525.Az

Azərbaycan Teleradiosu Günü bayram tədbiri ilə qeyd olundu


 

Azərbaycan Teleradiosu Günü bayram tədbiri ilə qeyd olundu<b style="color:red"></b>

Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Radiosunun 91, Azərbaycan Televiziyasının 61 illiyinə, həmçinin, 6 Noyabr-Azərbaycan Teleradiosu gününə həsr olunan bayram tədbiri keçirilib.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivini təbrik etməyə gələnlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin təmsilçiləri və digər nüfuzlu qonaqlar da olublar.

Qonaqlar teatrın foyesində Azərbaycan Radiosu və Televiziyasının keçdiyi tarixi və şərəfli yolu əks etdirən fotostendlə tanış olublar. Azərbaycan Radiosu və Televiziyasına aid müxtəlif avadanlıqlar da qonaqlar tərəfindən maraqla qarşılanıb.

Təntənəli mərasim Xalq Çalğı Alətləri Orkestrinin ifasında Müslüm Maqomayevin bəstəsi olan "Radio marşı" ilə başlayıb. Qonaqları salamlayan Azərbaycan Televiziyasının aparıcıları milli radio və televiziyamızın keçdiyi tarixi yola nəzər salıblar. Bu günün dövlətimiz və xalqımız üçün əhəmiyyətindən bəhs edən çıxışçılar qeyd ediblər ki, 91 il əvvəl-1926-cı ilin 6 noyabr tarixində "Danışır Bakı" kəlməsi ilə Azərbaycan Radiosunun fəaliyyətə başlaması tarixi hadisə olmaqla şərəfli yolun əsasını qoydu. 30 il sonra ona qoşulan Azərbaycan Televiziyası xalqımızın həyatında, milli mədəniyyət tarixində mühüm rol oynadı, vətənimizə, xalqımıza şərəfli xidmət etdi.

Milli radio və televiziyamız xüsusən müstəqillik illərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin, milli maraqların, zəngin mədəniyyətimizin yorulmaz təbliğatçısı olub.

91 il əvvəl yaranan milli radio, 61 il əvvəl yaranan ana televiziyamız bu gün gəncləşir və müasirləşir. Bununla yanaşı, həm radiomuzda, həm də televiziyamızda yaşlı nəslin nümayəndələrinin - peşəkarların təcrübəsindən geniş istifadə olunmaqla müasir çağırışların tələblərinə uyğun yaradıcı mühit yaranıb.

Tədbirdə Azərbaycan Televiziyasının istehsal etdiyi məşhur film və tamaşalardan səhnəciklər qonaqlara mənəvi zövq yaşadıb, onları zaman keçidi ilə bir neçə on illik əvvələ aparıb.

Mərasimdə o da qeyd olunub ki, Nəriman Nərimanovun "Şamdan bəy" adlı əsəri əsasında rejissor Rauf Kazımovskinin quruluş verdiyi ilk teletamaşa 1956-cı il mayın 10-da canlı olaraq tamaşaçılara təqdim edilib. Bununla da Azərbaycan Televiziyası böyük bir mədəniyyət yoluna start verdi. İndi Azərbaycan Televiziyasının qızıl fondunda 100-lərlə uğurlu teletamaşa qorunub saxlanır.

Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban Əliyevanın irəli sürdüyü, onun ideya müəllifliyi ilə həyata keçirilən Beynəlxalq və yerli muğam müsabiqələri milli mədəniyyətimizə böyük töhfələr verir. 2009-cu ildən efirə çıxan "İdman-Azərbaycan", 2010-cu ilin 14 fevralında efirə çıxan "Mədəniyyət" kanalları da uğurlu fəaliyyət göstərir. Bu gün "Azərbaycan Televiziyası və Radio Verilişləri" QSC-nin Səsyazma evində 11 musiqi kollektivi fəaliyyət göstərir.

Bayram tədbiri respublikanın tanınmış sənətçilərinin ifasında konsert proqramı ilə davam edib.

Şahanə MÜŞFİQ

 





08.11.2017    çap et  çap et