525.Az

Elşən Mehdinin şeirləri


 

Elşən Mehdinin <b style="color:red">şeirləri </b>

... Qızım, get anana de ki,
Atam dünən əsəbiydi.
Sənə olan qısqanclığı
Sevgisinin əsəriydi.
Qızım, get anana de ki,
Atam daha cana doyub.
Maaşdan böyük kredit,
İşdə müdir, küçədə it...
Get ona de, bağışlasın,
Pulum yoxdu gəzmək üçün.
İki zərbə gücüm qalıb:
Gecə milçək öldürməyə,
Gündüz soğan əzmək üçün.

lll

İndi gec dururam yuxudan biraz,
Saqqalım uzanır, əllərim əsir.
Bizim məhəllədən biraz yuxarda
Mahnılar azanın səsini kəsir.

Sənə bütün yollar uzaqdan gəlir,
Mənə yad adamlar tanış gəlirlər.
Xoşbəxtlik donuna girən qadınlar
Reklam tablosundan baxıb gülürlər.

Parklardan var-dövlət yağdırır yerə
Sərçələr budağın yaş tərəfindən.
İndi göy qurşağı onacan sayır
Yeni göydələnin baş tərəfindən.

İndi yetim qalıb bütün cümlələr,
Vergüllər əyilən nida kimidi.
Bizim ümidimiz - içkili dildən
Qumar masasında dua kimidi.

lll

1985, bir ev - köhnə, balaca,
Pəncərə şüşəsində, güzgülənən bir qoca
Resepti dilucunda, dua kimi oxuyur,
Dərman qutularını qızıl kimi qoruyur.
O inanmır öləcək, o inanmır qocalır,
Hələ bir ay sonraya, kinoya bilet alır.
Arada qarışdırır köhnə şəkil qutusun,
İki əlli qaldırır sovetin daş ütüsün.
Köynəyinin qolları əlinə silgi gəlir,
Şəkildəki cavanın üzünün tozun silir.
Yağış döyür, çardağın dizləri sızıldayır,
İndi elə yaşdadır susamır, çaysızlayır.
1985. Katolik məzarlığı...

lll

Hələ ömrün harasıdır...
Gülüşün çayı daşdırar.
Sabah yenə günəş çıxar,
Gözümüzü qamaşdırar.

Hələ ömrün harasıdır...
Hələ avtobus gecikib,
Bir qız saçın yana töküb,
Gözəlliyi səni çəkib
Küçələri dolaşdırar.

Hələ ömrün harasıdır...
Saat biri təzə vurub,
Bir qəzet oxu oturub,
Nəvələrin gecə durub
Saçlarını qarışdırar.

Hələ ömrün harasıdı...
Bir təbəssüm pay ver üzə,
Mahnı oxu gəzə-gəzə,
Kədər yuxu versə bizə,
Sevinc saat quraşdırar.
Sabah yenə günəş çıxar,
Gözümüzü qamaşdırar.

lll

Günəş yavaş-yavaş uzağa gedir,
Qaranlıq yenidən şəhərə çökür.
Yenə çətir tutan heykəl darıxır,
İşıq dirəkləri boynunu bükür.
İki tələbə dost baş-ayaq yatır,
Süfrədən aşağı boylanır çaxır.
Surət həddin aşan cavan sürücü
Səhərki tıxacın acığın çıxır.
Küçələr zülməti canına çəkir,
Qaranlıq azdırır yol gedənləri.
Yenə ürəyində tövbə eliyir,
Gecə klubunun cangüdənləri.
Müəzzin yuxusun yarımçıq qoyub,
Dilinin altında beş-altı hədis...
Yorulub işindən, tənhalığından
Ağacı adama oxşadır polis.
Günəş yavaş-yavaş uzaqdan gəlir,
Nizami küçəsi adamla dolur.
Bakıya ilk dəfə gəlmiş tələbə
Sol əlin heykəlin çiyninə qoyur.

Elşən MEHDİ

 





11.11.2017    çap et  çap et