525.Az

Muzey Mərkəzində Mirnadir Zeynalovun əsərləri sərgilənir


 

Muzey Mərkəzində Mirnadir Zeynalovun əsərləri sərgilənir <b style="color:red"></b>

Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illiyinə həsr edilən sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının "Emalatxanada görüş. Mirnadir Zeynalov" layihəsi çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib.

Sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, M.Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı, məharətli icra texnikası, yeniliyi və daimi axtarışları ilə seçilir. Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

 Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda onun dəyərli əsərləri qorunub saxlanılır. M.Zeynalov daxili dünyasını abstrakt üslubda daha dolğun ifadə edən rəssamlardan biridir. Buna görədir ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə, lirik mənzərə əsərlərinə, eyni zamanda, yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gələ bilirik. O, öz üslubu ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özünü belə təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur.

Tədbirdə Xalq rəssamı Ağaəli İbrahimov, Xalq artisti Oqtay Mirqasımov və başqaları rəssamın yaradıcılığından və sənət əsərlərinin özünəməxsusluğundan danışıblar.

M.Zeynalov çıxış edərək onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər yer alıb.

Sərgi noyabrın 15-dək davam edəcək.

Xədicə RƏHMAN

 





14.11.2017    çap et  çap et