525.Az

İstedadlı naşir, kitab sevdalısı - Xalq yazıçısı Anar yazır


 

"Səhər-səhər" rubrikasında

İstedadlı naşir, kitab sevdalısı - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

İstedadlı naşir, qələm adamı Bəhruz Axundovun vaxtsız ölümü onu tanıyan hər kəsi sarsıtdı.

Ölümündən sonra mətbuatda onun haqqında çıxan ardıcıl yazıları oxuduqca kitaba, ədəbiyyata bağlı olan bu adamı daha yaxından tanıdıq sanki. Çünki son dərəcə təvazökar adam olan Bəhruz Axundov gördüyü işləri reklam etməzdi, uğurlarını hər addımbaşı dilə gətirməzdi. Hələ 80-ci illərdə nəşriyyat işində çalışan, kitabla məşğul olan bu adam işinin peşəkarı idi, kitab nəşri məsələsini hər incəliyinə kimi bilirdi. Elə ona görə də ölkənin nüfuzlu qələm adamları ən mühüm əsərlərini məhz Bəhruz Axundovun rəhbərlik etdiyi “Təhsil” nəşriyyatına etibar edirdilər.

Bəhruz müəllim Yazıçılar Birliyinin üzvü idi, tədbirlərimizdə tez-tez iştirak edir, gənclərin kitablarının, almanaxların çapına dəstək olurdu. Hərdən söhbətlərimizdə mənə yarızarafat “Sizin elə kitabınızı çap edəcəyəm ki, heç zaman yadınızdan çıxmasın” - deyirdi. Elə də oldu. Ulu öndər Heydər Əliyevin vəfatından sonra onunla görüşlərim, söhbətlərim əsasında “Unudulmaz görüşlər” kitabımı yazdım və çapını da məhz “Təhsil” nəşriyyatına etibar etdim. O zaman Bəhruz müəllimin çap işinə necə həssaslıqla, türklər demiş, titizliklə yanaşdığını gördüm, hər fotonun yeri, hər sözün yazılışı yüz dəfə yoxlanır, hər şey yüksək peşəkarlıqla yerinə yetirilirdi. Doğrudan da deyildiyi kimi, “Unudulmaz görüşlər” həm məzmunu etibariylə, həm də nəfis poliqrafik səviyyəsinə görə mənim kitablarımın içərisində özəl yeri olan kitabdır. Bundan başqa, Pərvinin mənim haqqımda yazdığı “Anar dünyası” kitabı da “Təhsil” nəşriyyatında Bəhruz Axundovun böyük diqqəti, qayğısı ilə, yüksək poliqrafik səviyyədə işıq üzü gördü.

Onu da deyim ki, Bəhruz Axundovun kitab işinə həm də öz yaradıcılığı kimi, ayrıca bir incəsənət növü kimi yanaşdığını da müşahidə etmişəm. Təsadüfi deyil ki, onun rəhbərliyi altında işıq üzü görən bir neçə kitab məhz poliqrafik səviyyəsinə görə dəfələrlə “Kitab sənəti” müsabiqələrində qalib olub, “Qran pri”lər qazanıblar.

Ümumiyyətlə, insanın öz işinə sevgisi son dərəcə mühüm məqamdır, uğurun yarısıdır bəlkə də. 2014-cü ildə Türkiyədə, Əskişəhərdə keçirilən Türk dünyası yazarlarının görüşünə və Kitab sərgisinə qatılmışdım. Azərbaycandan “Təhsil” nəşriyyatı da ayrıca stendlə bu sərgidə təmsil olunurdu. O vaxt birgə səfərdə Bəhruz müəllimin müəyyən peşəkarlıq keyfiyyətlərinin, kitaba aşırı sevgisinin və öz işindən necə zövq almasının şahidi oldum. Sərgidə nümayiş olunan hər kitab böyük zövqlə, həssaslıqla seçilmişdi və Bəhruz müəllim özü stendin önündə durub bu kitabları fuar ziyarətçilərinə təqdim edir, müəlliflər haqda danışırdı. Bu mənada kitab işinin onun üçün sadəcə biznes yox, yaradıcılıq olduğunu anladım. Həmçinin, bu işə necə böyük enerji, güc sərf elədiyini də bildim.

Bəhruz Axundov həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi. Gənclərə kitab çapı işinin incəliklərini öyrədirdi. Bir sözlə, enerjisi tükənməz idi. Ona görə də bu enerjinin, həyat eşqinin sahibinin birdən-birə xəstələnməsi çox qəribə oldu. Həyatın belə amansız sürprizləri də olur və onlar qarşısında aciz qalır insan.

Xəstəliyini eşidəndə zəng vurdum ona. Səsi zəifləmişdi, amma yenə də nikbin olmağa, xoş söhbətlər etməyə, buraxacağı kitablardan, görəcəyi işlərdən danışmağa çalışırdı. Bəhruz Axundovun ölümü onu tanıyan, onunla ünsiyyətdə olan hər kəs üçün ağır oldu. İndi onun şərəfli yolunu oğlu davam etdirir. Mən Bəhruz müəllimi işıqlı bir insan kimi, həm də minnətdarlıq hissi ilə xatırlayıram, Allahdan ona rəhmət diləyirəm və düşünürəm, nə qədər ki, övladı onun kitab yaratmaq sənətini davam etdirir, ruhu şaddı.

 





12.11.2017    çap et  çap et