525.Az

Mahnı Teatrının səhnəsində "Qonaqlıq"


 

YAZIÇI ƏJDƏR OL: "İNSANLARIN TEATRA CƏLB EDİLMƏSİNDƏ BELƏ TAMAŞALAR XÜSUSİ ROL OYNAYIR"

Mahnı Teatrının səhnəsində "Qonaqlıq"<b style="color:red"></b>

Noyabrın 10-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanmış "Qonaqlıq" musiqili komediyası nümayiş olunub. Baş rolu Xalq artisti Cəfər Namiq Kamalın oynadığı komediyada aktrisalar Zemfira Əbdülsəmədova və Hüsniyyə Əhmədova da çıxış ediblər.

Tamaşanı izləməyə gələnlər arasında ölkənin tanınmış ədəbiyyat və incəsənət xadimləri, ziyalılar və media nümayəndələri olublar.

Saat yarım davam edən komediyada aktyorlar ailə-məişət mövzusuna, ər-arvad problemlərinə həsr olunmuş müxtəlif səhnəciklər və monoloqlarla tamaşaçılara gülüş ziyafəti veriblər.

Tamaşadan sonra yazıçı Əjdər Ol təəssüratlarını qəzetimizlə bölüşüb: "Son onilliklərdə bu tipli tamaşalar olmayıb. Xalq artisti Cəfər Namiq Kamalın Əhməd Orucoğlunun öz sənət dostları ilə birgə hazırladığı bu tamaşa məni lap uzun illər öncəyə - bizim uşaqlıq illərimizə apardı. Xalq artisti Bəşir Səfəroğlu və onun sənət dostlarının ifasında bu cür tamaşalar hazırlanardı. Kiçik yumoristik səhnələrdən, parçalardan hazırlanmış tamaşalar həmişə marağa səbəb olardı. Görünür, uzun illərdən sonra bu tipli tamaşalara ehtiyac yaranıb. Bugünkü tamaşaçı marağı, alqışı da onu göstərdi ki, həqiqətən də belə səhnə əsərləri lazımdır. Əvvəllər teatrlarda hazırlanan bu tamaşalar sonradan televiziyaya keçdi. Televiziya ekranlarında tez-tez bu tipli tamaşalar görərdik. Ancaq əlbəttə ki, teatr canlı ünsiyyət olduğu üçün, insana daha artıq zövq verir. Xalq artisti Cəfər Namiq Kamalın bugünkü oyunu onun daha geniş imkanlarını üzə çıxartdı. Biz onu Milli Dram Teatrının müxtəlif tamaşalarında baş rollarda görürük. Ancaq Cəfər müəllim güclü yumor hissinə malik sənətkarımızdır. Bu tamaşada da daha çox xırda detallara, nüanslara fikir verib, incə məqamları öz oyununun bəzəyinə çevirməyi bacardı. Bu da onun gerçək sənətkarlığından xəbər verir. Belə tamaşaların gələcəkdə başqa ssenaristlər, başqa rejissorlarla da hazırlanmasını arzu edərdim. Bu estrada tamaşaları, yumor axşamları insanları teatra daha çox cəlb edir. İnsanlar bəzən ağır, düşündürücü, fəlsəfi, tarixi mövzulu əsərlərlə yanaşı, bu cür tamaşaları da görmək istəyirlər. Onların teatra cəlb edilməsində belə tamaşalar xüsusi rol oynayır".

Xalq artisti Yasin Qarayev həm tamaşadan, həm də ayrı-ayrılıqda aktyor oyunundan razı qaldığını söyləyib: "Bu gün biz duzlu-məzəli yumoristik səhnəciklərə baxdıq. Xalq artisti Cəfər Namiq Kamal və istedadlı aktyorlar Zemfira Əbdülsəmədova ilə Hüsniyyə Əhmədovanın ifalarından həm biz, həm də tamaşaçılar çox razı qaldılar. Bunu susmaq bilməyən alqışlardan da görmək olardı. Bu gün teatr salonunun tamaşaçılarla dolu olması, seyirçilərin arasında görkəmli ədəbiyyat və incəsənət xadimlərinin də yer alması tamaşaya olan maraqdan xəbər verir. Aktyorların ifası çox uğurlu idi. Ayrı-ayrı personajlara fərqli münasibət açıq-aydın hiss olunurdu. Bir daha tamaşaçılara zəngin daxili imkanlarının bolluğunu nümayiş etdirə bildilər. Hər birinə yeni  uğurlar arzu edirəm".

Şahanə MÜŞFİQ

 





14.11.2017    çap et  çap et