525.Az

İstanbulda tarixi erməni cinayətlərini ifşa edən iki yazıçı imza günü keçirdi


 

İstanbulda tarixi erməni cinayətlərini ifşa edən iki yazıçı imza günü keçirdi<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərindəki TÜYAP sərgi mərkəzində keçirilən 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış türkiyəli yazıçı və tərcüməçi Mətin Yıldırımla AzərTAc-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı imza günü keçiriblər.

İmza günündə tanınmış elm, sənət adamları, yazıçı və şairlər, oxucular, müəlliflərin yaxınları, dostları iştirak ediblər.

İstanbulda fəaliyyət göstərən “Emre-Truva” Yayınlarının sərgidəki bölməsində təşkil olunan imza günündə M.Yıldırım “Taleyimi ermənilər yazdı!” silsiləsindən – “Ölümün əks tərəfi” və “Nora ilə Şir Məhəmməd”, S.Şahtaxtı isə “Anadolu çırağı” əsərini oxuculara təqdim edib.

M.Yıldırımın hər iki əsəri Birinci Dünya müharibəsindən sonra erməni silahlı birləşmələrinin Türkiyənin şərqində, indiki İran İslam Respublikasının Qərbi və Şərqi Azərbaycan vilayətlərində, o cümlədən, Naxçıvanda törətdikləri soyqırımılardan bəhs edir.

Müəllif eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, 1918-ci ildə Bakının erməni-daşnak silahlı birləşmələrindən azad olunması məsələlərinə aid tarixi faktları da obrazlı şəkildə oxuculara çatdırır.

Yazıçı hər iki əsərdə böyük ədəbi ustalıqla erməni terror təşkilatlarının fəaliyyəti və genişlənməsi, onların sıravi erməniləri öz təsir dairəsində saxlamaq üçün tətbiq etdiyi amansız üsullar, Azərbaycan və Türkiyə xalqlarına qarşı həyata keçirdikləri hiyləgərlikləri və silahlı cinayətləri incə çalarlarla oxucuya çatdırmağa nail ola bilib.

S.Şahtaxtının kitabındasa “Sönmüş inam” romanı, “Anadolu çırağı” hekayəsi və “Ölüm həsrəti” dramı yer alıb.

“Sönmüş inam” detektiv əsərdir.

“Anadolu çırağı” hekayəsi 1918-ci ildə Bakının erməni-daşnak silahlı birləşmələrindən azad olunmasından bəhs edir. Bakının qurtuluşundan sonra ermənilər tərəfindən xaincəsinə qətlə yetirilən Qafqaz İslam Ordusunun əsgərinin taleyindən bəhs edir. “Ölüm həsrəti” dramı isə Xocalı soyqırımının motivlərini özündə əks etdirir. Hər üç əsərdə ermənilərin Azərbaycan xalqına qarşı məkrli niyyətləri, məzlum görkəmə bürünərək törətdikləri amansızlıqlar, deportasiya siyasəti, soyqırım və terror aktları barədə obrazlı şəkildə oxucularla ətraflı məlumat verilir. 

A.AĞAZADƏ
İstanbul


































 





08.11.2017    çap et  çap et