525.Az

Fikrət Əmirov və Niyazinin əsərləri Kaliforniyada - Foto


 

Fikrət Əmirov və Niyazinin əsərləri Kaliforniyada - <b style="color:red">Foto </b>

Noyabrın 5-də ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirov, həmçinin görkəmli dirijor və bəstəkar Niyazinin əsərlərinin ifa olunduğu geniş konsert keçirilib.

Sakramentonun tarixi Krest Teatrında keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Əsərləri səsləndirən kollektiv, yəni dünya şöhrətli dirijor Maykl Nyumanın rəhbərlik etdiyi Sakramento Gənclər Simfoniyası ABŞ-ın ən tanınmış simfonik orkestrlərindən hesab olunur.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən və 1000-dək amerikalının iştirak etdiyi konsertdə Azərbaycan musiqiçisi Mustafa Mehmandarovun dirijorluğu ilə, gənc müğənni Mərziyyə Hüseynovanın ifasında Sakramento Gənclər Simfoniyası Fikrət Əmirov və Niyazinin ən tanınmış əsərlərini səsləndirib. Proqramda F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx da nümayiş olunub.

Konsertdən öncə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, bu cür möhtəşəm konsertin Kaliforniyanın paytaxtında keçirilməsinin əlamətdar və tarixi hadisə olduğunu bildirib. O, Azərbaycan haqqında tamaşaçılara məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.  Sonda baş konsul konsertin ərsəyə gəlməsində göstərdiyi səylərə görə Sakramento Gənclər Simfoniyasının direktoru Maykl Nyumana, musiqiçilərə, həmçinin Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarovaya dərin təşəkkürünü bildirib.

Konsert proqramı F.Əmirovun “Azərbaycan Kapriççiosu” ilə təntənəli şəkildə yekunlaşıb.

Sonra qonaqlara Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı zəngin Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

XƏDİCƏ

 





07.11.2017    çap et  çap et