525.Az

Yunanıstan səfiri Neft Məktəbində


 

Yunanıstan səfiri Neft Məktəbində<b style="color:red"></b>

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən 525.az-a verilən məlumata görə, səfir və onun rəhbərlik etidyi nümayəndə heyəti Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrilə görüşüb.

Rektor Elmar Qasımov səfiri və səfirliyin digər nümayəndələrini Ali Məktəbdə gördüyünə şad olduğunu bildirərək qonaqları salamlayıb və Kanellosu uzaqgörən diplomat, peşəkar rəssam və gözəl yazıçı kimi tədbir iştirakçılarına təqdim edib.

Daha sonra rektor Azərbaycan və Yunanıstanın təhsil sahəsində olan uğurlu əməkdaşlığını qeyd edərək bilidirb ki, BANM-in bu il 5 nəfər tələbəsi hazırda Afina şəhərində yerləşən Pirey Tətbiqi Elmlər İnstitutunda təhsil alır və növbəti ilin fevral ayında daha 5 tələbənin göndərilməsi nəzərdə tutulur.

Görüş zamanı Kanellos tədbir iştirakçılarına iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb. Həyatının 29 ildən çoxunu vətəndən kənarda yaşayaraq fəaliyyət göstərən diplomat şəxsi inkişafdan, lidelikdən, yaradıcılıqdan danışıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib.

Görüş zamanı BANM tələbələri səfirin şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərərək ona çoxsaylı suallar ünvanlayıblar və bu marağın qarşılığında səfir tələbələrə “Nikos D.Kanellos Paintings” adlı rəsm əsərlərinin yer aldığı kitabı imzalayaraq hədiyyə edib.

Sonda E.Qasımov N.Kanellosa Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

 





20.11.2017    çap et  çap et