525.Az

"Türkologiya" jurnalı impakt faktor statusu qazandı


 

"Türkologiya" jurnalı impakt faktor statusu qazandı<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı cari ilin oktyabr ayında növbəti dəfə beynəlxalq uğur qazanıb. Jurnal SAJI (Scholar Article Journal Index) beynəlxalq indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb.

Bununla bağlı AZƏRTAC-a məlumat verən jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, "Türkologiya" jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, eləcə də türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir. Son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirən "Türkologiya" jurnalı bu ilin oktyabr ayında SAJI indeksləşdirmə təşkilatı tərəfindən impakt faktor statusu qazanıb. Jurnal ilkin olaraq SAJI-nın 1,765 indeksinə layiq görülüb.

SAJI Hollandiyada fəaliyyət göstərən beynəlxalq indeksləşdirmə və istinad mənbəyidir. SAJI elmi jurnallara indekləşdirmə xidməti göstərir və jurnalların impakt faktorunu, onun yüksək səviyyəsini və üstünlüklərini təyin edir. Burada müxtəlif sahələrlə bağlı minlərlə jurnallar var. Beynəlxalq təşkilatın əsas xidməti elmi məqalələrin nəşri və istinad olunması üçün müvafiq jurnalları tapmaqda müəlliflərə kömək göstərməkdən ibarətdir.

Qeyd edək ki, akademik Kamal Abdulla jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilib. "Türkologiya" jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur.

 





14.11.2017    çap et  çap et