525.Az

"Silahlı Qüvvələr haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı


 

ZİYAFƏT ƏSGƏROV: "SİLAHLI QÜVVƏLƏRİN FƏALİYYƏTİNİN HÜQUQİ ƏSASINI AZƏRBAYCAN KONSTİTUSİYASI, ÖLKƏNİN TƏRƏFDAR ÇIXDIĞI BEYNƏLXALQ MÜQAVİLƏLƏR VƏ DİGƏR NORMATİV HÜQUQİ AKTLAR TƏŞKİL EDİR"

"Silahlı Qüvvələr haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı<b style="color:red"></b>

Noyabrın 16-da Milli Məclisin (MM) müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

MM sədrinin birinci müavini, adıçəkilən  komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib. İclasda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi barədə müzakirələr aparılıb. Z. Əsgərov bildirib ki, bu qanun Azərbaycan  Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir:

"Qeyd edək ki, Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan  Konstitusiyası, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycanın müvafiq qanunları ilə müəyyən edilir".

Bundan başqa, iclasda "1999-cu il 28 dekabr tarixində Vaşinqton şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş"in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi haqqında, "2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında məsələlər müzakirə olunub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Sonra müzakirə olunan bütün məsələlər MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





17.11.2017    çap et  çap et