525.Az

Türkiyənin hərbi attaşesi Azərbaycan qazilərilə görüşdü


 

Türkiyənin hərbi attaşesi Azərbaycan qazilərilə görüşdü<b style="color:red"></b>

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general Zafer Ocak bir qrup xüsusi təyinatlı hərbçilərimizlə görüşüb. 

İctimai Birlikdən verilən məlumata görə, general Z.Ocak qeyd edib ki, hər iki xalqın rifahının təmin olunması baxımından ölkələr arasındakı dostluq əlaqələri mühüm rol oynayır: “Türkiyə-Azərbaycan münasibətləri, dərin dostluq bağları tarixin ən mürəkkəb dövrlərində hər iki ölkənin bir-birinə dəstək olmalarına əsas verib. Attaşe Azərbaycan Silahlı Qüvvələrinin son dövrlər regionun əsas güclərindən birinə çevrildiyini vurğulayıb və aprel döyüşlərini buna bariz nümunə kimi misal çəkib.

İctimai Birliyin sədri Emin Həsənli çıxış edərək bildirib ki, hazırda iki qardaş ölkə arasında münasibətlər ən yüksək səviyyədədir: “Türkiyə və Azərbaycan dost ölkə olmaqla yanaşı, həmçinin, dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənindir”.

İki ölkə arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdəki əməkdaşlıq əlaqələrinə toxunan E.Həsənli qeyd edib ki, bu əlaqələr daha da dərinləşməkdədir: “Xüsusilə neft-qaz sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də bu mənada böyük əhəmiyyətə malikdir”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı Türkiyənin həmişə Azərbaycana dəstək verdiyini xatırladan E.Həsənli bildirib ki, Türkiyə işğal faktına görə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər iki qardaş ölkənin silahlı qüvvələrinin döyüş gücünün artırılmasında önəmli rol oynayır.

Ceyhun ABASOV

 





13.11.2017    çap et  çap et