525.Az

Xatirəsi əziz Bəhruz müəllim


 

Xatirəsi əziz Bəhruz müəllim<b style="color:red"></b>

Soyuq, qarlı bir gündə ilk dəfə "Təhsil" nəşriyyatına getməyim yaxşı yadımdadı. O günün soyuğunu da, həyəcanını da unutmamışam.

"Qar yağacaq" kitabım nəşrə hazırlanırdı. Bir neçə ay öncə Milli Kitabxanada "Qızıl kəlmə" mükafatının təqdimat mərasimində "Təhsil" nəşriyyatının direktoru gənclər üçün bayram kimi bir təklif vermişdi, müəllifin ilk kitabı seriyasından gənclərin kitabını təmənnasız çap edəcəyini demişdi. İlk kitabı çap olunan dünyadan vaxtsız köçmüş istedadlı qələm adamı Zərdüşt Şəfizadə oldu. Onun "Başqa adamlar" kitabı nəşr olundu və Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda geniş imza günü keçirildi. Elə o vaxtdan mərhum Bəhruz müəllimin qələm adamlarına, həm gənc, həm də yaşlı yazıçılara qayğıkeş münasibətinin şahidi olduq. Zərdüştün kitab təqdimatında şəxsən iştirak etdi və gənclərə stimul verən sözlər dedi orda: Siz yaxşı əsərlər yazın, çapı məndən.

Sonra isə növbə məndə idi. Doğrusu, artıq üstündən zaman keçəndən sonra bir anlıq onu da özümə etiraf edirəm ki, əgər Bəhruz müəllimin o təklifi, "Müəllifin ilk kitabı" seriyası olmasaydı, ilk kitabımın nəşri xeyli uzanacaqdı. Çünki yazdıqlarımı kitab halında oxucuya təqdim etməyə nədənsə tələsmirdim. "Təhsil" nəşriyyatına gələndə isə burda tamam ayrı mühit, ab-hava gördüm və kitabın nəşrinə bir az da həvəsidim. Redaktorum istedadlı yazıçımız Mustafa Çəmənli və Bəhruz müəllimin özü ilə müzakirələrimiz, dizayndan tutmuş rənglərə filana kimi hər şeyi ölçüb-biçməyimiz yaxşı yadımdadı. Elə o vaxt kitabın çapından sonra təqdimatında Bəhruz müəllim də iştirak etdi və yenə gənclərə eyni çağırışı etdi: Siz yazın, çapı bizdən...

Artıq bir ildir ki, dünyasını dəyişmiş Bəhruz müəllimin o cür qeyri-adi jestlərini, qələm adamlarına qayğısını saymaqla bitirmək olmaz. Dəfələrlə müxtəlif tədbirlərdə, kitab sərgilərində, yığıncaqlarda Bəhruz müəllimin kitabla bağlı çıxışlarını, kitab təbliğatı adına söhbətlərini dinləmişəm. "Anar dünyası" kitabımı nəşrə hazırlayanda isə bu insanı yenidən kəşf etdim. "Təhsil" nəşriyyatında yaratdığı doğma, əsl yaradıcı mühit, peşəkar komandanı öz ətrafında toplaması, hər şeyə diqqətlə yanaşması son dərəcə mühüm məqamlardı. Bəhruz müəllimin kitab işi ilə bağlı bilmədiyi, dərinliyinə getmədiyi nə isə olmazdı. Bəzən dizaynerə qoşulub üz qabığı düzəldərdi, bəzən mövzuya uyğun şrift seçərdi özü, yaxud da kitabın reklamıyla əlaqədar məsləhətlərini verərdi. "Təhsil" nəşriyyatının kitab evində imza günləri təşkil edib müəlliflərin oxucularla rahat görüşü üçün şərait yaradardı. Bir sözlə, Bəhruz müəllim üçün kitab işi xüsusi sevgiylə yanaşdığı, zövq aldığı iş idi.

"Təhsil" nəşriyyatında Bəhruz müəllimin iş otağını ayrıca bir kitab muzeyi adlandırmaq olardı. Burda hər dizaynda, hər mövzuda ən gözəl kitablar toplamışdı. Bu nəfis və müasir dizaynlı kitablar çağdaş tələblərə uyğundu. Yəni bu gün təkcə məzmun yox, vizual görünüşün də mənası olduğunu Bəhruz müəllim yaxşı bilirdi. Və bu tələblərə uyğun kitablar nəşr edib müxtəlif müsabiqələrdə uğur qazanırdı.

2012-ci ildə Bəhruz Axundov Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin (ANPB) sədri idi. Təkcə nəşriyyat direktoru kimi yox, həm də ANPB sədri kimi Azərbaycan ədəbiyyatını, kitablarını ölkə hüdudlarından xaricdə təmsil etmək üçün bir çox işlər görürdü. Türkiyənin Avrasiya Yazarlar Birliyi ilə qarşılıqlı əlaqələr qurur, Türkiyədə müxtəlif kitab sərgilərində ölkəmizi kitabla təmsil edirdi. Həmçinin, yeni gələn nəsli də kitab işinə, kitaba cəlb etməyə çalışırdı. O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi və tələbələrinə də xüsusi qayğı ilə yanaşırdı, onun tələbələrini tez-tez nəşriyyatda görmək olardı. Bu da yeni gələn nəslin mühitə çıxmağına, yetişməyinə kömək olurdu.

2015-ci ildə "Anar dünyası" kitabımın nəşri haqqında düşünəndə məhz "Təhsil" nəşriyyatı ağlıma gəldi. Çünki burdakı peşəkarlığı, səviyyəni daha əvvəl görmüşdüm. Yadımdadı, Bəhruz müəllimlə telefonla danışanda - "ya bu gün gəl, ya da iyirmi gündən sonra" - dedi. Şübhəsiz ki, işi yubatmamaq üçün dərhal getdim və elə həmin gün ciddi xəstələndiyini bildim. Özü xəstəliyindən zarafata salaraq, həm də müvəqqəti, tezliklə həll edəcəyi problem kimi danışırdı. Müalicəyə gedəcəkdi bir gündən sonra, amma yenə iş başında idi, tapşırıqlarını verir, işçiləriylə söhbət edirdi. Böyük minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, bütün xəstəliyinə, kefsizliyinə baxmayaraq, Bəhruz müəllim kitabımın çıxması, arzuladığım səviyyədə araya-ərsəyə gəlməsi üçün xüsusi diqqət göstərdi, qayğısını əsirgəmədi.

Bəhruz müəllimin Qarabağ koloriti, dost məclislərində davranışı, hər kəsi öz dilində, özünə uyğun dindirməsi də onun xüsusi istedadının, insanlığının göstəricisiydi. Onun həssas xarakterini, incə hisslərini "Dünənki sabah" adlı şeirlər kitabı çap olunanda, ordakı şeirlərini oxuyanda daha yaxşı anladıq. O kitaba professor Cahangir Məmmədli və Rəşad Məcid ön söz yazmışdılar. Cahangir müəllim də, Rəşad müəllim də Bəhruz Axundovun şeirlərinin vasitəsiylə onun dost xarakterini, fədakarlığını, xeyirxah insan xasiyyətini anlatmışdılar. O şeirlərdə ən təsirli olan Bəhruz müəllimin Qarabağ nisgili idi.

Təəssüflər olsun ki, xəstəlik Bəhruz müəllimə o doğma torpaqların qayıdacağı günü görməyə aman vermədi. Amma Bəhruz müəllimin işıqlı xatirəsi onun ailəsinin, əzizlərinin, dostlarının, söz, qələm adamlarının yaddaşında həmişə qalacaq. Yaxşılıq etdiyi insanlar, həmçinin, mən onu həmişə minnətdarlıq duyğusu ilə xatırlayacağıq.

 





15.11.2017    çap et  çap et