525.Az

Bəstəkar Məmməd Nəsirbəyov yubiley konserti ilə anıldı


 

Bəstəkar Məmməd Nəsirbəyov yubiley konserti ilə anıldı<b style="color:red"></b>

Noyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Naxçıvanın ilk peşəkar bəstəçisi, ictimai xadim Məmməd Nəsirbəyovun 120 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Tədbirə tanınmış mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri, musiqisevərlər qatılıblar.

Konsert proqramından əvvəl qonaqlar sənətkarın həyat və yaradıcılığına dair fotosərgi ilə tanış olublar.

Tədbirdə sənətkarın yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, 1897-ci il iyunun 6-da Azərbaycanın gözəl guşələrindən biri olan Naxçıvanda dünyaya göz açmış Məmməd Nəsirbəyov ziyalı ailəsində böyüyüb. Onun musiqi qabiliyyəti uşaqlıq illərindən özünü göstərib. 1914-cü ilədək ailəsi ilə birlikdə Naxçıvanda yaşayan M.Nəsirbəyov məktəbin xor kollektivində fəaliyyət göstərib, gözəl, cəlbedici səsi olduğundan konsertlərdə solo çıxışlar edib. Nəsirbəyovlar ailəsi Bakıya köçəndən sonra gənc Məmməd tarda çalmağı öyrənib, xalq mahnı və rəqslərinə, muğamlara böyük maraq göstərib. 1923-cü ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə açılan musiqi məktəbinə daxil olan M.Nəsirbəyov Aleksandr Kolotovdan solo, muğam bilicisi Mansur Mansurovdan tar ifaçılığı sənətinin sirlərini öyrənib. Habelə Üzeyir Hacıbəylinin yaratdığı dərnəkdə bəstəkarlıq, dirijorluq, musiqişünaslıq sahəsində ilk addımlarını atıb.

Diqqətə çatdırılıb ki, M.Nəsirbəyovun yaradıcılığında simfonik, kamera, xor musiqisi, instrumental əsərlər, Azərbaycan xalq çalğı alətləri orkestri, mahnı və rəqs ansamblı üçün əsərlər, mahnı və romanslar əsas yer tutur. Onun əsərləri respublikanın aparıcı konsert salonlarında səsləndirilib, musiqi məktəblərinin tədris planına daxil edilib.

Şahanə MÜŞFİQ

 





11.11.2017    çap et  çap et