525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim...


 

Yarpaq tökümü və yaxud düşüncələrim...<b style="color:red"></b>

Edəcəyin  yaxşılığın əvəzini Böyük Tanrı özü qaytaracaq

İşıqdan aldığın qüvvəti və qüdrəti elə işığa da xərclə

Allahın altında Allahlıq olmaz!..

Taxıl biçinindən  gəlmək hələ evə çörək gətirmək deyil

Açıq qəlbə külək çox əsər

Dünyanın ən möhtəşəm sevincini çiçəkləyən ağaclar yaşayır...

Sözlərini dişlərinin dibində çürütmə, de gəlsin...

Nübarın tamı damaqda çox qalar

Sonalama, qismətin nədirsə  - odur

Xeyirxahlıq düz başa düşülməyəndə səni köz kimi yandırar

Üzünə-gözünə öyrəşdiyinin yerinə üzünü-gözünü görmədiyin gələcək. Bəs onda nə olacaq?

Yaxınınla olan küsülülüyü tündləşdirmə, qaraldıb şitini çıxarma

Sınaqlar hər zaman qərəzli olmur

Nə danışığını dəyiş, nə yerişini - kənardan tez bəlli edəcək

Bir belə göz yaşları Qəlbin hansı dərinliyində gizlənir görəsən?

ÜrƏk gəlməyəndə dil də gətirmir

Nə qəlbini ovundur, nə özünü aldat

Bir  belə yükü, dərd-səri bir ürək necə çəksin, Allahım?

Simlərdə gəzdirdiyin barmaqların ürəyimin tellərinə toxunmasa yaxşıdır...

Bilmirəm nədəndir,  elə toylar var ki, adama ağırlıq, sıxıntı gətirir, qəlbinə qüssə yığır, durub qaçmaq istəyirsən

İtirdiyin Dostu səndən soruşacaqlar

Yuxuların həqiqətə çevriləndə - sevinə də bilərsən, kədərlənə də

Topların atəşi bir əldən çıxmaz

Gözlərinin Nuru əriyəndə bir gün şam kimi sönəcəksən

Bir anlıq ayaq saxla - dilənən və qara çarşablı qadın sənin Anan deyil ki?..

Hər canlının öz yolu, öz qisməti, öz çörəyi var, qarşısını kəsə bilməzsən

Ölüm hər qapıya bir cür gəlir...

Zəhərli sözləri  dilinin altındakı qənd  də şirin etməyəcək

DƏdƏm qonşusuyla deyib-gülərdi: "Sən elə tərs-məssəb  adamsan ki, hər şeyin  tərsinədir, pul verəndə canın çıxır, danışanda da  pulun..."

Rahat vaxtlarında buraxdığın səhvlər bərk ayaqda, çətin anlarında sənin əleyhinə silah kimi işlədiləcək, sən bunun fərqindəsənmi?

Sözün keçir deyin, elə pislik etməlisən?!.

Dualarının eşidilməsi üçün əməlin düz olmalıdır

Yorğanın altından çıxan ayaqları dartıb yığmaqla gizlətmək olmaz

Sənin əlinlə  evinə bir  qismət çörək aparanın - sənin arxanca ya alqışı, ya da bir qarğışı var

Müsbət və mənfi  insan söhbəti - ədəbiyyatın qondarması və boş cəfəngiyyatdır. Hər insanın içində müsbət və mənfi çalarlar çoxdur. İnsan qəlbi təzadlarla doludur: şəraitə baxır və zamanında üzə çıxır

Sənə olan tərifi baxır kim söyləyir

Hər hürən it qapını qorumaq üçün deyil...

Çəpərdən boylanan qonşu düz əməl sahibi olmaz

Qapını  açdılarsa, ağzında dayanma

KƏdƏr və ehtiyac  adamın boynunu əyər, imkan və vƏzifƏ isə şux və tox göstərər

Hər əldə bir çirk var, hər baxışda bir nəfs

Anam deyərdi ki, kəsiyin çörəyini kəsməzlər, bala...

Ən yaxın və ən isti münasibətlərdə belə qızışıb çox dərinə getmə, bunun geriyə qayıtmağı da olacaq bir gün

Səni aparan yollar səni geriyə qaytaracaqmı?

Baxışlar və zövqlər fərdi olur və heç vaxt üst-üstə düşmür. Başqasına da təlqin etmə!

HƏyƏcan və TƏlƏskƏnlik məğlubiyyətə rəvac verər, şərik olar

Üzünün əvəzinə bığını qırxacaqsansa,  özünü güldürəcəksən!?.

Sözünün mabədini gətirə bilməyəcəksənsə, özünün də arxanı qoruya bilməyəcəksən...

Qarşındakının nə düşündüyünü dərk edib qiymətləndirirsənsə, mübarizə və qələbə asan olacaq

Nənəm ölə bilməyən, ağır can verən insanı görəndə deyərdi ki, zalımın balasının dalında çox qarğış var deyən,  belə zillət çəkir...

Başqasını duyğulandıra bilmək böyük bacarıqdır

Gözləmə ki, bağlı pəncərəni sənin əvəzinə gəlib açan olacaq

Özünü endirib bir də qaldırmağın nə mənası var?

Ayağının altında tapdaladığın hansısa bir canlı ürəyin üstündədir

Min ilin qazancını bircə anın içində itirmək olar...

At üstündə dualar gecdir, yerdəykən tədbirini qıl

Bu dünyada nə rahat həyat var, nə də rahat insan

Gördüyün yuxular sənə həm də "mesajdır".

Haqqın dərgahından haqqın olanda danış!..

İnamsızlar hər yerə şübhə toxumu səpər

Kərənti görən biçənəyin damarı da qaçar, rəngi də

Düyünlü, qırdınlı odunu  yarmaq asandır, nəinki, çətin, tərs-məssəb adamı başa salmaq

Döngəni dönəndə yada salmazlar

Sən özünü, öz  canını gəzdirmirsən ki?! Bir quru can götürüb aparmağa nə var?   

Bütün nəsləri və naqislikləri insan özü gətirib dünyaya

QƏbahƏtlƏ xƏyanƏtin fərqi çoxdur

Elə münasibətlər var ki, üstünə çox getməsən-yaxşıdır

Vaxtından tez banlayan beÇƏnin başını kəsərlər...

"Qalibiyyət"ini gözə soxub "alver" etməyin nə mənası?!.

Yetişməyin vədəsi gələndə yetişmək faydalıdır

İnam və ümid qırılanda ayaq yeriməz, dil açılmaz

Yolun da qibləsi var, başlayacağın işin də

İntizar üzücü olar

Nə yaxşı ki, qulağının dalını görə bilmirsən...

Qabar təkcə əllərdə olmur, insan qəlbində görünməyən o qədər qabarlar var ki... 

Yeriyəndə qıvrıxan adam şübhə toxumu səpər

Elə odlan ki, səni söndürə bilən olsun

Hələ bilmək olmaz ki, özünü ağıllı göstərmək sənə fayda verəcək, ya yox

Qərib yolçu tez bilinər...

HƏsrƏtin sarıdan başqa  rəngi yoxdur

Məclisdə çox məsləhət verib özünü yorma, başqasını da bezdirmə

Hər qələbəni hər yerdə qol gücünə qazanmaq olmaz...

Dağın dərəsi olmasa, yelini kim çəkər?!

Axırı vay olan Var - kimə gərəkdir!?.

 





14.11.2017    çap et  çap et