525.Az

Möhtəşəm yürüş - Fotolar


 

TƏHSİL NAZİRİNİN MÜAVİNİ FİRUDİN QURBANOV: “BAYRAQ YÜRÜŞÜ GƏNCLƏRİN MİLLİ DƏYƏRLƏRƏ EHTİRAM, MİLLİ İDEYALARA BAĞLILIQ RUHUNDA TƏRBİYƏ OLUNMASI BAXIMINDAN ÇOX ƏHƏMİYYƏTLİDİR”

Möhtəşəm yürüş - <b style="color:red">Fotolar</b>

Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Bayraq yürüşü keçirib.

Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Hər bir vətəndaş üçün gözəl fürsət

Təhsil nazirinin müavini Firudin Qurbanov deyb ki, Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayraq milli kimliyimizin simvoludur. Bayrağımız hər bir azərbaycanlının qürur yeridir. Azərbaycan bayrağı milli ləyaqət simvoludur. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq, istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. F.Qurbanovun sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən Bayraq yürüşü gənclərin milli dəyərlərə ehtiram, milli ideyalara bağlılıq ruhunda tərbiyə olunması baxımından çox əhəmiyyətlidir: “Bayraq yürüşü Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirilən bir yürüşdür. Minlərlə dövlət rəsmilərinin, gəncin, tələbənin burada iştirakı hesab edirəm ki, bayrağımıza olan münasibətin ən gözəl təzahürüdür. Prezident İlham Əliyev tərəfindən təsis edilən bu bayram dövlətimizə, bayrağımıza olan hər bir vətəndaşın münasibətini nümayiş etdirmək üçün çox gözəl bir fürsətdir”.

Varlığımızı və gücümüzü dünyada tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı gün uzaqda deyil 

Nazir müavini vurğulayıb ki, bu gün gənc nəsil vətənpərvər ruhda böyüyür: “Azərbaycan gəncliyi öz dövlətini sevir və tarxini dərindən öyrənir. Təbii ki, gənclərin vətənpərvər ruhda tərbiyələnməsi, dövlət bayrağını sevməsi ailədən və təhsildən başlayır. Təhsil müəssisələrində vətənpərvərlik və maarifləndirmə işləri yüksək səviyyədə təbliğ olunur. Həmçinin, kütləvi informasiya vasitələri də bu təbliğatda böyük rol oynayır. Hər hansı tədbirlə əlaqədar böyük zallara girəndə görürük ki, bütün gənclər dövlət himnimizi oxuyur. Sevindirici haldır ki, gənclərimizin hamısı bunu bilir, onlar dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz məktəblərdə, digər təşkilatlarda təbliğ olunur. Söhbət təkcə bayrağı tanımaqdan getmir. Söhbət vətəni, bayrağı insanlara sevdirməkdən gedir. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm”.

F.Qurbanovun dediyinə görə, varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı gün uzaqda deyil.

İnsanlar ürəklə, sevinclə, qürurla, həvəslə yürüşdə iştirak edirdi 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə Tərtər rayonunda möhtəşəm Bayraq yürüşü keçirilib: “Onların bu təşəbbüsünü alqışlayır və dəstəkləyirəm. Ötən il Təhsil Nazirliyi tərəfindən Bayraq yürüşü Bakıda yüksək səviyyədə təşkil olunmuşdu. Bu yürüşdə millət vəkilləri, ziyalılar, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak edirdi. Bu il isə “Bayraq yürüşü” Tərtər rayonunda keçirildi. 2000-dən çox insan ürəklə, sevinclə, fəxr hissi ilə, həvəslə bu yürüşdə iştirak etdi.

Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız keşməkeşli yollardan keçib. O, dövlətimizin müstəqilliyi uğrunda canından keçən oğul və qızlarımızın qanına boyanıb. Buna görə də bizlər üçün müqəddəsdir bayrağımız. Mən inanıram ki, gün gələcək bayrağımız Şuşada, Xankəndində dalğalanacaq”.

Bayraq yürüşünün keçirilməsi təqdirəlayiq haldır 

Millət vəkili Aydın Mirzəzadə isə Bayraq yürüşünün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduğunu qeyd edib: “Tərtər rayonunda keçirilən Bayraq yürüşündə iştirak etməkdən böyük məmnunluq hissi keçirdim. Çox şad oldum ki, belə mötəbər tədbirə məni də dəvət ediblər. Sevindirici haldır ki, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “Asan Xidmət” belə tədbirlərdən birini cəbhə bölgəsində keçirmək qərarına gəlib. Tanınmış ziyalılar, gənclər, media işçiləri həmin yürüşdə iştirak edirlər. Bu tədbirləri Azərbaycanın bütün bölgələrində keçirmək lazımdır. Belə tədbirlərin keçirilməsi insanları daima yüksək əhval-ruhiyyədə saxlayır. Böyüməkdə olan uşaqlar milli atributlarımızın mənasını dərk edirlər. Bir dövlətin bayrağının dalğalanması onun müstəqillik atributlarından biridir.

Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. “Üçrəngli bayraq həm də xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən dövlət bayrağına and içir. Dövlət bayrağının Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanması, ən mötəbər məclislərdə və mərasimlərdə, rəsmi tədbirlərdə və yarışlarda qaldırılması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur”.

A.Mirzəzadə bildirib ki, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin, vətənpərvərlik və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var: “Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Doğrudur, dövlətçilik, vətəndaşlıq orta məktəb dərsliklərində və ya hansısa əyani vəsaitlərdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Amma digər sahələrə nisbətən bu məsələdə əsas vəzifə orta məktəblərin üzərinə düşür. Təhsil müəssisələrində bu məsələyə ciddi yanaşılır və gələcəyimiz olan gənc nəslə vətənpərvərlik hissi aşılanır”.

65 metr hündürlükdə dalğalanan bayraq 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tarixində əlamətdar hadisə kimi qiymətləndirib. O bildirib ki, mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəlir və bundan böyük qürur duyuruq. Ölkənin bütün bölgələrində olduğu kimi, Tərtər şəhərində də bayraq meydanı inşa edilib. 65 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh, iftixar hissi ilə doldurur: “Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaq”.

İzdihamlı bayraq yürüşü

Təhsil üzrə ekspert Etibar Əliyev Tərtər rayonunda Bayraq yürüşünün böyük izdihamla keçdiyini deyir. Onun sözlərinə görə, yüzlərlə iştirakçının iştirak etdiyi “Bayraq yürüşü”nün məhz cəbhə bölgəsində keçirilməsi insanlarımızda vətənpərvərlik hissinin yüksək olduğunu bir daha göstərdi. E.Əliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət bayrağı Azərbaycanın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Prezidentin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Yürüşdən sonra iştirakçılar Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsinə baxıblar. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə onların özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov rayonun Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə də görüşüb, təhsil ocağına hədiyyələr təqdim olunub.

S.QARAYEVA

 





11.11.2017    çap et  çap et