525.Az

Səksən yaşın işığında


 

Səksən yaşın işığında<b style="color:red"></b>

Hörmətli Miryavər müəllim. 80 yaşınızın tamam olmasını eşidib bu münasibətlə bir yazı hazırlamaq, sizi təbrik etmək istədim, ancaq bu fikrimdən tez daşındım. Qərara aldım ki, düşündüklərimi açıq məktub şəklində ifadə edim xalqa, Vətənə, el-obaya möhkəm bağlı olan şərəfli bir ömrün kitabını elə ellə birgə vərəqləyim.

Haqqınızda çox eşitmiş, özünüzü mötəbər məclislərdə görmüş, sözünüzü də dinləmişdim. Sən demə, bütün bunlar dəryada bir damla imiş.

Və eyni zamanda məktəb illərim yadıma düşdü. Romantik xəyallarla, vətənpərvərlik duyğuları ilə yaşayan illərimdə orta məktəb dərsliklərində, qəzet və jurnallarda İsmayıllı, onun bölgələri ilə bağlı kiçik qeydləri də acgözlüklə oxuyur, fəxr edirdim ki, yurdumun adı da tarixlərə düşüb.

Lakin bəzən də burdakı fikirlərin səhv izahını görəndə kədərlənər, ürəyimdə etiraz edər, lakin səs-ünüm heç hara çatmazdı.

Bir neçə il bundan əvvəl Lətifə Mirzəyevanın belə xeyirxah işinin nəticəsini gördüm. O, yurdumuz haqqında yazıları bir toplu halında nəşr etdirdi. Lakin bu kifayət deyildi. Ulu yurdumuzun sanki pasportu olan iki yaşayış məskəni Lahıc və Basqal hələ qədimlərdən uzaq-uzaq məkanlarda tanınıb. Lahıc haqqında ayrı-ayrı mənbələrdə məlumat verilib. Hətta Manaf Süleymanovun “Lahıc” kitabı bu sahədə çoxlu qiymətli bilgi verən mənbədir.

Vətənpərvər ziyalılarımız Qafar Cəbiyevin “Bura Vətəndir “, Lətifə Əliyevanın “Diyallı”  kitabları da doğma yurd yerlərimizə məhəbbətdən yaranıb.

Siz özünüz də Basqal tarixinin  bir parçasısınız. Burada doğulub nəfəs alan, tarixlər şahidi dolanbac küçələrində ayaq açıb yeriyən, Əmrəkinin, Canalının, Fit dağının, Baba dağının məlhəm havasından qidalanan, hər bir tikilinin, hər bir sakinin ilahi varlığını dərk edən, təkcə dərk etməklə kifayətlənməyib gilə-gilə, qətrə-qətrə ürəyinin süzgəcindən keçirib yeni nəslə çatdıran, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə öz pozulmaz imzasını atmış neçə-neçə insanın keçdiyi şərəfli ömür yolunu məhəbbətlə, şirin bir dillə qələmə alan yazarsınız.

Əziz Miryavər müəllim!.

Mən sizi məhz  böyük hərflə yazılan İNSANA bənzədirəm. Çünki bütün varlıqların alisi olan insanın nəyə qadir  olduğunu , mənən ucalığını özünüzdə  ehtiva  etmisiniz.

Əslində bu sizə, əsil-nəcabətinizə yaraşan addır. Atanız Məşədi Seyidrəsul, onun atası Hacı Seyid Hüseyn, daha sonra Hacı Seyid Həsən, Mir Ağası, Mir Əbdüləli, Seyid Kamil, Hacı Mirmehdi və şəcərəsi daha uzağa – altıncı imam Cəfəri Sadiqə (ə) çatan, bunu qeyri-adi yaddaşınızla əzbər bildiyiniz bir nəslin davamçısı kimi, sadəcə onların adından istifadə etmədən xeyirxah əməlləri qoruyub saxlayır, insan qəlbinə yaxın olub çətin anlarda simurq quşu kimi köməyə gəlir və hər bir insanın ürəyincə olan bir işi-doğma yurdunun hər daşının, kərpicinin tarixinin araşdırılmasını müqəddəs vəzifəniz hesab edirsiniz.

Çox hörmətli pedaqoq! Ömrünüzün hər anı maraqlı tarixə malikdir. Sizin adınız 126 yaşlı şanlı bir tarixi olan, xalqımızın ictimai fikir tarixində, tərəqqisində mühüm rol oynamış, neçə-neçə ziyalı nəslin həyatına nur çiləmiş Basqal qəsəbə orta məktəbi ilə birgə çəkilir. Bu da təsadüfi deyil. 1950-ci ildə əvvəlcə Azərbaycan Müəllimlər İnstitutunu,  1961-ci ildə M.F.Axundov adına Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib , əvvəlcə rayon mərkəzində müəllimlik etdikdən sonra Bakıda elmi-tədqiqat işi ilə məşğul olmaq imkanınız olsa da, kəndə qayıtmış, həyatınızın düz  61 ilini pedaqoji işə həsr etmiş, əsl təhsil fədaisi kimi ömrünüzü sona kimi əridib gənc nəslin tərbiyəsi ilə məşğul olmuş, Vətənin qoynuna dəyərli övladlar pərvazlandırmışsınız.

Rayonun adlı-sanlı müəllimlərindən olmaqla yanaşı, “Metodist müəllim”, “Təhsil əlaçısı” adlarına layiq görülmüşsünüz. Elmi-praktik konfranslarda, metodbirləşmə iclaslarında ardıcıl olaraq etdiyiniz çıxışlar, “Azərbaycan müəllimi”,  “Azərbaycan məktəbi”,  “Russkiy yazık i literatura v Azerbaydjanskoy şkole”, “Uçitelskaya qazeta” və bir sıra başqa qəzet və jurnallarda pedaqoji mövzularda dərc etdirdiyiniz onlarca iri həcmli məqalə hamının marağına səbəb olub.

Bir cəfakeş, işinin ustası olan kamil pedaqoq kimi bütün bunlar kifayət qədər sizə nüfuz qazandırıb. Lakin Danko kimi (M.Qorki) yanan ürəyiniz bununla kifayətlənmədi. Çünki bu ürəyin alovu, istisi daha böyük kəramətə sahib idi.

Doğulduğunuz, ayaq açıb yeridiyiniz torpağın yorulmaz tədqiqatçısı kimi Şirvan torpağının əsrarəngiz gözəlliyini, şanlı tarixi keçmişini, tarix yaradan insanlarını  tərənnüm edən və “Bakinskiy raboçiy”, “Kommunist”, “Vışka”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Panorama”,  “Molodyoj Azerbaydjna” və s. qəzetlərdə, ”Ulduz” və digər jurnallarda işıq üzü görmüş 200-dən çox oçerkin, publisist və bədii yazının müəllifisiniz.

Əziz Miryavər müəllim! Bütün bunlar sizin gördüyünüz işlərin cüzi bir hissəsidir. Əsl işiniz isə zəngin tarixi olan, bəlkə də, hansısa tədqiqatçı alimin, tarixçinin, etnoqrafın və başqalarının görə bilmədiyi vətənpərvərlik işinin məntiqi yekunu olan kitablarınızdır.

Bu mənada kitablarınız “Ulu Vətənim Basqal”da daxil olmaqla real müşahidələrinizin, gərgin axtarışlarınızın bəhrəsi olmaqla, nurlu və vətənpərvər ziyalılığınızdan xəbər verən, Azərbaycan auditoriyası üçün arzuolunan hədiyyədir.

Hörmətli Miryavər müəllim! Siz əsl azərbaycanlı qonaqpərvərliyinin bariz nümunəsisiniz. Basqala gələn ən mötəbər qonaq-dünyanın harasında olursa-olsun, sizin evinizin ən əziz müsafiri, dəyərli söhbətlərinizin heyranıdır. Moskvada yaşayıb  fəaliyyət göstərən görkəmli diplomat, yazıçı, kinossenarist Fərhad Ağamalıyev də İsmayıllıda olmuş, öz zəngin və qədim tarixi keçmişi, mədəniyyəti ilə seçilən bölgəmiz haqqında fikirlərini 2010-cu ildə elə Moskvada çap etdirdiyi “Luna nad Djanalı” (“Canalı üzərində ay”) kitabında ifadə etmişdi. Təbii və sevindirici haldır ki, kitabdakı bir fəsil sizinlə tanışlıqdan və Basqal qəsəbəsi haqqındakı söhbətinizdən ibarətdir.

Mütaliə etməkdən, oxuyub-öyrənməkdən bir an da usanmadan mənalı həyatınızı doğma elin, obanın tarixi keçmişinə, inkişafına, qəlblərində dünya boyda sevgi, inam yaşadan insanlarına həsr etmiş bir ziyalı kimi təkcə Basqal qəsəbəsində, İsmayıllı bölgəsində deyil, Şirvan torpağında sayılır-seçilir, sevilir, qiymətləndirilirsiniz.

Siz indi layiq olduğunuz  istirahətdəsiniz. Lakin 80 yaşınızın tamam olmasına baxmayaraq, istedadlı qələminiz yazmaqda davam edir. Respublika televiziyası və radiosunun redaksiyalarında fəal müəllif kimi tanınırsınız.

Siz həmişə fəxr edirsiniz ki, 1968-ci ildən tanınmış jurnalist, filologiya elmləri doktoru, ictimai xadim, 20 noyabr 1991-ci ildə Qarakənd üzərində ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olmuş Osman Mirzəyevin zəmanəti ilə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmisiniz.

Siz fəxr edirsiniz ki, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüsünüz.

Siz fəxr edirsiniz ki, uşaq bağçasında işləmiş və hazırda təqaüdçü olan həyat yoldaşınızla cəmiyyətə layiq beş övlad-iki qız, üç oğul tərbiyə edib boya-başa çatdırmısınız. İki oğlunuz Rəsul və Mirzəfər isə ali təhsillərini Moskvada alıblar.

Əziz Miryavər müəllim! Biz də sizin – istedadlı pedaqoq, yazıçı-publisist, mürəkkəb siyasi, tarixi şəraitdə böyüyən  və formalaşan yaradıcı şəxsiyyətlərin bir nümayəndəsi, doğma xalqının, Vətənin həyatındakı ən işıqlı məziyyətlərini görən və təkcə görməklə kifayətlənməyib onları yaratdığınız inandırıcı, dolğun, təbii insan surətlərinin canına hopdurmaq məharəti ilə hər bir düşünən insanın məhəbbətini qazanan böyük hərflə yazılan Həyatınızın bəzi məqamlarına işıq salmaq istədik. Bunu bacardıqmı? Ümman həyat üçün bu işıq nədir ki?!

Fəqət bir həqiqət bəlli oldu: nə qədər ki, dünyamız var (“ Göy üzü çadırımız, günəş bayrağımız”   Göytürk deyimi), müstəqil səmamız var, nə qədər ki Azərbaycan tarixinin şanlı səhifəsi, möcüzələr diyarı Basqal var – damla-damla qazanılan bu el-oba məhəbbəti, sevgisi tükənməyəcək. Ulduz kimi parlayacaq, günəş kimi nur ələyəcək, işıq saçacaq. Bu isə həyata yenidən gəlmək deməkdir.

Həyata yeni gəlişiniz mübarək, Miryavər  müəllim!

Rəna Mirzəliyeva
İsmayıllı rayonu

 





05.06.2013    çap et  çap et