525.Az

"Təxəllüsümü yaradıcılığımla doğrultmağa çalışıram"


 

NAMİQ MƏNA: "ƏDƏBİYYAT SAHƏSİNDƏ FƏALİYYƏT ÜÇÜN SAVADIMA, İSTEDADIMA VƏ POTENSİALIMA ARXAYINAM"

"Təxəllüsümü yaradıcılığımla doğrultmağa çalışıram"<b style="color:red"></b>

- Poeziya ilə tanışlığınız nə zamandan başlayıb?

- Özümdə şeirə həvəsi 8-10 yaşımdan hiss etmişdim. Eyni zamanda, musiqi duyumum da yaxşı idi. Ancaq poeziyaya olan həvəsim məni şeir yazmağa vadar elədi. Təbii ki, uşaq təfəkkürü ilə yazılmış cızma-qaraya şeir demək olmaz. Sonradan ədiblərimizi mütaliə etməyə, bu sənəti daha dərindən öyrənməyə başladım. Onları oxuduqca hiss edirdim ki, yazdıqlarım bu əsərlər qarşısında məna etibarilə çox cılızdır. Yadımdadır ki, 6-7-ci sinifdə oxuyanda Nizami Gəncəvinin "Sirlər xəzinəsi"ni mütaliə edərkən bir hissə mənə çox təsir etmişdi. Orda deyilirdi: 

Deyirlər, çox şadmış gənc bir müqəssir
Dara çəkilərkən boynunda kəndir.
Dostlardan birisi verdi bir sual:
"Az qalıb ömrünə, bəs nədir bu hal?"
Dedi: "Son nəfəsdir, ömrüm qalıb az,
Az ömrü kədərlə keçirtmək olmaz". 

Bunu oxuyandan sonra düşündüm ki, mənim yazdıqlarım həqiqətən də söz yığınıdır. Çalışırdım ki, o fikirləri mənimsəyim. Onları oxuduqca sözə qarşı həssaslığı, sözlə davranmağı, az sözə böyük mənalar sığdırmağın yollarını öyrəndim.

- Ancaq şeiri təkcə yazmaqla kifayətlənmədiniz, bədahətən də deməyə başladınız...

- Bəli, çox qədim köklərə malik bədihəyə, yəni bədahətən şeir söyləməyə də uşaqlıqdan həvəsim olub. Görürdüm ki, bu, məndə alınır. Əgər alınırdısa, niyə də məşğul olmayaydım? Araşdırma apararkən öyrəndim ki, əvvəllər də "məclisi-şüəralar" keçirilər, şairlər bir araya gəlib şeirləşərmişlər. Bu, forma etibarilə dəyişsə də, mahiyyətcə gəlib müasir zamanımıza da çıxıb. Hətta bir az da inkişaf edərək el şənliklərinə, konsertlərə, tədbirlərə də "ayaq açıb". Vahidin səs yazılarını, köhnə lentləri dinləyəndə bildim ki, Cəfər Cabbarlı, Səməd Vurğun da məclislərdə bədahətən şeirlər söyləyiblər. Bu cür faktlarla qarşılaşdıqca, oxuduqca daha da həvəslənirdim, marağım artırdı. Mənim yaradıcılığımın 30 ilə yaxını da məhz bu janrla bağlıdır. Eyni zamanda, yazılı ədəbiyyatda da istər heca, istər əruz vəznində yazılmış şeirlərim var.

- Adətən, bu sənətin nümayəndələri təxəllüs kimi öz bölgələrinin adlarını seçirlər. Sizdə isə fərqlidir. Təxəllüsünüzlə poeziyanız bir-birini tamamlayırmı?

- Hələ İncəsənət Universitetinin birinci kursunda oxuyarkən Novruz şənliyində bayrama aid bədahətən gördüklərimi söylədim. Fəlsəfə müəllimim Kazım müəllim auditoriyada mənə dedi ki, sən o şeirləri necə deyirdin, əzbərləmişdin? Dedim, xeyr, bədahətən deyirdim. Soruşdu ki, təxəllüsün varmı? Dedim yox. Dedi, sən olduqca mənalı sözlər deyirsən, elə Namiqin yanına Məna təxəllüsünü götür. Təxəllüsün ağırlığı bir az məni qorxutdu. Ancaq müəllimim dedi ki, qorxma, yavaş-yavaş doğruldarsan. Beləcə, o vaxtdan bu təxəllüsü bütünlüklə doğrultmağa çalışıram. Nə qədər bacardığımı isə tamaşaçılar, dinləyicilər deyə bilər. Bölgələri ayırmağı sevmədiyim üçün o adları təxəllüs götürmək xarakterimə yad idi.

- Meyxana, yoxsa bədihə?

- Bu janrın tarixi kökləri qaynaqlara istinadən hətta IV əsrə qədər gedib çıxır. Biz buna sufi şeirində, eləcə də məsələn, "Nəsimi" filmində dərvişlərin də şeirində rast gəlirik. Sadəcə hər bölgənin özünəməxsus şeir forması olub. Məsələn, Qazax-Ağstafa bölgəsində bədahətən deyilən bu şeirə "qım-qıma" deyərdilər. Yəni mahiyyət eynidir, sadəcə bölgələrə görə adlar fərqlidir. Qım-qıma da, bayatı da, bədihə də şifahi xalq ədəbiyyatın bir növüdür. Abşeronda qorunub-saxlanmış bu bədihə janrı Sovet dövründə meyxanalara sürükləndi. Çünki bədihəçilər daha çox ictimai problemləri, xalqın problemlərini qabardırdılar, dilə gətirirdilər. Ona görə də onu gözdən salmaq üçün spirtli içkilərlə əlaqələndirməyə çalışır, bunu küçə folkloru kimi qələmə verirdilər. Manaf Süleymanovun "Oxuduqlarım, eşitdiklərim, gördüklərim" əsərində qeyd olunur ki, ingilis qoşunları Bakını tamamilə tərk edib gedəndən sonra Bığlı Həsən Əli bəy bədihə deyirdi. Bədihə sözünə Nizami Gəncəvinin şeirində də rast gəlirik. "Mey" sözünü məcazi mənada işlətmək olar. Ancaq janrın kökü meyxana deyil, bədihədir.

- Bəs indiki dövrümüzdə bu janrın nümayəndələri olan sizlər şair kimi qəbul olunursunuzmu?

- Həzrət Əlinin belə bir kəlamı var ki, hər kəs öz dilinin altında gizlənib. Mən bütün məsuliyyətimlə deyirəm ki, bəli, biz şairlərik. Şair nə edir? Müəyyən qanun-qayda çərçivəsində şeirlər yazır. Biz isə həmin şeirləri bədahətən deyirik. Ona görə də biz bədihəçi şairlərik. "Poetik məclislər" kitabında şair Mirzə Bağır haqqında məlumatda belə bir cümlə var: "Mirzə Bağırın el şənliklərində dediyi bədihələr bir çox bədihəçi şairlərin söz yığnağından seçilirdi". Sadəcə bunu ictimaiyyətə daha da düzgün şəkildə çatdırmaq üçün müəyyən zaman lazımdır.

- Müsahibələrinizin birində demişdiniz ki, bu janrın müəllimi olmur. Bu, birbaşa istedada və mütaliəyə bağlıdır. Bəs, bəhrələndiyiniz şairlər necə, varmı?

- Bəhrələndiyim, oxuyub öyrəndiyim şairlər çoxdur. Şeyx Nizamidən, Füzulidən günümüzə qədər çoxlarını oxuyuram. Hər şairdə bir məziyyət, hər yazarda bir özəllik tapıram. Bu da təbii ki, mənim yaradıcılığıma təsirsiz ötüşmür.

- Bu janra göstərilən diqqət və qayğıdan razısınızmı?

- Müstəqillik illərimizdə yalnız bu sahəyə deyil, ümumilikdə incəsənətimizə, mədəniyyətimizə diqqət və qayğı artmağa başladı. Novruz şənliklərinin ən vacib, təntənəli məqamlarında çıxış etmişik. 26 gün Amerikada Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, muğam ifaçılarımız Bəyimxanım Vəliyeva, Təyyar Bayramovla birgə mədəniyyətimizin təbliğatı üçün konsert proqramlarımız olub. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən II Beynəlxalq Muğam müsabiqəsinin yekun konsertini aparmaq mənə həvalə olunmuşdu. Dəfələrlə müsabiqələr, layihələr həyata keçirilir. Bu da bu janra olan diqqət və qayğının təcəssümüdür.

- AYB ilə əlaqəli fəaliyyətinizlə bağlı son zamanlar müxtəlif fikirlər səsləndi. Bu barədə özününz nə deyərdiniz?

- Yaradıcı, təşəbbüskar insanların bu cür təşkilati işlərə cəlb olunmağı həmin sahədə canlanma yarada bilər. Mən də ədəbiyyat sahəsində fəaliyyət üçün savadıma, istedadıma və potensialıma arxayınam, özümü bu sahədə görürəm. Ancaq təbii ki, yekun qərar rəhbərliyindir. Düşündüyüm bir sıra tədbirlər, layihələr var artıq. Mən neçə illərdir ki, AYB-nin üzvüyəm. Bədihə janrı ilə məşğul olmaq o demək deyil ki, yazılı ədəbiyyatdan uzağam, peşəkar şair ola bilmərəm. Mən İncəsənət Universitetini bitirmişəm, uzun zamandır, şeiriyyatla məşğulam. Hər zaman xarakterimə uyğun davranmışam, öz adımı qoruyub saxlamağa çalışmışam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Yayılan xəbərlərdə insanlar mənim şəxsiyyətimə, yaradıcılığıma aid artıq-əskik söz deməmişdilər, sadəcə təyinatla bağlı düşüncələrini bölüşmüşdülər. Bilirəm ki, o insanların çoxu heç məni tanımır, yaradıcılığıma bələd deyillər. İstərdim ki, onlarla müəyyən ünsiyyətim yaransın, mənim intellektual səviyyəmlə, şeirlərimlə tanış olsunlar, sonra hansısa fikri səsləndirsinlər.

- Kitab nəşr etdirmək fikriniz varmı?

- Hörmətli akademik, millət vəkili Nizami Cəfərovun rəyi, Əmirxan Xəlilov və Firdovsi Cəfərsoyun redaktəsi ilə "Bədihələr" kitabı işıq üzü görüb. Orada özümlə bərabər, bu janrın davamçılarının da şeirləri yer alıb. İndi isə yeni bir kitab üzərində işləyirəm. Şeir mənimçün elə bir böyük məfhumdur ki, ona çox həssaslıqla, məsuliyyətlə yanaşıram. Çox güman ki, yaxın zamanlarda yeni kitabım çap olunacaq.

Şahanə MÜŞFİQ

 





16.11.2017    çap et  çap et