525.Az

"Molla Nəsrəddin" jurnalının səhifələrindəki hikmət xəzinəsi


 

"Molla Nəsrəddin" jurnalının səhifələrindəki hikmət xəzinəsi<b style="color:red"></b>

"Molla Nəsrəddin" jurnalı nəşrə başladığı vaxtdan ictimai-siyasi hadisələri, xalqın həyatını, çətin və ağır yaşam tərzini bir güzgü kimi əks etdirmişdir.

Jurnalın mütərəqqi cəhətlərindən biri də ilk nömrələrdən başlayaraq Azərbaycan şifahi xalq ədəbiyyatına müntəzəm və geniş yer verməsi, atalar sözü və məsəllər, tapmacalar, bayatılar, laylalar, el nəğmələri və s. folklor janrlarından satirik şəkildə istifadədir. Təsadüfi deyildir ki, jurnalın 7 aprel 1906-cı ildə nəşr olunan birinci nömrəsində 22 atalar sözü oxuculara təqdim edilmişdir.
 
C.Məmmədquluzadə atalar sözünə yazdığı müqəddimədə deyirdi: "Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir. Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb məsəllərindən "Atalar sözü" namilə bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz oxuyub lazımi yerində onları dəstürəməl etsinlər". ("Molla Nəsrəddin", 1906 №1). Doğrudan da, mollanəsrəddinçilərin yaradıcılığında bu kimi ciddi janrlardan istifadə ilə uğurlu parodiya və perifrazaların yaradılması, bu ədəbi priyomla daha dərin ictimai-siyasi məzmun ifadə edilməsi böyük marağa səbəb olurdu.

Məsələn, "Eşşəyə gücü çatmır, müsəlmanı tapdalayır" atalar sözündə müsəlman-xristian münasibətləri, islam aləminin hüquqlarının tapdanması, "Atı atın yanına bağlasan, xan görüb deyər: birini bağışla mənə" mülkədar-kəndli münasibətlərini, hakim feodal quruluşunu ifşa edən əsl satirik parodiyalardır. "Tısbağa qınından çıxsa, abrozovannı olar" perifrazında milli adət-ənənələrdən, soykökündən uzaqlaşan, xaricdə təhsil alaraq əcnəbi dildə danışmağa üstünlük verən, əslində, heç bir elmə mükəmməl yiyələnməyən, xalqına faydası dəyməyən "ziyalı"lar  tənqid obyektinə çevrilirlər. Mollanəsrəddinçilər ezop manerasından ustalıqla bəhrələnərək atalar sözlərinə etdikləri parodiyaları jurnalda dərc olunan mətnə uyğunlaşdırır, yazılı ədəbiyyatla folklorun üzvi vəhdətini yaradırdılar. Bu cür situasiyalarda müəllif mövqeyi, onun mənfi personaja, hadisə və əhvalatlara satirik yanaşma tərzi ön plana keçir. Məs: "Çox yaşayan çox bilməz, çox yatan çox bilər", "Yuxulu baş salamat olar", "Müsəlmana gecə-gündüz birdir" perifrazları ilə müəlliflər müsəlman şərqində hökm sürən ətaləti, geriliyi, tənbəlliyi qabarıq şəkildə nəzərə çatdırır və satirik ittihamı daha da kəskinləşdirərək sarkazm yaradırdılar.

Jurnalda dərc edilən atalar sözlərinin əksəriyyəti felyetonların daxilində işlənmiş, onların məzmun və ideyasının açılmasında əsas vasitəyə çevrilmişdir. Bu baxımdan "Dədəm mənə kor deyib..." ("Babilər"), "Gəl əyri oturaq, düz danışaq" ("Humayun"), "Meşə çaqqalsız olmaz" ("Çaqqal"), "Öz gözlərində qılı görmüyüb, bizim gözümüzdə tiri görürlər" ("Dörd yüz qız"), "Qızım, sənə deyirəm, gəlinim, sən eşit" ("Qurddan çoban"), "Qız uşağının canı, qardaş çomağının qurbanı" (İran işləri")... kimi bitkin, müdrik atalar sözləri müəllif məqsədinin oxucuya çatdırılmasını asanlaşdırır, əsas tənqid hədəflərinin aşkarlanmasında mühüm rol oynayır.

"Molla Nəsrəddin"də atalar sözləri orijinaldan fərqli olaraq yeni məna çaları, üslub rəngarəngliyi yaradır. Jurnalın bitkin, lakonik və sınanmış el deyimlərinə müraciəti cəmiyyətdəki ictimai, siyasi və sosial bəlaların real mənzərəsini canlandırmaq və onların aradan qaldırılması yollarını göstərmək məqsədi daşıyırdı.

Atalar sözlərindən məharətlə istifadə edən mollanəsrəddinçilər xalq deyimlərinin bütün üslubi imkanlarından yerli-yerində yararlanmışlar. Atalar sözü öz poetik strukturunu, məna çalarını parodiyalar hesabına yeniləşdirə bilmişdir. "Bala baldan şirindir, qoyma oxuyub gözlərinin işığı getsin", "Borclu borclunun sağlığını istər, dəxi borc aldın vermə", "Lalın dilin molla bilər", "Mollaya plov de, Marağaya qədər yol de", "Xan arıxlayınca rəiyyətin canı çıxar" kimi atalar sözlərindəki sətiraltı eyhamlar parodiyanın satirik gücünü artırmış və ezop boyalarını tündləşdirmişdir.

Atalar sözləri bəzən müstəqil verilir, bəzən bir xəbərə, şeirə, felyetona əlavə olunur, bəzən də müəyyən karikaturanın mənasını aydınlaşdırırdı. Jurnalda verilmiş bir rəsmdə çarizmə yaltaqlıq etmiş, sonra da çar çinovniklərinin şallağı altında əzilən şəxslərin təsviri verilirdi. Təsvirin altında: "Hər nə salarsan aşına, o çıxar qaşığına" sözləri yazılmışdı.

Atalar sözünün sərlövhə, yaxud sərlövhədən sonrakı cümlə kimi işlədilməsi əsas məqsədə keçmək üçün bir vasitə idi. "Bir əldə iki qarpız tutmaq olmaz" atalar sözünü sərlövhə seçən mollanəsrəddinçilər bədii mətnin əsas mahiyyətini onun adında funksionallaşdırır və bununla da oxucunun diqqətini birbaşa tənqid hədəfinə yönəltməyə nail olurdular.

"Molla Nəsrəddin"də atalar sözü ilə yanaşı onun şərhinə də rast gəlirik. "Atalar sözlərimizi təhlil" başlıqlı yazıda deyilir: "Atalar sözlərimizdən biri də: "Danışmaq gümüş olsa, danışmamaq qızıldır". Yəni sənə nə zülm etsələr, danışma, çünki Allah təala səbirli bəndələrini çox istəyir. Buna görə xanlar, şahlar, sultanlar və ağaların zülmlərinə danışmayıb səbr elə". Atalar sözlərinə verilmiş şərhlərdə də lazım gəlməyən yerdə səbirli olmaq, zülmə, haqsızlığa boyun əymək kimi mənfi hallar satirik tərzdə oxuculara çatdırılır və onları süstlükdən, fəaliyyətsizlikdən əl çəkməyə sövq edirdi.

Jurnalda "Hikmətli sözlər" başlığı altında silsilə yazılar verilirdi. Bu sözlər şifahi xalq ədəbiyyatından, Azərbaycan və dünya xalqlarının tanınmış mütəfəkkirlərinin müxtəlif mövzuda söylədiyi qiymətli müdrik kəlamlardan toplanıb jurnalda dərc edilirdi. Bəzən isə hikmətli sözlər mollanəsrəddinçilərin özləri tərəfindən yaradılırdı. Bu müdrik deyimlərdə ciddi fikirlərlə yanaşı, həm də dərin istehza, kinayə də üstünlük təşkil edirdi.

Jurnalda azərbaycanlıların dilindən səsləndirilən hikmətli sözlərdə gerilik, cəhalət, nadanlıq kimi neqativ halların çoxluğu qabarıq şəkildə nəzərə çarpır və ifşa üsulunu kəskinləşdirir:

"Özgənin toyunda sazanda haramdır, öz oğlunun ad qoyulan günü zurna-qaval halal" (Qafqayda Molla İsmayıl).

"Özün bir iş görmə, görənləri də bəyənmə" (Bir hacı).

"Düşmən bir tərəfdə bağrımızı yaranda, sən də o tərəfdən başını yar" (Köhnə müsəlman).

Belə hikmətli sözlərdə daha çox fanatizm, cahillik, savadsızlıq kimi cəmiyyətə mənəvi zərbə vuran mənfi hallar satirik parodiyalarla, ezop dili ilə gülüş obyektinə çevrilir.

"Hikmətli sözlər" başlığı altında verilmiş kəlamların əksəriyyətində dini fanatizmin ifşası, müsəlman aləmindəki cahilliyə, elmsizliyə, ətalətə çağırış motivləri və bu kimi mənfi hallara meyl etmə tendensiyası pislənilirdi: "Hər oxuyan Molla Pənah olmaz, amma hər minbərə çıxan molla olar", "İnsanın şərafəti nə elmlədir, nə ədəblə, məhz pul ilədir". (Hikmətli sözlər. "Molla Nəsrəddin", 1913, №22, səh.7). Qadın azadlığına xüsusi önəm verən "Molla Nəsrəddin" jurnalı hikmətli sözlərdə bu problemə də geniş yer vermişdir: "Arvadı döyəndə gərək elə döyəsən ki, başmaqlarını qoyub ayaqyalın qaça küçəyə", "Cahil arvad alanda qoca arvadını boşama, qoy, cahilə gözətçi olsun", "Yazı bilən arvaddan qaç", "İstəkli arvad çox döyülər" (Hikmətli sözlər. "Molla Nəsrəddin", 1914, №22, səh.6) kimi hikmətli sözlərdə qadınlara kölə kimi baxılması, qadın hüquq və azadlıqlarının boğulması, onların ağır işgəncələrə məruz qalması, elmdən, təhsildən uzaqlaşdırılması halları qəzəblə qamçılanır.

Mənasız sözlər həcmcə yığcam, lakonik, bitkin, sadə və mürəkkəb konstruksiyalı satirik cümlələrdir. Mollanəsrəddinçilərin özləri tərəfindən yaradılan bu ədəbi formada dərin satirik ittiham, fikri sərrast hədəfə vurma və güclü sarkazm vardır. Jurnalda xeyli yer tutan bu ifadələr mövzuca zəngin, orijinal və düşündürücüdür. Rubrikaya qəsdən, bilərəkdən bu adı verən mollanəsrəddinçilər ilk baxışdan boş, mənasız, cəfəng görünən bu deyimin arxasında çox ciddi problemlərin dayandığını oxucuya çatdırmaq istəmişlər. Bu yığcam satirik deyimlərdə dövrün spesifikasını əks etdirən çatışmazlıqlar, ictimai-siyasi, ideoloji, ədəbi-mədəni, elm, təhsil, mənəvi-əxlaqi problemlər, ailə-məişət məsələləri öz əksini tapmışdır.

Mənasız sözlər adlandırılan bu rubrikanın hər bir sözündə, cümləsinin alt qatında böyük mətləblər, ibrətamiz fikirlər gizlənir. Məs: "Şair var şeirini öyrənərlər, şair var şeir öyrədərlər", "Təftiş komisyonu bir idarəni yıxa da bilər, düzəldə də bilər" və s.

Hakim ideologiyanın yanlış siyasəti, cəmiyyətdəki sosial ədalətsizliklər, savadsızlıq, dini xurafat, xalqın mənafeyinə zidd qüvvələrin pozuculuq fəaliyyəti və s. mənasız sözlərin ana xəttini təşkil edir.

Mənasız sözlər bitkinliyinə, lakonikliyinə görə atalar sözləri və hikmətli sözlərə oxşardır. Lakin atalar sözlərindəki məna tutumu, əsrlərin sınağından keçərək böyük həyat təcrübəsinə söykənə bilmə xüsusiyyəti və gəlinən nəticə, qənaət tarixlə bağlı olduğu halda, mənasız sözlərdə mövcud quruluşdakı reallıqlar, hal-hazırda davam edən problemlər ön plana çəkilir. Atalar sözlərindən fərqli olaraq, burada satirik gülüş, sətiraltı eyham, hadisə haqqında birbaşa deyil, dolayısı ilə işarə etmə, fikri parodoksallıq, təzadlar aparıcı rol oynayır.

Hikmətli sözlərlə mənasız sözlərin forma oxşarlığı olsa da, məna fərqlərində ikili cəhət özünü göstərir. Çünki hikmətli sözlərin xeyli hissəsi dahi şəxsiyyətlərə məxsus olduğundan onlar müəllifli və müsbət çalarları özündə əks etdirən həqiqi mənalı aforizmlərdir. Lakin mollanəsrəddinçilər tərəfindən parodiyalar şəklində yaradılan hikmətli sözlərin müəyyən bir hissəsi satirik ruhlu olduğu üçün mənasız sözlərə yaxındır.

"Mənasız sözlər" mövzu baxımından rəngarəngdir. Sərrast və yığcam cümlələrdən ibarət olan bu nümunələrdə hər bir sözün öz məna tutumu və çəkisi var. Buna görə də mollanəsrəddinçilər az sözlə böyük mətləbləri açıb göstərə bilmişlər. Problemin çoxluğu ona rəvac verənlərin satirik obrazlarının, tipik xarakterlərinin ortaya çıxmasına bədii zəmin hazırlayır və müxtəlif vəzifə sahiblərinin həm ümumi, həm də fərdi cizgilərini açmağa imkan verir, oxucunun diqqətini həmin səmtə yönəldir. Məs: "Türk dili öyrənmək istəyirsən, nə məktəb lazımdır, nə də müəllim. Ancaq idarələrin qapılarında yazılan elanları oxu" ("Molla Nəsrəddin", 1926, №22, səh.5), "Türkcə düz yazmaq və öyrənmək istəsən şəhərimizdəki nəşriyyatların hərəsinin bir kitabını oxu" ("Molla Nəsrəddin", 1926, №27, səh.7) kimi mənasız sözlərdə ana dilinə biganə münasibət tənqid hədəfinə çevrilir. "Əsl alim odur ki, heç bir şey bilməsin, hər şeydə də özünü alim hesab eləsin", "Bilmədiyini heç kimdən öyrənmə" ("Molla Nəsrəddin", 1926, №22, səh.5) perifrazlarında isə elmsiz, cahil, savadsız insanların ifşası sərtləşərək komizmdən sarkazma istiqamətlənir.

Gülbəniz BABAYEVA
Filologiya üzrə fəlsəfə doktoru

 





17.11.2017    çap et  çap et