525.Az

Azərbaycanın şanlı şövkətləri


 

VƏ YA HƏR BİRİ ÖZ SAHƏSİNDƏ ÖNCÜL OLAN İKİ MÖHTƏŞƏM QADIN

Azərbaycanın şanlı şövkətləri<b style="color:red"></b>

Çoxlarından "qadın kimdir?" - deyə soruşsaq, "zəif məxluq", "incə məxluq" cavabını alacağımızdan heç də şübhə etmirəm. Görəsən, özü ilə bərabər başqa bir yaradılışa səbəb olan, bətnindən yeni həyatlar cücərən varlığa "zəif" demək nə dərəcədə düzgündür?! Bəlkə də qadının yaradılışını düzgün anlamayan, ya da onu olduğu kimi dəyərləndirməkdən acizlərin düşünüb tapdığı bir sifətdir zəiflik. Ancaq tarix boyu qadın müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə çalışaraq hər zaman özünün gücünü, qüdrətini sübut edib.

Azərbaycan tarixi də qüdrətli, güclü, aid olduğu sahədə adını təsdiq edən qadınlardan xali deyil. Nə yazıq ki, dünyanın əksər yerlərində olduğu kimi, bizdə də tarixin bəzi dövrlərində qadına xor baxılıb, onların istedadı, qüvvəti kiçildilib, cəmiyyətdəki fəaliyyətləri məhdudlaşdırılıb, ictimai işlərdən uzaq tutulub. Əksər zavallı qadın bu basqılara boyun əyib, içindəki istedadı, savadı gün üzünə çıxarmadan elə içindəcə boğub öldürübdüsə də, bir çox qüdrətli Azərbaycan qadını isə hər zaman onu xor görən cəmiyyətə qarşı dirənməyi, özünü, varlığını sübut etməyi bacarıb, müxtəlif sahələrdə uğur əldə edərək adını tarixə yazdırıb.

Belə qadınlardan ikisi haqqındadır bu yazım. Onların sənətləri fərqli olsa da, adları kimi taleləri, hədəflərinə çatmaq üçün keçdikləri yol və zəhmətlər demək olar ki, oxşar idi.

OPERA SƏHNƏMİZDƏ İLK PROFESSİONAL QADIN İFAÇI 

Şövkət Məmmədova ilk professional Azərbaycan müğənnisi, opera ifaçısı və müəllimidir. 1897-1981-ci illərdə ömür sürən Şövkət xanımın adını tarixə ilk peşəkar qadın müğənnimiz kimi yazdırması heç də asan başa gəlməyib.

Tiflisdə, kasıb pinəçi Həsən kişinin ailəsində anadan olan Şövkət xanımın musiqiyə qarşı həvəsi və sevgisi heç də təsadüfi deyildi. Bu sevgi ona ana südü ilə keçmişdi. Çünki dayısı və xalası qarmon və dəf çalır, çoxlu Azərbaycan xalq mahnıları bilər və ifa edərdilər. Anası Xurşud xanımla qardaşı Muqbil də qarmon çalardılar. Beləcə, Şövkət, demək olar ki, musiqinin beşiyində dünyaya göz açmış, layla əvəzi Azərbaycan milli musiqiləri dinləmişdi. Buna görə də altı yaşından musiqi ilə məşğul olmağa başlayır.

Əvvəlcə A.Kitesin Ev, bir il sonra Müqəddəs Nina məktəblərində, sonra isə 1859-cu ildə təşkil edilən Romanovlar Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin fortepiano sinifində təhsil alan Şövkət xanım ilk dəfə on yaşında ikən italyan müğənnisi Aida Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin "Riqoletta" operasına baxır. Beləliklə, onun opera ilə ilk tanışlığı başlayır. Müxtəlif Azərbaycan və gürcü musiqilərini, romansları öyrənən balaca müğənni dayısı Əmirin hədiyyəsi olan fortepiano ilə özü-özünü müşayiət də edərmiş. O, 1910-cu ildə atası Həsən kişinin qəfil ölümü ilə sarsılsa da, anasının və müəlliminin qayğısı ilə musiqini atmayıb. 

Elə həmin il məktəbi bitirərək nənəsi ilə birgə Bakıya gələn Şövkət xanım yerli maarifçi ziyalıların, ilk növbədə Üzeyir bəy Hacıbəyovun, Məmmədhənifə Terequlovun, Hüseynqulu Sarabskinin, Müslüm Maqomayevin köməkliyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün İtaliyanın Milan şəhərinə yola düşüb. Messenat, Bakı milyonçusu Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanım hər ay ona xüsusi təqaüd göndərirdilər. Arada bu təqaüd gəlmədiyinə görə tələbə qız maddi çətinliklərlə üzləşib və təhsilini yarımçıq qoymalı olub. Onun ilk sənət müəllimi məşhur opera müğənnisi, uzun illər Milanın "La Skala" teatrında işləmiş Dotti Ambrozio idi. O, gənc müğənni ilə səkkiz ay məşğul olur.

Belə bir vaxtda Ş.Məmmədovanın maddi vəsaiti tam tükənib və o, nicat üçün, yenidən Bakıya gəlir.

1912-ci ilin 13 aprelində Üzeyir bəyin rəhbərliyi, həkim A.Axundovun qayğısı ilə Tağıyev teatrı binasında "Ər və arvad" operettası oynanılıb və yığılan vəsait bütünlüklə Şövkət xanıma verilib. Hətta tamaşadan sonra verilən konsertdə Şövkət xanım ilk azərbaycanlı qadın müğənni kimi səhnəyə çıxıb. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir. Namərd qoçular həm Ş.Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin mənzilində yaşadığı həkim Axundovun riski ilə onlar gizlin yolla teatrdan çıxarılır, Abşeron kəndlərinin birində gizlənirlər. Daha sonra müğənni Tiflisə yola salınır.

Tiflisdə Şövkət Məmmədova musiqi təhsilini davam etdirir. 1915-ci ildə müğənninin əri Yakov İsayeviç Lyubarski Tiflisə gəlir. O, Kiyevdə Politexnik institutunda təhsil almaq üçün yola düşəndə gələcəyin qüdrətli opera solisti də onunla gedib. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) A.Şperlinqin vokal sinifinə daxil olur. 1917-1921-ci illərdə burada R. Qlierlə birgə verdikləri konsertlərdə milli musiqimizi təbliğ edir.

Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış edən Şövkət xanım fasilələrlə 1948-ci ilədək bu teatrın solisti olur, rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi elementlərilə əlaqələndirir.

1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, vaxtilə yarımçıq qoymalı olduğu təhsilini 1927-1930-cu illərdə tamamlayır.

Bütün ömrünü Azərbaycan incəsənətinin inkişafına həsr edən sənətkar Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradılmasına nail olur, həmçinin, Azərbaycan Dövlət Konservatoriyasında 1945-ci ildən müəllim, 1949-cu ildən professor kimi ömrünün son günlərinədək tələbələrə professional vokal dərsləri verib. SSRİ Xalq artistləri Firəngiz Əhmədova və Müslüm Maqomayevin yetişib formalaşmasında Şövkət xanımın müstəsna rolu olub.

Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxışlar edib. 1945-1952-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri kimi fəaliyyət göstərir. Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme", L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz ("Nərgiz", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Birincidən başlayaraq, dörd çağırışda Azərbaycan SSR Ali Sovetinin deputatı olub, iki dəfə Lenin ordeni, iki Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.

QADIN ÖZ CƏSURLUĞU, BACARIĞI İLƏ PARLAYANDA...

Azərbaycan xanımı yalnız incənətdə deyil, eləcə də ağır güc və qüvvət tələb edən, bəzən bir çox kişilərin belə aciz qaldığı işlərin də öhdəsindən gəlməyi bacarıb.

Sözügedən ikinci Şövkət məhz belə xanımlarımızdandır. O, ilk qadın gəmi kapitanı Şövkət Səlimovadır. Adını nəinki Azərbaycanın, eləcə də böyük SSRİ-nin, dünyanın tarixinə qızıl hərflərlə yazdırmış qəhrəman qadınlarımızdandır. Həyat və fəaliyyəti ilə o,  qadının üzərindəki "zəif" damğasını silib.

II Dünya Müharibəsi adlanan qanlı savaşda kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərib, qələbənin təmin olunmasında canlarından keçiblər.

Leyla Məmmədbəyova, Dürrə Məmmədova, Sona Nuriyeva, Aliyə Rüstəmbəyova, Züleyxa Seyidməmmədova, Şövkət Səlimova kimi qadınlarımız kişilərlə birgə cəbhədə düşmənlə üz-üzə döyüşdən çəkinməyib, yaxud arxa cəbhədə böyük fədakarlıq göstərərək qadın əzmkarlığını, qadın gücünü bir daha sübut ediblər. Onlar ön cəbhədə mərdliklə döyüşüb, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq göstəriblər. Nə yazıq ki, bütün bunlar Azərbaycanda qadın hərəkatı tarixinin unudulmuş səhifələridir.

Qadın gəmi kapitanı Şövkət Səlimova 1920-ci il dekabrın 25-də İsmayıllı rayonunun Basqal kəndində neftçi Şahbaz kişinin ailəsində anadan olub. Onuşaqlı ailənin ən böyük övladı olan Şövkət xanım hələ kiçik yaşlarından elmə, təhsilə böyük maraq göstərir. Bu sevgisi onu Bakı Dənizçilik Məktəbinə gətirir. 1940-cı ildə o, bu məktəbdə təhsilini başa vurub, gəmiçilik sənətinə yiyələnir. Bu sənət qadın üçün, təbii ki, görülməmiş bir sahə idi. O da zamanında sevib-seçdiyi sənətinə görə ətrafı tərəfindən heç də birmənalı şəkildə qəbul edilmir. Bir qadının nə zamansa gəmi idarə edəcəyi kimsənin ağlına gəlməzdi. Ancaq Şövkət xanım bu çətin peşənin öhdəsindən məharətlə gəlir. Beləcə, bir zamanlar illərini verdiyi, zəhmətilə ucaltdığı sənəti vaxt gəlir ki, onu ucaldır.

Müharibə illərində Ş.Səlimova dünyadakı və vətənindəki hadisələrə biganə qala bilmir, təhsil alıb öyrəndiyi sənətinə arxalanaraq, xalqının yardımına tələsir. O, müharibə illərində Xəzər gəmiçiliyi idarəsində əvvəlcə gəmi kapitanı müavini, sonradan isə gəmi kapitanı işləyir.

Müharibə dövründə dünyada iki qadın gəmi kapitanı vardı. Çox qürurverici haldır ki, onlardan biri məhz həmyerlimiz Şövkət Səlimova idi.

Şövkət xanım müharibə vaxtı gəmi ilə neft, silah daşınmasında böyük əməyi keçən şəxslərdəndir. O, Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı.

1954-1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda dosent, iqtisad elmləri namizədi, təlim-tərbiyə üzrə prorektor və kafedra müdiri kimi çalışan Ş.Səlimova 1974-cü ildən 1989-cu ilə qədər Azərbaycan Dövlət Konservatoriyasının ictimai elmlər kafedrasına başçılıq edib.

Bu fədakar qadının zəhməti, fəaliyyəti hər zaman yüksək qiymətləndirilib, o, dəfələrlə mükafatlandırılıb. Onun təltif olunduğu "Qırmızı Ulduz" və İkinci dərəcəli "Vətən müharibəsi" ordenləri Şövkət Səlimova ilə yanaşı, bütün Azərbaycan qadınlarının cəsarətinə, fədakarlığına verilmiş qiymət sayıla bilər.

 





14.11.2017    çap et  çap et