525.Az

Səhnədə, ekranda və yaddaşlarda əfsanələşmiş sənətkar


 

Səhnədə, ekranda və yaddaşlarda əfsanələşmiş sənətkar<b style="color:red"></b>

Görkəmli aktyor, yaddaqalan rolların mahir ifaçısı, əsl sənət fədaisi, Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyi tamam olur.

Prezident İlham Əliyevin yubileyin ölkə miqyasında qeyd olunmasına dair müvafiq sərəncamına əsasən, aktyorun həyat və yaradıcılığına həsr edilmiş silsilə tədbirlər keçirilməkdədir. Həmin silsilədən, oktyabrın 27-də Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, Xalq artistinin anadan olmasının 120 illiyinə həsr edilmiş tədbir gerçəkləşib. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Dövlət Teatr Muzeyi və Dövlət Film Fondunun birgə təşkil etdikləri tədbirdə qonaqlar əvvəlcə sənətkarın həyat və yaradıcılığına aid fotosərgiyə baxıblar.

Tədbirdə Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxış edərək unudulmaz aktyorun yaradıcılıq dünyasından danışıb. Aktyorun sənət dünyasının özünəməxsusluğundan söz açan muzeyin direktoru görkəmli aktyoru əsl sənətkar kimi xarakterizə edib.

Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev sənətkarın sənət fəaliyyəti ilə yanaşı, milli kinomuzun inkişafındakı xidmətləri haqqında danışaraq deyib ki, A.Gəraybəyli teatrda, eyni zamanda, kino sahəsində çoxsaylı obrazları ilə tamaşaçıların qəlbini fəth edib. 1897-ci ildə Şamaxıda bəy ailəsində dünyaya gələn sənətkar səhnədə və ekranda 100-dən artıq obrazlar qalereyası yaradıb. 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan unudulmaz sənətkar "Müfəttiş", "Nişanlı qız", "Əliqulu evlənir", "Ölülər", "Aydın", "Yurdsuz insanlar", "Od gəlini", "Fərhad və Şirin", "Ovod" və digər səhnə əsərlərində bir-birindən fərqli rollarda çıxış edib. İlk dəfə filmə 1924-cü ildə çəkilən A.Gəraybəyli "Qız qalası"nda həkim obrazını mükəmməl tərzdə oynayıb. 1928-ci ildə "Hacı Qara" filmində Əsgər bəy rolunda çıxış edib. 1937-ci ildə "Dəcəl dəstə" uşaq filmində ata, 1947-ci ildə "Fətəli xan" tarixi-bioqrafik filmində İran sərdarı rollarını ifa edən aktyorun "Bəxtiyar" filmindəki Ağabala obrazı onun kino yaradıcılığında xüsusi yer tutur. "O olmasın, bu olsun" kinokomediyasındakı Rüstəm bəy surəti aktyorun teatr və kinoda yaratdığı ən müvəffəqiyyətli işlərindən hesab edilir.

A.Gəraybəyli müxtəlif vaxtlarda "Qızmar günəş altında" filmində Sərdarov, "Leyli və Məcnun"da İbn Xalid, "Yaşamaq gözəldir, qardaşım"da Dayı, "Poçt qutusu"nda Bəy, "Ulduzlar sönmür"də Jandarm, "Bizim küçənin oğlanları"nda Rüstəm kişi, "Mən nəğmə qoşuram" və "Musiqi müəllimi" filmlərində epizodik rollar oynayıb.

İstər teatrda, istərsə də kinoda bu böyük sənətkarın yaratdığı yüzlərlə surət, onun tükənməz zəhmətinin, gərgin əməyinin bəhrəsidir.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Xalq artisti Hacı İsmayılov, teatrşünas Aydın Talıbzadə aktyorun sənət dünyasına ekskurs edərək onun yaradıcılıq nailiyyətlərini sadalayıblar. Bildiriblər ki, A.Gəraybəyli hər zaman insani keyfiyyəti ilə yaradıcılığı vəhdət təşkil edən sənət adamı kimi tanınıb, sevilib.

Sonda aktyorun ailəsi adından çıxış edən nəvəsi - Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli sənətkarın xatirəsinə göstərilən ehtiram üçün Prezidenti İlham Əliyevə, həmçinin, tədbirin təşkilində əməyi olanlara minnətdarlıq ünvanlayıb.

lll

Ağasadıq Gəraybəyli bənzərsiz rolları, fədakar zəhməti ilə böyük bir xalqın sevgisini qazanmış unudulmaz sənətkarlarımızdandır.

Tanınmış teatr-kino xadimi Adil İsgəndərovun qeyd etdiyi kimi, o, təkcə Rüstəm bəy rolunu oynasaydı belə, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı. Ancaq onun işi Rüstəm bəylə, Ağabalayla, İbn Xalidlə bitmir. İstedadlı və zəhmətkeş aktyor Azərbaycan teatr və kino sənətini 200-ə qədər ən müxtəlif obrazlarla zənginləşdirir.

A.Gəraybəyli hər zaman bir aktyor kimi müxtəlif rolları ilə ön planda olub, ən fərqli xarakterli insanların obrazlarını təbii və inandırıcı tərzdə biz tamaşaçılarına təqdim edib. Adətən, məhz buna görə aktyorların şəxsi taleyi bir qədər kölgədə qalır. Tamaşaçı yaxşı aktyorun səhnədəki obrazına o qədər aludə olur ki, səhnədən, ekrandan kənardakı həyatla çox da maraqlanmır. Biz isə mərhum sənətkarın bioqrafiyasını unutmamaq üçün bu yazıda qısa şəkildə xatırlatmaqda fayda var deyə düşündük:

Ağasadıq Gəraybəyli 1897-ci ildə, özünün dediyi kimi, Novruz bayramı qabağı, lap dəqiqi isə martın 15-də Şamaxıda bəy ailəsində dünyaya göz açıb. Atasını erkən itirdikdən sonra Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə görkəmli dramaturq Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun tövsiyəsilə teatr kursuna yazılıb. 200-ə qədər müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı, kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb, alqışlarla qarşılanan səhnə xadimləri sırasında xüsusi yer tutub. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Məşhur müğənni Bülbüllə, Xalq yazıçısı Mirzə İbrahimovla, Xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyir: "Ay qardaş, ay qonşu, ay oynadığı rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək". Onun cavabı isə qısa olur: "Yox, Süleyman, hələ ki ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!"

92 il ömür sürən, Azərbaycan səhnəsində unudulmaz izlər qoyan, çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülən Ağasadıq Gəraybəyli 1988-ci il dekabrın 5-də Bakıda vəfat edib.

2007-ci ildə ölməz sənətkarın anadan olmasının 110 illiyi və səhnə fəaliyyətinin 80 illiyi təntənəli şəkildə qeyd olunub.

"Yox, yox, canım eee... indicə Hüseynova bacıları öz məharətlərini görsədəcəklər". "Bəxtiyar" filmindəki Ağabala obrazında söylədiyi bu replika onu əfsanələşəcək qədər məşhurlaşdırıb. Ən böyük sevinci "O olmasın, bu olsun"da Rüstəm bəyi oynamaq olmasına baxmayaraq, özünün ən sevdiyi obraz da məhz Ağabala imiş. Söhbətlərində bu obraz haqqında xüsusi sevgi ilə danışarmış.

O, aktyorluq məharətini nə az, nə çox, düz 80 il nümayiş etdirdi. İlk dəfə 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağaların köməyi ilə səhnəyə çıxan aktyor ömrünün son günlərinə qədər canı, həyatı, varlığı qədər sevdiyi səhnəsindən ayrılmadı.

Aktyorun qızı Zemfira xanım atasının səhnəyə bağlandığı günləri belə xatırlayır: "O vaxtlar teatrda qadın rollarını kişilər oynayırdı. Bir gün qadın rolunun ifaçısı xəstələnir və əvəz etməyə adam axtarırlar. Onda əmim Ağalar deyir ki, mənim bir qardaşım var, özü də yaraşıqlıdır, gedib evdə danışıb razı salaram. Atam əvvəlcə qadın rolunda oynamağa razı olmur, lakin əmim onu birtəhər razı salır. Əmim Ağalar Hüseyn Ərəblinski ilə Qori seminariyasında bir yerdə oxumuşdu. Atam isə C.Cabbarlı ilə tələbə yoldaşı olmuşdu. Babam elə bir mühitdə böyümüşdü ki, incəsənəti sevməyə bilməzdi. Məşhur aktyor Hüseyn Ərəblinski atamgillə bir məhəllədə yaşayır, onların evinə gedib-gəlirmiş. Hətta bəzən teatr tamaşalarını da onların evində məşq edərmişlər. Həmin vaxtlar H.Ərəblinski ilk Azərbaycan kinofilmi olan "Neft və milyonlar səltənətində"də çəkilir və atamgilin ailəsini filmin ilk baxışına dəvət edir. Az sonra Ərəblinski teatrda atamın ilk rejissorlarından biri olur. Atam sonralar səhnəyə ilk çıxışını belə xatırlayırdı: "Hüseyn Ərəblinskinin oyunu məni necə ovsunladısa, başladım titrəməyə. Səhnə çox təsirli idi. Bir də onu gördüm ki, gözlərimdən yaş gəlir. Ərəblinski də başımı sığallayıb gülür. Bura səhnənin arxası idi. Sən demə, mən səhnədə Ərəblinskini ağlayan görüb, hönkürə-hönkürə ona tərəf qaçmışam, ağlaya-ağlaya da səhnədən çıxmışam. Bu mənim səhnəyə ilk gəlişim oldu".

Müxtəlif illərdə tamaşaçıların yaddaşına həkk olunmuş neçə-neçə obraz yaradan sənətkar sonuncu rolunu canlandırdığı "Xurşudbanu Natəvan" pyesində səhnəyə çıxarkən artıq gözləri görmürdü. Bütün çətinliklərə baxmayaraq, 92 yaşlı aktyor son rolunun da öhdəsindən məharətlə gəlir. Hətta o, rolunu elə gözəl ifa edir ki, tamaşaçılar səhnədəki aktyorun gözlərinin görmədiyini, sadəcə intuisiyaları ilə hərəkət etdiyini sezmirlər.

Bu, əsl teatr sevgisinə, sənət yanğısına bağlı hal idi. A.Gəraybəyli kinoda da çox rol almağına baxmayaraq, teatra daha çox üstünlük verərmiş. Müsahibələrinin birində bu haqda danışarkən deyib: "Aktyor teatrda yetişməlidir".

Bu qədər böyük uğurların arxasında istedad, zəhmətsevərlikdən əlavə, canlandırdığı rolu bütün qəlbi ilə duya bilmək, hiss etmək bacarığı da dayanırdı. A.Gəraybəyli səhnəmizin və kinomuzun ən məhsuldar aktyorlarından sayılsa da, canlandırdığı bütün qəhrəmanlar tamaşaçıların yaddaşına bircə-bircə həkk olub. Bu da sənətkarın öz işinə böyük ciddiyyətlə yanaşmasından, xarakteri əvvəlcə öz içindən, ürəyindən keçirib, onun əslində kim olduğunu birinci özünün anlamağa çalışmasından irəli gəlir. Rolu ilə tanınıb xatırlanmaqdan möhtəşəm uğur varmı  səhnə xadimi üçün?!

A.Gəraybəyli özündən sonra böyük bir məktəb qoyub getmiş sənətkardır. O məktəbdən bəhrələnən, öyrənən, onun açdığı cığırın davamçıları olan mahir aktyorlar nəsli yetişib və yetişməkdədir.

Bütün həyatını xalqına, xalqının mədəniyyətinə həsr edən sənətkara ən böyük qiymət də məhz xalqımızdan, dövlətimizdən gəlir. Ağasadıq Gəraybəyli kimi sənətkarlarımız unudulmur, hər zaman ehtiramla, layiqincə xatırlanır.

Şahanə MÜŞFİQ

 





07.11.2017    çap et  çap et