525.Az

Qarabağ tənzimlənməsində rəqabət mühiti yaranıb


 

"GƏLƏN İLİN APREL AYINADƏK DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ CİDDİ DÖNÜŞ YARANACAQ"

Qarabağ tənzimlənməsində rəqabət mühiti yaranıb<b style="color:red"></b>

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycana səfər etmək niyyətindədir. Lavrovun gələn həftə İrəvana, daha sonra Bakıya gələcəyi gözlənilir.

Kreml rəsmisinin keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılacaq.

Görüşlər zamanı, həmçinin, regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulub.

Rusiya xarici işlər nazirinin münaqişə şəraitində olan iki ölkəyə səfəri fonunda diqqətçəkən məqamlardan biri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki gün ara ilə Moskvaya səfər etməsidir. İki ölkə rəsmilərinin Rusiya paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdüyü ərəfədə S.Lavrovun səfər proqramını açıqlaması, həmçinin, vasitəçilərin yaxın vaxtlarda xarici işlər nazirlərini görüşdürmək istəməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqların getdiyi qənaətini yaradır. Lakin keçirilən görüşlərdə aparılacaq danışıqların hansı məcrada inkişaf edəcəyi qeyri-müəyyən olaraq qalır.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşəcəyini açıqlaması ondan xəbər verirdi ki, həmin ərəfələrdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla da həmsədrlərin görüşünün keçirilməsi planlaşdırılmışdı. Onun sözlərinə görə, lakin Ermənistan tərəfi bu görüşdən imtina etmişdi: "Rəsmi Moskvanın ortalığa qoyduğu ilk mövqedən isə başa düşülürdü ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya paytaxtında həmsədrlərlə görüşü təxirə salınıb. Lakin daha sonra gedən proseslər Rusiyanı Ermənistanın görüşdən yayınmaq təklifini rədd etməyə məcbur etdi. Bununla da Kreml ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda görüş keçirməsinə şərait yaratdı".

M.Əhmədoğlu hesab edir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rəqabət mühiti yaranıb: "Bunun əsas səbəbi ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri Endrü Şoferlə bağlıdır. O, fəaliyyətini tamam fəqrli metodologiya, yeni resurslarla aparır. Amerikalı həmsədr Nyu-Yorkda BMT Baş Assambleyası müstəvisində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edərkən də işğalçı ölkə tərəfi vaxtı yubatmağa çalışdı. Endrü Şofer Ermənistanın bu, vaxt uzatmasından səmərəli istifadə edərək BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşdü. Yəni amerikalı həmsədr Fetlmanı Dağlıq Qarabağ tənzimlənməsinə qarışdırdı".

Politoloqun sözlərinə görə, əgər Feltman Şoferi qəbul edirsə, deməli amerikalı həmsədr nüfuzlu adamdır: "Çünki Fetlman ABŞ-ın BMT-dəki koordinatoru, kuratorudur. O, ABŞ-ın alt siyasətində ən əvəzedilməz adamlardan biridir. O, çox ağır çəkili diplomatdır. Cefri Fetlman İrana iki dəfə məxfi səfər edəndən, Tehrandan gizli razılıq əldə edəndən sonra Böyük Altılıq ilə nüvə müqaviləsi imzalanıb".

Mərkəz sədrinin fikrincə, Fetlman nə vaxt istəsə, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi dəyişəcək və heç kəs bu prosesə maneə törədə bilməyəcək.

M.Əhmədoğlu bildirib ki, Endrü Şofer regiona səfər edəndən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin verdiyi birgə bəyanatlarda "Vyana və Sankt-Peterburq razılaşmaları" termini işlənmir: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü isə Dağlıq Qarabağ prosesinə tamam yeni keyfiyyət gətirdi. İsveçrədə keçirilən görüş yekunlaşandan sonra Endrü Şofer ortalığa ideal tənzimləmə variantı qoydu. Amerikalı həmsədrin təklif etdiyi həll variantı 4 maddədən ibarətdir. Birinci maddə hərbi məsələlərin həllini özündə ehtiva edir. Yəni ermənilər işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmalıdırlar. İkinci maddədə zəbt edilmiş ərazilərin Azərbaycana qaytarılması məsələsi dayanır. Üçüncü addım Dağlıq Qarabağın statusunun müəyyən olunmasıdır. Sonuncu maddə isə qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həllinə - ilkin yaşayış məskənlərinə qaytarılmasına yönəlib".

Rusiyanın Endrü Şoferin təklif etdiyi həll variantından narahat olduğunu deyən politoloqun sözlərinə görə, Kreml görür ki, Azərbaycan Şoferin variantının arxasınca gedəcək. Ona görə də, Rusiya aktivliyini artırmağa başladı. Nəticədə rəsmi Moskva həm Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşünə şərait yaratdı, həm də Sergey Lavrov bəyan etdi ki, İrəvan və Bakıya səfər edəcək. Təbii ki, burada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində həll variantından söhbət gedəcək".

M.Əhmədoğlu əlavə edib ki, Rusiya xarici işlər nazirinin münaqişə şəraitində olan iki ölkəyə səfər proqramının açıqlanmasının başqa bir səbəbkarı da var: "Söhbət Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gedir. Türkiyə prezidenti son dəfə Bakıda olanda bildirmişdi ki, o, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. O zaman Kreml Ərdoğanın Bakıda Dağlıq Qarabağla bağlı verdiyi bəyanata çox isti reaksiya verdi. Hətta Putinin mətbuat katibi Dmitriy Peskov məlumat verdi ki, prezidentlər noyabrın 26-da görüşə bilərlər. Sonradan Rusiya tarixi dəyişdi. Heç şübhəsiz, Ərdoğan da görüş vaxtının bir qədər önə çəkilməsini istəyirdi. Nəticədə noyabrın 13-də Soçidə Türkiyə prezidenti rusiyalı həmkarı ilə görüşdü. İki ölkə başçıları arasında danışıqlar 4 saat çəkdi. Buna qədər Türkiyə və Rusiya prezidentləri arasında 4 saat davam edən görüş yadıma gəlmir. Bu ən uzun davam edən görüş idi. Prezidentlərin Soçi danışıqları ilə bağlı bir çox məsələlər açıqlanmır. Ancaq mümkün deyil ki, Ərdoğanla Putinlə 4 saat danışıq aparsın və Dağlıq Qarabağ məsələsini müzakirə etməsin. Onlar münaqişə ilə bağlı müzakirə aparıblar. Elə məhz bu danışıqların nəticəsidir ki, Ərdoğanın Rusiya ərazisindən qoxusu çəkilməmiş Lavrov İrəvan və Bakıya səfər edəcəyini açıqladı. Ona görə də, Rusiyanın son günlər Dağlıq Qarabağ münaqişəsinin həll məsələsində mövqeyinin aktivləşməsində Türkiyə prezidentinin rolunu heç kəs inkar edə bilməz".

Politoloq proqnoz verib ki, gələn ilin aprel ayınadək, yəni Serj Sarkisyanın Ermənistan prezidenti postunda olduğu müddətə qədər hökmən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi dönüş yaranacaq: "Təbii ki, bütün bunlar - Rusiyanın mövqeyinin dəyişməsi, Ərdoğanın Dağlıq Qarabağ məsələsində yenidən aktivləşməsi və ABŞ-ın yeni həll variantı ortalığa qoymasının ən əsas səbəbi Azərbaycanın apardığı siyasət, ölkə prezidenti İlham Əliyevin Dağlıq Qarabağ kursudur".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq elxan Şahinoğlu isə bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi qapalı görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməliydi: "Prezidentlər yekun mətbuat konfransında bu haqda bir söz demədilər. Bundan sonra maraqlı səfər turlarına start verildi. Ərdoğanın səfərindən bir gün sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya çağırıldı, iki gün sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya paytaxtına getdi. Daha sonra Sergey Lavrov həm Bakıda, həm də İrəvanda olacaq. Qəribə səfər və görüş trayektoriyası deyilmi? Moskvada ayrı-ayrılıqda görüşdüyün nazirlərlə iki gün sonra yenidən Bakı və İrəvanda niyə görüşəsən ki?"

Politoloq hesab edir ki, burada bizans bicliyi var: "Bütün bu kombinasiyaların bizə xeyri olacağını düşünmürəm. Təsadüfi deyil ki, prezident İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyi ilə bağlı keçirilən tədbirdə Lavrovun səfəri öncəsi "Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq" fikrini səsləndirməyə ehtiyac duydu".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından qrup nəzdində Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





16.11.2017    çap et  çap et