün yeni və xeyli böyümüş bina tikdirmişdi.

Sezar öz Forumunu dükanlar və məbədlər üçün tikdirdi, onun yanında sonralar Avqustun, Nervanın, Trayanın və Vespasianın forumları cərgələnirdi. İlk teatrlara gəldikdə isə Tibrin yanındakı Pompey teatrı Romada daşdan tikilmiş ilk bina idi. B.e.ə. 44-cü ilin mart idilərində - 15 martda Senat burada toplaşmışdı. Orada Sezar 23 xəncər zərbəsi alıb, Pompeyin heykəlinin ayağına yıxılıb, həyatla vidalaşmışdı. Pompey teatrından sonra isə Martsell teatrı gəlirdi.

Ölümündən sonra allaha çevrilən Sezarın məbədi Forumla Regia arasında ucalırdı. Onun tərəfdarları b.e.ə. 42-ci ildə Makedoniyadakı Filippidə əleyhdarlarını məğlub edib, Sezarın qatilləri olan Brutu və Kassini öldürdülər.

Tibrin sağ (qərb) sahilində Vatikan şəhərinə və Trastvereyə girəcəkdə Müqəddəs Mələk qəsri (Castel Sant'Angelo) və ya Hadrian mavzoleyi yerləşir. Tibrin bu hissəsindəki 11 körpü xüsusi maraq mövzusudur. Üstündə mələklərin heykəllərini əlavə etməyi Berninin xahiş etdiyi Sant Ancelo körpüsü (Ponte di Sant'Angelo) baş körpü olmaqla, II əsrin əvvəllərində tikilmişdir. Doğrudan da heykəllər körpüyə xüsusi gözəllik verir. Bir il sonra Hadrian burada öz sərdabəsini tikdirməyə başladı. Tikinti imperial mavzoley formasında idi, bir əsr sonra Avrelian divarına qatılıb, Romanın müdafiəsinin baş istehkamına çevrildi. Sant Ancelo adı isə sonralar meydana gəldi. 587-ci ildə papa Böyük Qriqori şəhərdə xoleranın sona çatması barədə Mariya anaya dua edərkən, özünün dediyinə görə, sərdabənin başında dayanan böyük mələk Mikael görünmüşdü. Epidemiya kəsildi və sərdabə bu hadisədən sonra Müqəddəs Mələk Qəsri kimi tanınmağa başladı. Bir müddət bura papa qəsri oldu, burada həm də dustaqxana var idi. Papanın qəsrdən bir sığınacaq kimi Vatikana aparılması üçün keçid də mövcud idi.

Sezar tərəfindən tikintisi başladılan və Avqustun ölümündən əvvəl başa çatdırılan Martsell teatrı bu adı, ilk imperatorun qohumu olan gəncin vaxtsız ölümünə görə almışdı. Onun fasadı Kolizey üçün model kimi istifadə edilmişdi, həm də Renessans arxitekturasının aparıcı üslubuna çevrilmişdi.

Avqust b.e.ə. 30-cu ildən ölənə qədər imperiyaya təkbaşına hökmranlıq etmişdi. Onun dövrü həm də latın ədəbiyyatının qızıl dövrü kimi qiymətləndirilir, bu illərdə Vergili, Horatsi, Ovidi yazıb-yaratmışdılar. Dostu Metsenat ədəbiyyata himayəçilik edirdi, “metsenatçılıq” ifadəsi də buradan yaranmışdır.

Avqustun sərdabəsindən şimal tərəfdə Via Flaminia, indiki Korso küçəsi uzanır, bu ad “qaçış” mənasını verməklə, at cıdırından götürülmüşdür. Çayın ətrafındakı düzənlikdə çoxlu məbədlər, hamamlar, orta əsrlərdə isə idman meydançaları var idi. Burada üç imperial abidə qalmışdır, bunlar Panteon, Avqust Sülhü Mehrabı və Hadrian sütunudur.

Tibr adasına bağlanan sahə respublikanın başlıca cıdır və idman zonası idi, XVI əsrdən isə yəhudi gettosuna çevrildi. Həmin vaxt papa yəhudiləri gettoda komendant saatı məhdudiyyəti altında saxlayırdı. Bu, Hitlerin Varşavada yaratdığı yəhudi gettosunu yada salır. Bədbəxtlikdən, sonrakı papalar da əvvəlki sərt antisemitizm qaydaları proqramını həyata keçirirdilər. Romanın Birləşmiş İtaliyaya daxil olmasına qədər yəhudilər bütün professiyalardan, dövlət xidmətindən və torpaq sahibliyindən təcrid olunmuşdular.

(Ardı var)

 





06.11.2017    çap et  çap et