525.Az

Milli dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzi


 

<b style="color:red">Milli dövlətçiliyimizin və müstəqilliyimizin müqəddəs rəmzi</b>

Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb.

1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir. Milli dövlətçilik tariximizdə oynadığı rola görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinə müstəqillik dövründə həmişə böyük qayğı ilə yanaşılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cümhuriyyətin 100 illiyinin 2018-ci ildə təntənəli şəkildə qeyd edilməsi üçün sərəncam imzalayıb.   

Naxçıvanda yenidən və əbədi yüksələn bayraq 

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılıb, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılıb, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılıb. Məhz dahi dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil edib, milli dövlət quruculuğunun əsasında dayanıb.

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrildi. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başladılan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən, Dövlət Bayrağını da qəbul etdi. 

Ən uca, ən ali dəyər... 

Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Birləşmiş Millətlər Təşkilatı kimi mühüm beynəlxalq təşkilatın qeyri-daimi üzvü olan, sülhməramlı tədirlərdə bütün qüvvəsilə iştirak edən dövlətimiz üçrəngli bayrağı ilə sərhədlər aşdıqca, ölkələr keçdikcə xalqımızın milli simvolu kimi yaddaşları fəth edir, əbədiləşir. Keçirilən müxtəlif tədbirlərdə, beynəlxalq yarışlarda qaldırılan Dövlət Bayrağımız həm də qələbə və zəfər anlayışlarını özündə təcəssüm etdirir. Dalğalandığı hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir, bütün dünya azərbaycanlılarının həmrəylik, birlik rəmzi kimi görünür. Ulu öndərimizin dediyi kimi: "Mən çox ölkələrə gedirəm. Hava limanında Azərbaycan bayrağını görəndə həddindən artıq sevinirəm. Yaşadığım iqamətgahın, əyləşdiyim avtomobilin üstündə Azərbaycan bayrağını, hansı bir yerə danışığa gedəndə Azərbaycan bayrağını görürəm. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət, eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbət bərabər olsun".  

Yeni mərhələdə yaşanan təntənə... 

Ulu öndər Heydər Əliyevin dövlətçilik yolu dünyaya bir Günəş kimi doğan, günü-gündən inkişaf edən müstəqil Azərbaycan Respublikasının idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir. Bu baxımdan Ümummilli liderin dövlət rəmzlərimizə olan qayğısı da həmişə ölkəmizdə ön planda tutulmuş, uğurla davam və inkişaf etdirilmişdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası, həmçinin, daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Bu nailiyyətlərin davamı olaraq Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü təsis etməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalaması milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən, Dövlət bayrağına hörmət və ehtiramın yüksək ifadəsi kimi böyük razılıqla qarşılandı. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı. "Ginnes" dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də Azərbaycan vətəndaşına ayrı bir qürur və iftixar hissi bəxş etdi. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq Azərbaycan vətəndaşına iftixar gətirir. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək deyib: "Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdi... Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir... Bizim bayrağımız qürur mənbəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq" . 

Naxçıvanda uğurla davam etdirilən dövlətçilik yolu 

Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev dəst-xəttinə uyğun olaraq dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanması həmişə diqqət mərkəzində saxlanılıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev dövlətçilik təlimi uğurla davam və inkişaf etdirilir. Dövlət atributlarının təbliği də başlıca yerdə dayanır. Naxçıvan Muxtar Respublikasında Bayraq Meydanının yaradılması istiqamətində aparılmış işlər də razılıq doğurur. Belə ki, "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 avqust 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: "Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır".

Naxçıvan şəhərində inşa edilmiş Bayraq Meydanının mərkəzindəki bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub. Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun təntənəli paradı, hərbi texnika və aviasiya qüvvələrinin təlim yürüyüşü Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün rəmzi olan müqəddəs bayrağımızın etibarlı müdafiə olunduğunu tam mənası ilə nümayiş etdirdi. Mətanətli və döyüşkən ordumuzun, hərbi helikopterlərin nümayiş zamanı böyük təntənə ilə gətirdikləri bayraqlar sanki qələbə meydanına gətirilən zəfər bayrağı kimi alqışlanmaqla bu qələbə və zəfərin yaxın olduğuna ismarıc verdi.

Birliyə, həmrəyliyə çağırış simvolu

Bəli, "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq...uğrunda ölən varsa, vətəndir"... Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğruna canlarını verən, azadlıq, istiqlaliyyət, müstəqillik yolunda fədakarlıq nümayiş etdirən Milli Qəhrəman və şəhidlərimizin şəhadəti, əməli, niyyəti bizləri bu bayraq altında birliyə, həmrəyliyə, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi və yüksəlişi uğrunda mübarizəyə səsləyir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir".

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 





09.11.2017    çap et  çap et