525.Az

"Reket jurnalistika"nın əhatə dairəsi xeyli məhdudlaşdırılıb


 

MEDİA RƏHBƏRLƏRİ MƏTBUAT ŞURASININ HƏYATA KEÇİRDİYİ TƏDBİRLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİRLƏR

"Reket jurnalistika"nın əhatə dairəsi xeyli məhdudlaşdırılıb<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Mətbuat Şurası bu yaxınlarda adları "qara siyahı"ya salınması tövsiyyə edilən media orqanları ilə bağlı bəyanat yaymışdı. Buna səbəb noyabrın 8-də şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının keçirdiyi iclasından sonra İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyanın başladılması idi.

Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub ki, qurumun təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlanmaqda, müxtəlif sosial şəbəkələrdə paylaşılmaqda, real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilməkdədir.

Bildirilib ki, "qara siyahı"ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir.

Şuradan, eyni zamanda, qeyd edilib ki, mediada hədə-qorxu və şantajla müşayiət edilən yazılar və ya məqalələr qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayılır: "Buna görə də "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Komissiya rəyə gələrkən, həmçinin, peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şika-yət(lər) doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir".

Mətbuat Şurasının rəhbərliyi hesab edir ki, bütün bunlar "reket" sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün ciddi əsaslar yaradır.

Qurum həmin media orqanlarını xəbərdarlıqdan düzgün nəticə çıxarmağa dəvət edir.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir: "Qurumun fəaliyyət prinsipləri medianın saflaşdırılması, jurnalistlərin peşəkarlığın artırılması, jurnalistikamızın beynəlxalq aləmə çıxış imkanlarının genişləndirilməsindən ibarətdir".

Mətbuat Şurasının yarandığı gündən bütün bu işləri diqqət mərkəzində saxladığını deyən V. Rəhimzadə bildirib ki, qurum, eyni zamanda, mediaya yad ünsürlərin jurnalistikaya sirayət etməsi, qəbul olunmuş peşə davranış qaydalarına zərbə vurmaqla məşğul olan və "jurnalist" adına uyğun gəlməyən, bu sahədən bixəbər insanlarla da mübarizə aparır: “Mətbuat Şurası bu cür media orqanlarına qarşı öz mövqeyini bildirir, tərtib etdiyi "qara siyahı"ya onların adlarını daxil edir”.

Qurumun "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sonuncu iclasında 9 media orqanının adının "qara siyahı"ya salınmasının tövsiyə olunduğunu xatırladan baş redaktor qeyd edib ki, cəmiyyət mənəvi terrorla məşğul olaraq öz çirkin niyyətlərini həyata keçirməyə çalışanları jurnalistikadan təmizləmək, mətbuatımızı saflaşdırmaq lazımdır.

V.Rəhimzadənin sözlərinə görə, Mətbuat Şurasının çıxardığı qərarlar ictimai qınağa söykənir: "Bəzən antiazərbaycan dairələrin əlində alətə çevrilən bu qruplara qarşı hüquqi çərçivədə qiymət verilməlidir".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Mətbuat Şurası və onun "Reket jurnalistika"ya qarşı mübarizə və Şikayətlər üzrə komissiyalarının fəaliyyəti fasiləsiz və sistemli xarakter daşıyır: "Artıq 10 ilə yaxındır ki, "Reket jurnalistika"ya qarşı ciddi mübarizə aparılır. Ortada böyük nəticələr var. Mətbuat Şurasının "Reket jurnalistika"yla məşğul olan media orqanlarıyla bağlı xüsusi "qara siyahı"sı mövcuddur. Vaxtaşırı olaraq, həm müvafiq dövlət qurumları, həm də biznes strukturlarına siyahıya adları düşən kütləvi informasiya vasitələriylə bağlı məlumatlar göndərilir".

A.Quliyev hesab edir ki, Mətbuat Şurası "reket jurnalistika" ilə məşğul olan media orqanlarının fəaliyyətini xeyli məhdudlaşdırıb: "Təəssüf ki, hələ məsələni kökündən həll etmək mümkün olmayıb. Düşünürəm ki, həm Mətbuat Şurası, həm də müvafiq dövlət orqanlarının atacağı addımlar nəticəsində bu problemi birdəfəlik aradan qaldırmaq mümkün olacaq".

Baş redaktorun sözlərinə görə, "reket jurnalistika" həm dövlətə, həm də cəmiyyətə ziyan vurur: "Bu ünsürlər ciddi media orqanlarınına adına müəyyən dərəcədə xələl gətirir. Çünki ictimaiyyət "reket jurnalistika"yla məşğul olan media orqanları ilə ciddi kütləvi informasiya vasitələrini ayırmağa müəyyən qədər vaxt sərf etməli olur. Ona görə də mətbuatımızdakı bu ciddi bəla ilə mübarizə davam etməlidir və etdiriləcək".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, Mətbuat Şurası "reket jurnalistika"ya qarşı mübarizədə öz üzərinə düşən missiyanı yerinə yetirir: "Bu məsələdə ictimai qınaq nə qədər effektiv görünürsə, bir o qədər də problemin həllinə təsir etməyi bacarıb".

Medianın spektrının genişləndiyini deyən baş redaktor bildirib ki, internet resursları və sosial şəbəkələr artıq insan həyatının əhəmiyyətli hissəsini qəsb edib: "Ona görə də bu istiqamətdə müəyyən tənzimləmə mexanizmlərinin həyata keçirilməsinə ehtiyac var".

E.Mirzəbəylinin sözlərinə görə, şübhəsiz ki, Mətbuat Şurası hüquqi tədbirlər həyata keçirə bilməz: "Lakin sözügedən qurumun çevik qərarlar qəbul etməsi, əlində müəyyən təsir mexanizmlərinin olması üçün müvafiq addımların atılmasına zərurət yaranıb. Bunun qanunvericilik və ya başqa çərçivədə ediləcəyini deyə bilmərəm. İndiki halda bu prosesdə Mətbuat Şurasının rolunu artırmaq və ona ciddi dəstək vermək lazımdır".

"Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli isə hesab edir ki, Mətbuat Şurasının "Reket jurnalsitika"ya qarşı mübarizədə atdığı addımlar, gördüyü işlər olduqca zəruri əhəmiyyət kəsb edir: "Bu istiqamətdə işlər sistemli və davamlı olmalıdır. İnsanların hüquqi azadlıqları məhdudlaşdırıla, şərəf və ləyaqətləri alçaldıla bilməz. Buna qəti yol vermək olmaz".

Ölkədə mətbuat azadlığının mövcud olduğunu deyən E.Həsənli bildirib ki, dövlət kütləvi informasiya vasitələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi, internet resurslarından geniş şəkildə istifadə olunması üçün hər cür şərait yaradıb.

Əvvəllər çap mediasında da bu cür ünsurlərə rast gəlindiyini bildirən baş redaktor qeyd edib ki, hazırda "reket jurnalistika" internet mediaya keçid edib: "Həmin qruplar ayrı-ayrı şirkət rəhbərlərini, vəzifəli şəxsləri şantaj edir, onlar haqqında günlərlə əksər hallarda qərəzli, qeyri-obyektiv, həqiqətə uyğun olmayan yazılar hazırlayır, məqalələrlə çıxışlar edirlər".

E.Həsənli vurğulayıb ki, Mətbuat Şurası bu cür faktları araşdırır və müvafiq dövlət qurumlarına məlumatlar verir: "Qurumun "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında məsələlər tam araşdırıldıqdan sonra müvafiq qərarlar verilir".

Baş redaktorun sözlərinə görə, Azərbaycan mətbuatı jurnalist peşəsinə ləkə gətirən qruplardan azad olunmalıdır: "Ölkəmizin ziyalıları, deputatlar, QHT rəhbərləri, hüquq-mühafizə orqanları, hər kəs vahid mövqedən çıxış edərək, demokratiya pərdəsi altında qərəzli, qeyri-obyektiv fəaliyyət göstərən qrupların media şəbəkəsindən çıxarılmasına nail olmalıdır".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, jurnalistika daim inkişafda olan, cilalanan sahədir. O, SİA-ya bildirib ki, intellektin, yaradıcılığın sonu yoxdur və bu proses hansı cəmiyyətdə sürətlə gedirsə, o cəmiyyətdə inkişaf müşahidə olunur: "Jurnalistika, mətbuat hər bir dövlətin intellektual brendlərindən biri hesab olunur. Media cəmiyyəti fikir istehsalı ilə təmin edir. Jurnalistika cəmiyyətdə ictimai münasibətləri yaratmaqla yanaşı, kütləvi maarifləndirmənin keyfiyyətini müəyyənləşdirir. Çünki mətbuatın cəmiyyətə təqdim etdiyi intellektual məhsullar cəmiyyət tərəfindən mənimsənilir, ayrı-ayrı fərdlərin düşüncələrində, davranışlarında dünya görüşlərində yeni keyfiyyət dəyişikliyi yarada bilir. Biz arzu edirik ki, jurnalistika sözü ilə "reket" sözü bir arada işlənilməsin və ən qısa müddətdə Azərbaycan jurnalistikasının keçmişi hesab olunsun. Bu istiqamətdə işlər aparılır".

Baş redaktorun sözlərinə görə, "reket jurnalistika"sına qarşı bir neçə mübarizə metodları var və hazırkı mərhələdə Azərbaycan ən effektiv metod olan onların ictimai qınaq və ictimai institutlar vasitəsilə cəzalandırılmasından istifadə edir: "Əslində, Azərbaycanda "reket jurnalistika"sının sıradan çıxarılması üçün çox böyük yol qət edilib. Belə jurnalistika 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos mühiti yaradılan zaman meydana çıxıb. Çox təəssüf ki, hələ də o dövrün fəsadlarından əziyyət çəkirik. Amma hər halda görünür belə bir məsələ bütövlükdə jurnalistikanın xarakterində var. Bəzən bizim transmilli media kimi səciyyələndirdiyimiz jurnalistikanın davranışlarında da buna bənzər elementlər hiss edirik. Hətta ən nüfuzlu media orqanları tərəfindən buna bənzər addımlar atılır. Misal üçün, dövlət başçıları şantaj edilir, liderlər və ya ayrı-ayrı dövlətlər haqqında böhtan xarakterli yazılar yazırlar. Düzdür, buradakı münasibətlərdən əldə olunan dividentlər maliyyə olmasa, hər halda bu cür yazılar böyük dividentlərin əldə olunmasına hesablanıb. Belə olan halda, görünür, biz bundan tam şəkildə xilas ola bilməyəcəyik".

"Reket" jurnalistlərə qarşı cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, Milli Məclisin deputatı bildirib ki, əgər hüquq pozuntusu varsa, orada cəza mexanizmi tətbiq olunmalıdır və bu, hər bir dövlətin başlıca funksiyasından biridir: "Azərbaycanda da insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra qanunlar qəbul edilib. Onların təmin olunması ilə əlaqədar hüquq sistemi işlək mexanizmə sahibdir. Lakin bütün hallarda, insanları islah etmək, bir qədər doğru deyil. Çünki Azərbaycan prezidentinin hüquq sistemi ilə bağlı müəyyənləşdirdiyi siyasət cəza hüququnun humanistləşdirilməsinə söykənib. Bildiyiniz kimi, bu yaxınlarda bununla bağlı xüsusi addımlar atıldı. Bu baxımdan, düşünürəm ki, islah etmək sonuncu cəza olaraq nəzərdən keçirilə bilər. Amma hər halda cəmiyyət elə insanlar yetişdirməlidir ki, onlar  belə münasibətləri könüllü sürətdə rədd etsinlər. Bu, bir qədər uzunmüddətli olsa da, lakin ən effektiv prosesdir".

Ceyhun ABASOV

 





17.11.2017    çap et  çap et