525.Az

Kitab məbədindən qeydlər - Orxan Aras yazır


 

Kitab məbədindən qeydlər - <b style="color:red">Orxan Aras yazır </b>

Bu il də Frankfurt Kitab Sərgisi qaynayan bazar kimi idi. Maşınlarımızı park edib sərginin içinə qədər gedən xüsusi avtobusa mindikdə rəngarəng geyinmiş qadın və uşaqlarla qarşılaşdıq. Hər biri sevdiyi bir roman qəhrəmanının obrazına bürünmüşdü. Ən çox da uşaq kitablarının qəhrəmanları dolaşırdı ortalıqda... Sərgiyə gələn ziyarətçilər öncə o kitab qəhrəmanlarıyla şəkil çəkdirirdilər.

Bu il sərgidə qonaq ölkə Fransa idi. Bu statusun vacibliyini bilən Fransanın gənc prezidenti Makron, Baş nazir Merkelin dəvətlisi olaraq, Frankfurta gəldi. Fransızlar tərəfindən çox da ciddi qarşılanmayan bu təcrübəsiz siyasətçi nitqində Almaniyanı elə təriflədi ki, alman qəzet müxbirləri belə, bu tərifə çaşıb qaldılar.

Haqq üçün, Fransa da layiqli şəkildə sərgidə təmsil olunurdu. Ən cazibədar və geniş yer onların idi və fransızlar qürurla fransız ədəbiyyatını sərgiləmə imkanına qovuşmuşdular.

Bu il Nobel Ədəbiyyat Mükafatına paralel olaraq tanınan Alman Ədəbiyyat Mükafatı Robert Menassanın “Paytaxt” romanına verilib. Yazıçı romanında Avropanın paytaxtı Brüsseldən ironiyalı üslubda bəhs edir. Altmış üç yaşındakı vyanalı yazıçı Robert Menassa ədəbiyyata hekayələrlə başlayıb. Ziddiyyətli kimliyə malik  Menassanın bu sözü Drezden Teatrının qapısından asılmışdı:

“Avropanın nəyə qərar verəcəyini yaxında görəcəyik. Ya universal Avropa, ya da birölçülü və diktəçi Avropa olacaq”.

Sərgidə hər il  Nəşriyyatçılar Birliyi tərəfindən verilən və 1997-ci ildə Yaşar Kamalın, 2005-ci ildə də Orxan Pamukun aldığı Sülh Mükafatı bu il kanadalı yazıçı Marqaret Etvuda verildi. 78 yaşlı bu yazıçı “Kor suiqəsdçi” adlı romanıyla 2000-ci ildə Booker Mükafatını qazanıb.

Sərginin üçüncü günü, Avropada yaşayan türk yazıçılarının türkcə “Avropada Türk Ədəbiyyatı” mövzulu bir proqramı oldu. Mənim də çıxış etdiyim proqrama maraq böyük idi. Avropada yaşayan beş milyon türkün ana dilini qoruması və həm türkcə, həm də almanca yazan bizim kimi yazıçıların problemlərindən bəhs olunan proqrama beş türk yazıçısı da qatılmışdı. Tarixçi-yazar Mustafa Gəncərin təqdim etdiyi proqramda mən  türkcənin gələcəyi və türk ədəbiyyatının Avropadakı durumundan danışarkən, yazıçı-sosioloq Əlaəddin Dikər sosioloji baxımdan köçkün ədəbiyyatını dəyərləndirdi. Danışıqlar həm türkcə, həm də almanca olduğu üçün proqram almanlar tərəfindən də diqqətlə izlənildi.

İran bölməsində, təəssüf ki, türkcə kitablar yox idi. Keçən il mən: “Türkcə kitablar yoxdurmu?” deyə soruşanda orada çalışan iranlı məsul qolumdan tutmuş və Türkiyə bölməsini mənə göstərərək: “Bax, orada türkcə kitablar var”, demişdi. Mən də: “Orada deyil, burada Şəhriyarı, Səhəndi axtarıram” - demişdim. Gülümsəyərək baxmışdı üzümə.

Azərbaycan bölməsi Türkiyə bölməsinə yaxın idi. Oraya Kölndə oxuyan azərbaycanlı tələbələrlə getdik. Bizi isti qarşıladılar. Azərbaycan kökənli millət vəkili və həkim Rahim Şimidtlə tanış olduq. Onun da orada proqramı varmış. Vaxtımız az olduğundan o proqramı izləmədən geri döndük.

Bu il Azərbaycan ədəbiyyatından sərgidə Elçinin “Baş” romanı, yenə Elçin İsgəndərzadənin “Qarabağ üzərinə etüdlər”, Eyvaz Zeynalovun uşaqlar üçün yazdığı “Babamdan hekayələr” və professor Vaqif Sultanlının “İnsan dənizi” adlı kitabları “Vinterwork” nəşrlərinin bölməsində sərgilənirdi. Nəşriyyatçı Vinter bəy və köməkçisi Trinks xanımdan nəşr etdikləri kitabları oxuyub oxumadıqlarını soruşdum. Oxuduqlarını söylədilər. Xüsusilə, Vinter bəylə şəxsi söhbətlərimizdə Azərbaycan ədəbiyyatı ilə bağlı dedikləri diqqətə layiqdir. “Baş” romanındakı tarixi macəra təsirləndirmişdi onu. “Heç bələd olmadığım bir dünyaya addım atmış kimiydim sanki” dedi və əlavə etdi: “Romanı oxuduqdan sonra internetdən o dönəmin gerçək tarixini araşdırdım. Əslində, o tarix və o ölkələrin mədəniyyəti bizim üçün yeni bir ədəbiyyat mövzusu aça bilər”.

“İnsan dənizi”nin təsvirlərini və axıcılığını bəyənmiş. “Qarabağ üzərinə etüdlər” kitabındakı şeirləri oxumuş və Qarabağla bağlı suallar vermişdi. Eyvaz Zeynalovu axıcı tərzdə yazdığı “Bələdçi” və “Alın yazısı” romanlarından bilirdi. Uşaq hekayələri üçün: “Çox şirin hekayələrdir”, dedi.

Bu il kitab sərgisinə damğa vuran digər bir çıxış da almanlar tərəfindən dəvət edilən Türkiyə “P.E.N”  Klubunun rəhbəri Zeynəb Oraldan gəldi. Zeynəb Oral yanındakı Aslı Erdoğan və digər yazıçıların gözlərinin içinə baxa-baxa dedi: “Təəssüf ki, çox zaman əsərləri oxumadan mükafat verdiyimiz də olur”.  Zeynəb xanımın bu etirafı  guya hər kəs tərəfindən heyrətlə qarşılandı. Amma siyasətin və tərəf tutmanın hər yerdə rol oynadığı beləcə, bir yazıçının dilindən də təsdiq edilmiş oldu.

 





10.11.2017    çap et  çap et