525.Az

Beynəlxalq cinayətlərin qarşısının alınması layihəsinin son ictimai müzakirəsi keçirilir


 

Beynəlxalq cinayətlərin qarşısının alınması layihəsinin son ictimai müzakirəsi keçirilir<b style="color:red"></b>

Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” adlı toplantıda “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin son ictimai müzakirəsi keçirilir. 
 
APA-nın məlumatına görə, MM-in İnsan hüquqları komitəsinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,  Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıya vətəndaş cəmiyyəti nümayəndələri də qatılıb.

MM-in sədr müavini Bahar Muradova bildirib ki, layihənin müəllifi “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyidir. O, layihənin hazırlanmasında dünya ölkələrinin təcrübəsindən, beynəlxalq hüququn prinsiplərindən, eləcə də Respublika Hərb i Prokurorluğunun məlumatlarından yararlandıqlarını deyib: “Qanun layihəsinin hazırlanmasında məqsəd nəinki Azərbaycan, bütün dünyada beynəlxalq cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək və beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək, beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Layihənin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb. Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük”.
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin fikrincə, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzər alaraq, belə bir qanun layihəsinin hazırlanması vacib əhəmiyyət kəsb edir. O qeyd edib ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi ən önəmli layihələrdən biridir: “Hesab edirəm ki, qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunmalıdır. Gələcəkdə də bu cür təşəbbüslərin irəli sürülməsi davam etdirilməli və eyni zamanda, bundan sonrakı fəaliyyətdə də Milli Məclislə vətəndaş cəmiyyəti arasında bu cür əməkdaşlıq tempi saxlanılmalıdır. Bu yaxşı bir ənənədir və biz bu ənənəni davam etdirməliyik”.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bəyan edib ki, “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsi təsadüfi meydana gəlməyib: “Bu cinayətlərin qarşısının alınması üçün hüquqi baza formalaşdırılmalıdır. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına baxmayaraq, bu məsələdə əsas rol dövlətlərə məxsusdur. Bunun üçün də müvafiq qanunvericilik bazası yaradılmalıdır. Hazırlanan layihə də bunun tərkib hissəsidir. Hərbi cinayətlər, soyqırım aktları beynəlxalq konvensiyalarda mövcuddursa, insanlıq əleyhinə cinayətlər isə heç bir beynəlxalq konvensiyanın predmeti deyil. Hazırladığımız layihədə bu məsələlər əksini tapıb. Qanun layihəsi ingilis dilinə tərcümə edilərək Cenevrəyə göndərilib ki, oradan ekspertlərin rəyi alınsın. Verilən rəyə uyğun olaraq layihəni təkmilləşdirilərək ictimaiyyətə təqdim edəcəyik”.
 
Müzakirələr çıxışlarla davam edərək başa çatıb.

 





16.11.2017    çap et  çap et