525.Az

"Gənc jurnalistlər" klubunun üzvləri "525-ci qəzet"in redaksiyasında - Fotolar


 

"Gənc jurnalistlər" klubunun üzvləri "525-ci qəzet"in redaksiyasında - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondla Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birgə təsis etdikləri "Gənc jurnalistlər" klubunun üzvləri "525-ci qəzet"in 25 illik yubileyi ilə əlaqədar qəzetin redaksiyasında olublar.

Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, Bilik Fondunun aparıcı məsləhətçi Ramilə Qurbanlı qəzeti yubiley münasibətilə təbrik edib, daha böyük yaradıcılıq uğurları diləyiblər.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qonaqları salamlayıb, "Gənc jurnalistlər" klubunu təsis edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə BDU-nun Jurnalistika fakültəsi haqqında fikirlərini bölüşüb: "BDU-nun Jurnalistika fakültəsi bizim üçün çox doğmadır. Mən özüm də bu fakültənin məzunu olmuşam. Mən hesab edirəm ki, jurnalistikadan böyük, güclü sənət yoxdur. O ki qaldı Bilik Fonduna, bu qurum ardıcıl olaraq fərqli sahələrdə layihələr həyata keçirir, çoxşaxəli fəaliyyət göstərir. Onlara bu işlərində davamlı uğurlar arzulayıram".

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu  "525-ci qəzet"in 25 illik yubileyi ilə bağlı ürək sözlərini bildirib və Fondun xüsusi diplomunu qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edib.

Sonra söz alan BDU-nun professoru Cahangir Məmmədli "525-ci qəzet"lə bağlı fikirlərini bildirib: "525-ci qəzet" Azərbaycan mətbuatında məktəb yaradan qəzetdir. Burada Azərbaycan mediasının səviyyəli, peşəkar jurnalistləri toplanıb".

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu qəzetlə bağlı xatirələrini bölüşüb: "Mənim ilk yazım "525"də çap olunub. 1990-cı illərin əvvəllərində Azərbaycan jurnalistikasına yeni nəfəs gətirən mətbu orqanlar çox az idi. "525" elə o vaxtlardan çox böyük maraqla oxunardı. Bu qəzet müstəqil mətbuatımızın əsas təmsilçilərindən biridir. Bizim nəsil jurnalistlərin yetişməsində bu qəzetin rolu əvəzsizdir".

Yazıçı-publisist Pərvin "Gənc jurnalistlər" klubunun üzvlərinə üz tutaraq  "525-ci qəzet"ə gəlişindən danışıb: "Bu gün mətbuatımızda sayılıb-seçilən, özünəməxsus imzası və qələmi ilə fərqlənən bir çox jurnalistlərin keçmişi məhz "525"lə bağlıdır. Təsadüfi deyil ki, bu gün söz düşəndə bu qəzetin mediamızda bir məktəb olduğunu vurğulanır. Gerçəkdən də bu günəcən "525"in neçə-neçə peşəkar jurnalistin yetişməsində böyük rolu olub".

 "525-ci qəzet"in baş redaktor müavini Seyfəddin Hüseynli özünün qəzetdəki fəaliyyət tarixçəsindən söz açıb, müəlliflərlə, xüsusilə gənc yazarlarla işin təfərrüatları haqqında fikirlərini bölüşüb.

Sonda gənc jurnalistlər "525-ci qəzet"in iş prosesi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

 





16.11.2017    çap et  çap et