525.Az

Qarabağ Muğam Mərkəzi şagirdinin uğuru


 

Qarabağ Muğam Mərkəzi şagirdinin uğuru<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi bölgənin mədəni həyatında, əhalinin istirahətinin səmərəli təşkili sahəsində fəaliyyətini gündən-günə genişləndirir.

Adıçəkilən mədəniyyət müəssisəsinin direktoru Tofiq Cəfərovun dediklərinə görə, kollektiv müxtəlif tədbirlərdə, el şənliklərində, cəbhəyanı ərazilərdə  sərgilədiyii konsert proqramları ilə tamaşaçıların  böyük rəğbətini qazanıb. Mərkəzin yetirmələri ölkənin televiziya kanallarında, respublika və beynəlxalq muğam müsabiqələri, musiqi festivallarında da uğurla iştirak edirlər. Təsadüfi deyil ki, onlar son televiziya muğam müsabiqəsində, Xan Şuşinski adına muğam festivalları, eləcə də Bülbül adına beynəlxalq musiqi müsabiqələrində layiqli nəticələrə imza atıblar.

Muğam  Mərkəzin 3-cü sinif şagirdi Nəcibə Məmmədova Bakı şəhərində keçirilən 9-cu Beynəlxalq uşaq muğam festivalında qazandığı yeni bir uğurla bu nailiyyətləri layiqincə davam etdirib. O, nüfuzlu muğam yarışmasında məharətlə çıxış edərək ikinci yer tutub. Qeyd edək ki, on ölkədən, Azərbaycan, Türkiyə, İran, Misir, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan və Türkmənistandan olan 19 ifaçı sözügedən festivalın finalına vəsiqə əldə edib. "Kainat" Gənclik Mərkəzinin təşkilatçılığı, respublika gənclər və idman, mədəniyyət və turizm, xarici işlər nazirliklərinin dəstəyi ilə gerçəkləşən festivalın final mərhələsi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Yekun konsertinə adları qeyd olunan ölkələri təmsil edən mütəxəssislər də qatılıblar. Beynəlxalq festivalın münsiflər heyətinə Xalq artisti, professor Ağasəlim Abdullayev rəhbərlik edib. Gənc ifaçılar Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblı ilə  müşayiət olunub.

Final başa çatdıqdan sonra festivalın qalibləri elan olunub. Onlar xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Əldə edilən uğuru respublikamızda muğam ifaçılığı sənətinə yüksək diqqət və qayğının nəticəsi olduğunu vurğulayan T.Cəfərov, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlər göstərdiyini xüsusi olaraq qeyd edib.

Yəhya PAŞAZADƏ

 





15.11.2017    çap et  çap et