525.Az

Dini maarifləndirmə işinin təşkili mövzusunda konfrans


 

Dini maarifləndirmə işinin təşkili mövzusunda konfrans <b style="color:red"></b>

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib.

Dini komitədən verilən məlumata görə, "Dini maarifləndirmə işinin təşkili: Təcrübə və yeni yanaşma" mövzusunda keçirilən konfransda rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər və rayon gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı ölkəmizdə dini sahəyə dövlət qayğısından danışıb və bu siyasətin demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını qeyd edib. O, eyni zamanda, rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə də toxunub.

Dövlət komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov respublikanın bütün rayon və şəhərlərində, cəmiyyətin bütün təbəqələrini əhatə etməklə mütəmadi olaraq keçirilən konfrans və seminar-treninqlərdən ətraflı danışaraq dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Qurumun sədr müavini Gündüz İsmayılov isə çıxışında dini maarifləndirmə işini zəruri edən amillər barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, son illər dünyada baş verən proseslər təsdiqləyir ki, din amili təzyiq və təsir vasitəsi kimi önə çıxır: "Hazırda dünyada bölücülük daha çox dini müstəvidədir və bunun səbəblərindən biri din pərdəsi altında terrorizmi, silahlı münaqişələri böyük miqyasda və daha intensiv şəkildə yaratmağın asan olmasıdır".

Sədr müavini qeyd edib ki, təəssüf ki, ölkəmizdə də dini durumda üzləşdiyimiz məsələlərdən biri də radikalizmdir: "Buna görə də cəmiyyətimiz məhz zərərli dini cərəyanlara qarşı intensiv maarifləndirilməli, lazımi dini biliklər sistemli şəkildə verilməlidir. Çünki insanları yalnız inzibati tədbirlər yolu ilə zərərli dini cərəyanların təsirindən qorumaq qeyri-mümkündür".

Sonda iştirakçıların sualları cavablandırılıb.

Ceyhun ABASOV 

 





15.11.2017    çap et  çap et