525.Az

Bu, vacib məsələdir


 

Bu, vacib məsələdir<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ
bölməsinin sədri, fəlsəfə doktoru, şair, professor

Bakıda yaşayıb-yaradan bir sıra ağcabədili elm, mədəniyyət, incəsənət xadimləri , yazıçı və publisistlər, ziyalılar, sıravi vətəndaşlar vacib – xeyirxah bir məsələ barədə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırıblar. Məsələ bundan ibarətdir: 1993-cü ildə İmişli rayonunun Vətağa stansiyasından Ağcabədiyə çəkilən dəmiryol xətti bərpa olunsun. Mən də bir ağcabədili ziyalı və söz adamı kimi bu dəyərli təklifə qoşulub demək istərdim ki, bu təklif müəllifləri tamamilə haqlıdırlar. Bu günkü Ağcabədi sürətlə inkişaf edir. Rayonda aparılan tikinti-abadlıq işləri, yaradılan müəssisələr, fabrik və zavodlar, ali və orta ixtisas müəssisələr, xüsusən Azərbaycan Müəllimlər İnstitutunun filialı, peşə texniki liseyi, texnikum və bir sıra irihəcmli obyektlər tikilib istifadəyə verilib. Bunların içərisində rayonda respublika miqyaslı pambıqtəmizləmə zavodu, neftbaza nəinki respublikamızda, həm də Avropada ikinci yerdə duran yağ-pendir  məhsulları istehsal edilən nəhəng zavod inşa edilib. Lap son günlərdə regionda tayı-bərabəri olmayan 250 yerlik xəstəxana, yüksək səviyyəli, təminatlı uşaq baxçası, şahmat məktəbi, mexanikləşdirilmiş müasir tipli kitabxana tikilib istifadəyə verilib. Eyni zamanda bünövrəsi cənab Prezidentimiz İlham Əliyev tərəfindən qoyulan Olimpiya Kompleksinin tikintisi sürətlə gedir. Ümumilikdə, götürəndə Ağcabədi rayonu hərtərəfli inkişafdadır. Rayonda Heydər Əliyev Muzeyi, Yeni Azərbaycan Partiyasının qərargahı və digər dövlət əhəmiyyətli obyektlər xüsusilə diqqəti cəlb edir. Əlavə olaraq, deyə bilərik ki, Ağcabədi rayonunda uzaq kəndlərə belə asfalt yollar çəkilir, körpülər salınır, mədəniyyət obyektləri yaradılır. Rayon son dərəcə gözəl, yaraşıqlı, bənzərsiz bir görkəm alıb.  Rayon bölgədə öz iqtisadi, siyasi, mədəni ab-havası ilə seçilir. Ağcabədi rayonunda 120 mindən artıq əhali yaşayır. Həm də Laçın rayonunun Taxtakörpü deyilən yerdə məskunlaşan 50-60 min əhalisi də bu rayonun ərazisində məskunlaşıb. Laçında da sürətli inkişaf var. Əhali getdikcə artır, yeni-yeni müəssisə və təşkilatlar yaradılır. Yəni, hər iki rayonda üst-üstə 200 minə qədər əhali var. Ən başlıcası odur ki, Ağcabədiyə çəkilən dəmiryolu xəttinin həm region əhalisi üçün, həm də ölkəmiz üçün böyük siyasi-iqtisadi, mədəni əhəmiyyəti var. Ağcabədi rayonu ermənilərlə 18 km. məsafədə yerləşir. Hətta, rayonun Qiyamədinli kəndi vaxtilə zəbt olunsa da sonradan geri qaytarılıb. Digər bir amili də nəzərə çatdırmaq istəyirəm: bu dəmiryolu xətti bərpa olunub, işə düşsə, ondan nəinki Ağcabədi, Laçın rayonlarının əhalisi, həm də qonşu Ağdamın və Beyləqanın Ağcabədi ilə sərhəd olan kəndlərinin və qəsəbələrinin əhalisi də istifadə edə bilər. Rayon müharibə zonasındadır. Ağır yüklərin daşınmasında və insanların bu bölgəyə rahat gediş-gəlişində bu dəmiryolu xəttinin müstəsna əhəmiyyəti var. Digər tərəfdən Ağcabədidən minlərlə insan Rusiyada və digər xarici ölkələrdə müxtəlif işlər həyata keçirirlər. Onlar harda olur-olsun milli dövlətçiliyimizin, müstəqil respublikamızın dəyərlərini  göz bəbəyi kimi qoruyurlar. Hörmətli Prezidentimiz İlham Əliyevin apardığı qlobal əhəmiyyətli daxili və xarici siyasəti ürəkdən alqışlayırlar. Onlar inanırlar ki, tezliklə möhtəşəm Qarabağımızın dağlıq hissəsi erməni təcavüzündən azad olacaq. Bu işdə adıçəkilən Vətağa-Ağcabədi dəmir yolxəttinin payına xeyli işlər düşür. Ölkədə  minik maşınları sürətlə artır. Yollarımız nə qədər rahat olsa da, hər gün onlarla insan avtomobil qəzasında həyatını itirir. Bu baxımdan mənzilə vaqonlarla gedib-gəlmək daha sərfəli və daha təhlükəsizdir. Xatırladım ki, bu yolun çəkiliş təşəbbüskarıulu öndərimiz Heydər Əliyev olub. Çox təəssüflər ki, müharibə zamanı iqtisadi çətinliklər ucbatından və o zamankı rəhbərliyin səriştəsizliyi nəticəsində dəmiryol xətti strateji və iqtisadi ömrünü itirib. Hazırda yolun bir neçə yerində texniki nasazlıqlar var. Relslərin altındakı xəttlərdə laxlanma hiss olunur. Əlbəttə, bunlar həlli vacib məsələdir. Bəli, haqqında söhbət gedən Vətağa-Ağcabədi dəmiryolunun taleyi həll olunmalıdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, dövlətimiz iqtisadi-siyasi nöqteyi-nəzərdən çox qüdrətlidir. Ölkə sürətlə abadlaşır və şəxsən Prezidentimiz İlham Əliyev Bakı ilə yanaşı, regionların iqtisadi cəhətdən güclənməsinə, mədəni görkəm almasına, sənaye ocaqlarının, xüsusən qeyri-neft sektorlarının yaradılmasına diqqət yetirir.

Araşdırmalar nəticəsində məlum oldu ki, bu dəmiryolu xətti vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin balansında olub. Məsələnin son dərəcə aktual olduğuna inanan Ağcabədi ziyalılarından bir neçə nəfər Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində olublar. İşgüzar söhbət aparılıb. İnsaf naminə desək, Nəqliyyat Nazirliyinin aidiyyatı şəxsləri  bu dəmiryol xəttinin bərpasına həssaslıqla yanaşıblar. Ancaq necə deyərlər, məsələnin balaca əmması çıxıb. Müəyyən olub ki, həmin stansiya Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin balansında deyil. Buna görə də hələlik bu yolun bərpasına Nəqliyyat Nazirliyi başlaya bilməz. Məsələ o zaman həll olunar ki, dəmiryolu xətti və onun bərpası Nəqliyyat Nazirliyinin balansına keçirilsin. Fikrimcə, ölkəmizin bu qədər tərəqqi etdiyi bir vaxtda bu heç də çətin bir məsələ deyil. Hazırda Vətağa-Ağcabədi dəmiryolu xətti bir para kəsrlərinə baxmayaraq, işlək vəziyyətdədir. Belə bir dəmiryolu xətti bölgənin mərkəzi hissəsinin qan-damarı rolu oynaya bilər. Ağcabədidə hərdi xəstəxana hərbçilərimizə xidmət göstərir. Həm bu xəstəxananın işçiləri, həm də sərhəddə çalışan  hərbçilər bu yoldan istifadə edə bilərlər.

Bir sözlə, dəmiryolu xətti gündən-günə möhtəşəmlik qazanan, tərəqqi edən Ağcabədi və onunla qonşu olan rayonlarının əhalisi üçün müstəsnalıq kəsb edir. Ümidvarıq ki, Nəqliyyat Nazirliyinin rəhbərləri bu vacib məsələyə diqqətlə yanaşacaq, Vətağa-Ağcabədi dəmiryolunun bərpa olunmasına əməli köməklik göstərəcəklər. Cənab Prezidentimiz İlham Əliyev bu bölgələrdə dəfələrlə olub, yaradılan hər bir dövlət əhəmiyyətli tikinti və müəssisələrə, obyektlərə baş çəkmiş və özünün müdrik məsləhətlərini və köməkliyini edib. Bu yolun tezliklə bərpa olunması dövlətçiliyimizin və müharibə zonasında yaşayan əhalimizin ən ali arzularından biridir.

 





05.06.2013    çap et  çap et