525.Az

Müdriklik zirvəsi - 70 yaş


 

Müdriklik zirvəsi - <b style="color:red">70 yaş</b>

Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış cərrah-onkoloq, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Əhliman Əmiraslanovun anadan olmasının 70-ci ildönümü tamam olur.

Böyük alimin uzunmüddətli müşahidələri və tədqiqatları nəticəsində ölkədə onkologiya sahəsində mühüm elmi nailiyyətlər əldə edilib, Azərbaycan tibbi daha da yüksəklərə qalxıb. Onun müvafiq sahədə qələmə aldığı elmi əsərləri ölkənin tanınmış jurnalları ilə yanaşı, dünyanın nüfuzlu, yüksək istinad indeksli nəşrlərində də işıq üzü görüb.

Ə.Əmiraslanov 17 noyabr 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra  Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışıb.

Alim 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin nəzdində aspiranturaya daxil olub. 1977-ci ildə “Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1984-cü ildə isə “Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Əhliman Əmiraslanovun elmi nailiyyətlərinin əsasını sümük, yumşaq toxuma, süd vəzisi və bir sıra orqanların şişlərinin öyrənilməsi, eləcə də onların effektiv diaqnostika və müalicə metodlarının işlənib hazırlanması, kliniki praktikaya tətbiq edilməsi təşkil edir.

Ölkənin məşhur cərrahlarından olan akademik Ə.Əmiraslanov onkologiya sahəsində çoxsaylı tibbi-bioloji texnologiyaların müəllifidir. Alim bu gün də mürəkkəb cərrahi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirir.

O, AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkədə tibb və biologiya elmlərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsində, tədqiqatların ən müasir metodlarla aparılmasında, elmi işlərin yüksək səviyyədə təşkili və modernləşdirilməsində böyük rol oynayır.

Tibb elminin inkişafında böyük xidmətləri olan Əhliman Əmiraslanov onkologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. Alim ölkəmizin beynəlxalq miqyasda yüksək səviyyədə təmsil olunması üçün əlindən gələni əsirgəməyib, mühüm nailiyyətləri ilə dünya elminə töhfələr verib.

Akademik 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışıb. Rektor təyin olunduğu gündən bu qocaman elm və təhsil ocağı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. O, universitetin müsbət imicini formalaşdırmaq və onu daha da inkişaf etdirmək istiqamətində kompleks innovativ tədbirlər həyata keçirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris keyfiyyətinin yüksəldilməsi və tibb sahəsində təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb.

Ə.Əmiraslanov hazırda ATU-nun Onkologiya kafedrasının müdiri, Onkoloji klinikasının direktorudur. Akademik Ə.Əmiraslanovun müəllim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun çox zəngin və əhatəli pedaqoji fəaliyyəti nəticəsində dəyərli elmi-tədqiqat işləri, kitab və dərsliklər işıq üzü görüb.

Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli cərrah-onkoloqların, peşəkar elmi  kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmiş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, ölkəmizdən xaricdə də görkəmli alim kimi tanınan Ə.Əmiraslanov tibb elminin inkişafında göstərdiyi saysız-hesabsız xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 1986-cı ildə isə Ə.Əmiraslanov elm və texnika sahəsi üzrə SSRİ Dövlət mükafatı alıb. 2000-ci ildə ulu öndər Heydər Əliyev alimə “Şöhrət” ordenini təqdim edib.

Ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Əmiraslanov Prezident İlham Əliyevin 16 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.

Ə.Əmiraslanov zəngin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək insani keyfiyyətləri, təvazökarlığı və xeyirxahlığı ilə fərqlənən alimlərimizdəndir. Bu keyfiyyətləri nəticəsində, o, həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən Ə.Əmiraslanov çox mehriban, qayğıkeş, ünsiyyətcil və yüksək mənəviyyata malik şəxsiyyətdir.

Görkəmli elm xadimi, bacarıqlı təhsil təşkilatçısı olan Əhliman Əmiraslanovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

Nərgiz QƏHRƏMANOVA
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





16.11.2017    çap et  çap et