525.Az

Bakıda İkinci Beynəlxalq Təlim Konfransı başladı


 

Bakıda İkinci Beynəlxalq Təlim Konfransı başladı<b style="color:red"></b> Avropa Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə həyata keçirdiyi "Öyrənməyi öyrənək" layihəsi çərçivəsində Bakıda İkinci Beynəlxalq Təlim Konfransı başlayıb.
 
APA-nın məlumatına görə, layihə şagirdlərin təlim keyfiyyətinin yaxşılaşdırılmasında maraqlı olan müəllim, direktor və digər təhsil işçiləri üçün nəzərdə tutulub.
 
Konfransda dünyanın müxtəlif ölkələrindən təhsil işçiləri iştirak edir.
 
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva təhsil naziri Mikayıl Cabbarovun müraciətini oxuyub. Təhsil naziri müraciətində bildirib ki, təhsil alanların savadlı şəxs kimi formalaşması müəllimdən asılıdır: "Müəllimlərin bilik və bacarıqlarını davamlı artırması vacibdir, bu müəllimlər daha böyük nəticələr əldə edirlər. Son illər Təhsil Nazirliyi müəllimlərin peşəkarlığının artırılması, innovativ fəaliyyətin stimullaşdırılması, müsbət təcrübələrin tətbiqi istiqamətində məqsədyönlü iş aparılır. Bu istiqamətdə hər il 5 faiz yenilik tətbiq olunsa, ciddi nəticələr əldə etmək mümkündür. Ümid edirik ki, bu konfrans təhsil işçilərinin gözləntilərini doğruldacaq".
 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov bildirib ki, məktəb, təhsil sistemi yenilənməlidir: "Dünyanın inkişaf etmiş ölkələri bu yolla inkişafa nail olub. Təəssüf ki, bəzən biz yeni üsulları tətbiq etmək əvəzinə, təhsildəki bəzi nöqsanları aradan qaldırmaqla məşğuluq. Biz bu mərhələni aşmalıyıq. Artıq müəyyən uğurlar da göz önündədir. Əgər 3-4 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetini 500-dən çox bal toplayan 5-6 tələbə seçirdisə, bu il belə tələbələrin sayı 281 nəfərdir. Onlar ali məktəbə qəbul zamanı ilk yerə müəllim ixtisasını yazıblar. İlk növbədə, təhsilin məzmununun yeniləşdirilməsinə ehtiyac var. Övladlarımıza daha yaxşı təhsil vermək istəyən müəllimlər internetdən də yeni təlim üsulları öyrənir, daim üzərində çalışırlar. Müəllimlərin gündəlik fəaliyyəti, fədakarlığı qəhrəmanlıqdır. Azərbaycanda qarşıya qoyulan böyük məqsədlərə çatmaq üçün insan kapitalı lazımdır. Bu insan kapitalını isə müəllimlər yetişdirəcək. Bizim zamanında dərs keçdiyimiz forma artıq qəbul olunmur. Artıq şagirdlərə öyrənməyi öyrətmək lazımdır. Biz məcburiyyətdən test üsulundan istifadə edirik. Pedaqoji Universitetdə bir nəsil savadsız diplom alıb. Məsələn, ali məktəbləri fizika ixtisası üzrə bitirənlərin cəmi 4 faizi müəllimliyə qəbulla bağlı imtahandan keçib".
 
Konfrans çıxışlarla davam edir.
 





16.11.2017    çap et  çap et