525.Az

“İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı bolqar dilində


 

“İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı bolqar dilində<b style="color:red"></b>

Noyabrın 17-də Sofiyada görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın bolqar dilinə tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı olub.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və diplomatik nümayəndəliyin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda çıxış edən səfir Nərgiz Qurbanova arxeoloji abidələrlə zəngin olan ölkəmizin dünya sivilizasiyasının qədim məskənlərindən biri olduğunu qeyd edib.

Səfir ölkəmizin tarixən tolerantlıq nümunəsi, mədəniyyətlər və sivilizasiyalararası dialoq diyarı kimi tanındığını vurğulayaraq ölkəmizdə müxtəlif dinlərin qarşılıqlı hörmət və sülh şəraitində mövcud olduğunu, həmrəylik nümayiş etdirdiyini söyləyib.

N.Qurbanova 1918-ci il mayda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasını Azərbaycan tarixinin parlaq səhifələrindən biri olaraq qiymətləndirib. Səfir mövcud olduğu qısa dövr ərzində AXC hökumətinin dövlətçilik və milli quruculuğun inkişafı prosesində mühüm addımlar atması barədə məlumat verib.

N.Qurbanova Azərbaycan tarixinin faciəli məqamlarından olan Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər boyu həll edilməməsini təəssüf hissi ilə qeyd edib. Sözügedən münaqişənin Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycan ərazisinin beşdə birinin işğalı, ölkəmizdə hər on şəxsdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə nəticələndiyini deyən N.Qurbanova bütün bunlarla yanaşı Azərbaycanın mədəni irsi və mülki infrastrukturunun əvəzolunmaz itkilərə məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə 4 qətnamə qəbul edildiyini xatırladaraq beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı hərbi gücün istifadəsi, ərazilərimizin işğalını davamlı olaraq qınadığını vurğulayıb.

N.Qurbanova bolqar dilində Azərbaycan tarixi barədə ilk fundamental əsər olan məşhur Avstriya tarixçisi E.Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının ərsəyə gəlməsində Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik T.Enevin töhfəsindən danışıb və ona təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycanda hələ 5000 il bundan əvvəl yaranmış ilk dövlətlər, 237 il hökmranlıq etmiş Səfəvilər İmperiyası, müsəlman şərqində ilk demokratik respublika olan AXC, İkinci Dünya Müharibəsində SSRİ-nin qələbəsində mühüm rol oynamış Bakı nefti barədə məlumat verib. O, əlavə edib ki, müsəlman şərqində ilk opera və operettanın əsası da məhz Azərbaycanda qoyulub. E.Fayqlın “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” əsərinin əhəmiyyətindən bəhs edən Y.Mahmudov qeyd edib ki, kitab Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Deputat, həmçinin, I Pyotrun göstərişi ilə ermənilərin Qafqaza köçürülməsi, İrəvan quberniyasının yaradılması, 1918-ci ildə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırımı hadisələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Kitabın tərcüməçisi Bolqarıstanın Ehtiyatda olan zabitlər və serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev bildirib ki, onun dostları arasında azərbaycanlılar olduğu kimi, ermənilər də var. Lakin ermənilərin tarixi olduğu kimi yox, özlərinə sərf edən kimi təqdim etməsi onu bu kitabı tərcümə etməyə vadar edibr. T.Enev kitabda ermənilərin Qafqaza köçürülməsinin faktlarla sübut olunduğunu, onların törətdiyi cinayətlərin oxucuya təqdim olunduğunu bildirib. O qeyd edib ki, əgər erməni siyasətçilər öz fantasmaqoriyalarından, tarixin saxtalaşdırılmasından əl çəksələr və azərbaycanlı həmkarlarına əl uzatsalar, mehriban qonşular kimi müharibəsiz və qurbansız yaşaya bilərlər.

Sözügedən kitabın redaktoru Solmaz Süleymanova çıxış edərək redaktoru olduğu kitabın bolqar dilinə tərcümə edilməsinin tarixi barədə qısa məlumat verib və kitabın bolqar xalqına həqiqi Azərbaycan tarixini öyrənməyə imkan yaratdığını söyləyib. Kitabın bolqarlar arasında öz oxucularını əldə edəcəyinə ümid etdiyinə bildirən S.Süleymanova kitabın ölkəmiz üçün əhəmiyyətindən bəhs edib.

C.ABASOV

 





21.11.2017    çap et  çap et