525.Az

Mediada kriminal hadisələrin işıqlandırılması mövzusunda konfrans


 

ƏFLATUN AMAŞOV: "MEDİA CƏMİYYƏTƏ MAARİFLƏNDİRİCİ, VƏTƏNPƏRVƏRLİK RUHUNDA, MİLLİ MARAQLARA, MƏNƏVİ DƏYƏRLƏRƏ ZİDD OLMAYAN XƏBƏRLƏR ÖTÜRMƏLİDİR"

Mediada kriminal hadisələrin işıqlandırılması mövzusunda konfrans <b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq" mövzusunda konfrans keçirilib.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən toplantıda şuranın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və rəsmi şəxslər iştirak ediblər.

Konfransda açılış niqti ilə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, mediada xəbərlərin işıqlandırılması zamanı jurnalist etikası və peşəkarlığına ciddi riayət olunmalıdır: "Nəzərə almaq lazımdır ki, kütləvi informasiya vasitələrində yayılan xəbərlərin ölkə ictimaiyyətinə mənfi və müsbət təsirləri var. Media orqanları, jurnalistlər cəmiyyətə maarifləndirici, tərbiyəvi xarakterə malik, vətənpərvərlik ruhunda, milli maraqlara, mənəvi dəyərlərə zidd olmayan xəbərlər ötürməlidir".

Ə.Amaşov bildirib ki, xüsusilə kriminal xəbərlərin yayılması zamanı mənfi tendensiyalar özünü göstərir: "Ciddi media orqanlarından fərqli olaraq, çoxsaylı internet media resurlarında şişirdilmiş, sensasiya xarakterli xəbərlərin yayıldığının şahidi oluruq. Vəziyyət o həddə çatıb ki, axtarış sistemlərində monitorinq apararkən daha ciddi əhəmiyyət kəsb edən yazıların kriminal xəbərlərin kölgəsində qaldığının şahidi oluruq. Bu ondan irəli gəlir ki, rəqabət şəraitində, xüsusilə qeyri-peşəkar media resursları reytinq toplamaq naminə cəmiyyətdə suni sensassiya yaratmağa çalışır. Təbii ki, bütün bunlar son nəticədə cəmiyyətdə böyük narahatlıqla qarşılanır".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev isə mövzunun aktuallığına diqqət çəkərək qeyd edib ki, ölkədə azad medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqəmətində bütün zəruri işlər görülüb: "Bunun nəticəsidir ki, hazırda mediaya heç bir kənar təsirlər yoxdur. Ancaq bəzi hallarda kütləvi informasiya vasitələri, xüsusilə internet media mövcud rəqabət şəraitində ictimai və dövlət maraqlarını unudaraq, hazırladığı məlumatın cəmiyyətdə doğurduğu nəticənin necə olacağını nəzərə almayaraq təsdiq olunmamış informasiyalar yayırlar. Biz 2014-cu ildə cəbhədə baş verən hadisələr zamanı bunun şahidi olduq. O zaman prezident İlham Əliyevin tapşırığı ilə ölkənin aparıcı media orqanlarının rəhbər şəsxlərinin iştirakı ilə böyük toplantı keçirildi".

Son günlər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, regional səviyyədə dövlət başçıları arasında aparılan danışıqlara diqqət çəkən V.Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətinin işə başlaması, Azərbaycan-Türkiyə, Azərbaycan-İran, Azərbaycan-Rusiya və Azərbaycan-İran-Rusiya danışıqlarının təşəbbüskarı dövlətimizdir: "Heç şübhəsiz, keçirilən yüksək səviyyəli görüşlər, həyata keçirilən böyük layihələr yaxın vaxtlarda öz müsbət nəticələrini göstərəcək. Bu barədə ciddi media orqanlarında kifayət qədər informasiyalar, analitik yazılar dərc olunub. Lakin internet media resursları daha çox kriminal xarakterli xəbərlər yaymaqla məşğul olurlar ki, bu da cəmiyyətdə mənfi təsirlərin yaranmasına, xüsusilə, gənc nəslin milli mənəvi köklərə bağlı, vətənpərvər ruhda tərbiyəsinə zərər verir. Həmin media orqanları bunları dərindən düşünməlidir. Azərbaycan mətbuatı öz ənənələrinə sadiq qalmalı, reytinq xatirinə cəmiyyəti ümummilli məsələlərdən yayındırmamalıdır. Bir az məsuliyyətli olmaq lazımdır".

"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə hesab edir ki, bəzi qəzet və saytlar kriminal xəbərlərə geniş yer verir: "Bunu yalnız  sensasiya yaratmaq və qeyri-peşəkarlıq kimi qiymətləndirmək olar. Çünki bu informasiyaların heç bir ictimai əhəmiyyəti yoxdur. Bu cür materiallar işləyərkən yazıda, xəbərdə düşündürücü mövqe, qınaq öz əksini tapmalıdır".

"Ədalət" qəzetinin təsisçisi, deputat Aqil Abbas da qeyd edib ki, kriminal xəbərlərə düzgün yanaşma məsələsi olmalıdır.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə hesab edir ki, hazırda media iki qrupa bölünüb: "Xəbər istehsal edənlər və üzdən köçürənlər”.

B.Quliyev bildirib ki, informasiya məkanında kriminal xəbərlər öz əksini tapmalıdır: "Lakin həmin xəbərləri peşəkarlıqla işləyib oxucuya təqdim etmək lazımdır. Buna xüsusi diqqət olunmadıqda isə mənfi tendensiyalar özünü göstərir, cəmiyyət zərərli təsirlərdən yan keçə bilmir".

Öz növbəsində "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, fakt varsa, medianın onu gizlətməsi doğru deyil: "Bu mənada, sosial, iqtisadi, siyasi və digər xarakterli informasiyalar kimi, kriminal xəbərlər də oxucuya təqdim olunmalıdır. Təqdimat elə olmalıdır ki, cəmiyyət, ayrı-ayrı insanlar bundan doğru nəticə çıxarsın".

V.Mahirqızı hesab edir ki, medianın vəzifəsi hüququ dövlət və hüquqi cəmiyyətin inkişafına dəstək vermək, bu quruculuqda iştirak etməkdir.

Daha sonra çıxış edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və digərləri mövzu ilə bağlı öz fikirlərini bildirib, konfransda aparılan müzakirələrin ciddi nəticələr verəcəyinə əminlik ifadə ediblər.

Ceyhun ABASOV

 





09.11.2017    çap et  çap et